Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Folklor İnstitutunun əməkdaşlarının məqalələri Türkiyədə nəşr olunan kitabda yer alıb
22.08.2022 09:46
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşlarının məqalələri Türkiyədə nəşr olunan kitabda yer alıb

Bu günlərdə əsərləri dünyanın əllidən çox dilinə çevrilmiş şair Məmməd İsmayılın adına Türkiyədə kitab çap olunub.

“Prof. Dr. Mehmet İsmail Armağanı” adlı kitabda şair, yazıçı və elm adamlarının Məmməd İsmayıla həsr olunmuş  şeirləri, xatirə yazıları və elmi məqalələr yer alıb.  Onun  poeziyası  milli ruhu daşıyan, türklük düşüncəsini məfkurə bilən insanlara daha çox doğmadır. Poetik irsi xüsusi özəlliyə malik olan şair Azərbaycan intellektual ədəbiyyatının yaradıcılarından biridir. Şairin poeziyası xəlqi mahiyyət daşısa da, daha çox milli ziyalı çevrəsinə ünvanlanıb. Çünki milləti millət edən onun qabaqcıl ziyalıları, fikir və düşüncə insanlarıdır. Şəxsiyyəti və yaradıcılığı, özü və sözü bir olan Məmməd İsmayıl ədəbiyyata gəldiyi ilk gündən bu günə qədər qədər bu bütövlüyü və harmoniyanı qoruyub, özünü də, sözünü də millətin könül dünyasında qazandığı böyük sevgi və sayğı ilə yaradıcılığının ilk dövründən təsdiqləyib. Məmməd İsmayılın sözü xalq ruhunun çırpıntısını, ürək döyüntüsünü öz ritmində və intonasiyasında ifadə edən ən mükəmməl nümunələr kimi seçilir. 

Kitabda AMEA-nın Folklor İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları, dosentlər Atif İslamzadənin “Dədə Qorqud kitabında bir yer olaraq Türküstan”, Aynur İbrahimovanın “Məmməd İsmayıl şeirinin folklor qaynaqları”, İlhamә Qəsəbovanın “Məmməd İsmayıl yaradıcılığı funksional üslub sistemində” və Xәyalә Ağayevanın “Məmməd İsmayıl yaradıcılığında vətən mövzusu” başlıqlı məqalələri də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

 

  • Paylaş: