Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyinin arxeoloji kolleksiyasında qoç formalı riton qorunur
24.08.2022 09:47
  • A-
  • A
  • A+

Tarix Muzeyinin arxeoloji kolleksiyasında qoç formalı riton qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında Azərbaycan xalqının zəngin maddi və mənəvi mədəniyyətini özündə əks etdirən materiallar qorunur.

Belə nümunələrdən biri də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Antik dövr üzrə Lerik-Yardımlı arxeoloji ekspedisiyasının rəisi, t.ü.f.d. Ceyhun Eminlinin rəhbərliyi ilə 2020-ci ilin çöl-tədqiqat mövsümündə Yardımlı rayonu, Urakəran kəndindəki Bilgəh antik dövr qəbirstanlığında aparılan qazıntılar zamanı tapılmış qoç formalı ritondur. Riton üç ayaqlı olub (bir ayağı qırıqdır) gövdəsi oval formalıdır. Buynuzları olub, amma qırılıb. Boynun dibi və heyvanın başına doğru boyun üzəri dərin çərtməli xətlərlə bəzədilib. Qabın üzəri şüyrələnib. Gövdənin üzəri ilə ağzın kənarına birləşən qoşa çubuqlu qulpu var. Qulpun üzəri dərin çərtmələrlə bəzədilib. Qulp çubuqlarının birləşən hissəsində isə iki yapma düyməcik var. Birmənalı şəkildə deyə bilərik ki, riton formasına görə digər nümunələrdən seçilir.

Tədqiqatçı alim C.Eminli ritonun dövrünü b.e. I-II əsrlərinə aid edib. 2021-ci ildə daimi mühafizə məqsədilə muzeyə təhvil verilmiş ritonun əhəmiyyətinə gəldikdə isə, bu qab Azərbaycanın, xüsusilə də cənub bölgəsinin antik dövr dulusçuluğu və mənəvi mədəniyyəti ilə bağlı mövcud təsəvvürləri bir qədər də dərinləşdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: