Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mobil hesablama buludlarında məsələlərin paylanması üçün optimallaşdırma modeli işlənilib
02.09.2022 14:02
  • A-
  • A
  • A+

Mobil hesablama buludlarında məsələlərin paylanması üçün optimallaşdırma modeli işlənilib

Mobil hesablama buludlarında (MHB) son dövrlərdə mobil istifadəçilərin sayının sürətlə artması, bulud serverlərin uzaqda olması və İnternet şəbəkəsinin yüklənməsi emal olunan məlumatların istifadəçiyə çatdırılmasında böyük gecikmələrə səbəb olur.

Bu barədə “Mobil hesablama buludlarında məsələlərin paylanması üçün optimallaşdırma modeli” (“An Optimization Model for Task Scheduling in Mobile Cloud Computing”) adlı məqalədə bəhs olunur. Məqalə nüfuzlu “International Journal of Cloud Applications and Computing” (IJCAC) jurnalında nəşr olunub.

İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun  müəllifi olduğu tədqiqatda qeyd olunub ki, mobil qurğularda resurs qıtlığını, enerji sərfiyyatını və əlaqə kanallarında yaranan  gecikmələri aradan qaldırmaq üçün hesablama buludlarının uzaqda yerləşən serverlərini istifadəçiyə yaxın yerləşdirmək lazım gəlir. Əlaqə kanallarında gecikmələri və mobil qurğularda enerji sərfiyyatını azaltmaq üçün cloudlet əsaslı mobil hesablama buludlarından geniş istifadə edirlər.

İstifadəçilərin tətbiqi proqramlarının cloudlet çoxluğunda sürətlə yerinə yetirilməsini təmin edən ən uyğun cloudletin seçilməsi hələ də böyük bir problemdir. Məqalədə tətbiqi proqramların mürəkkəblik dərəcəsini (faylın tipi) nəzərə almaqla onların sürətli həllini təmin edən, hesablama məhsuldarlığı yüksək olan cloudletin seçilməsi strategiyası təklif edilib.

Eyni zamanda, məqalədə məsələnin istifadəçiyə yaxın cloudletdə həlli məsələnin cloudletə yüklənməsi, nəticənin istifadəçiyə çatdırılması və şəbəkədə gecikmə vaxtlarının azaldılması da göstərilib. İstifadəçilərin proqram təminatlarının cloudlet şəbəkəsində balanslı paylanmasının gecikmələrin azaldılmasını təmin etməsi qeyd olunub.

Məqalədə təklif edilən strategiya üçün mobil qurğularda enerji sərfiyyatını, məsələnin cloudletə yüklənməsi, nəticələrin əldə edilməsi, şəbəkədəki gecikmələrin azaldılmasını təmin edən və cloudletlərin yüklənmə dərəcəsini nəzərə alaraq tətbiqi proqramların cloudletlərdə optimal paylanmasının riyazi modeli təklif edilib.

Məlumat üçün bildirək ki, “International Journal of Cloud Applications and Computing” jurnalı "INSPEC", "SCOPUS" və s. kimi nüfuzlu bazalarda indeksləşir və referatlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: