Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin 70 yaşı tamam olur
06.09.2022 14:55
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin 70 yaşı tamam olur

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin 70 yaşı tamam olur.

Qurban Cəlal oğlu Yetirmişli 1952-ci il sentyabr ayının 4-də Gürcüstan Respublikasının Marneuli şəhərində аnаdаn оlmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişdir.

Qurban Yetirmişli 2000-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 2010-cu ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 2018-ci ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü  seçilmişdir.

Qurban Yetirmişli əmək fəaliyyətinə 1975-ci ildə AEA Geologiya İnstitutunda böyük laborant vəzifəsi ilə başlamışdır. 1977-78-ci illərdə “Geofiziki cihazqayırma” XKB-da mühəndis, 1978-1980-cı illərdə baş mühəndis vəzifələrində çalışmışdır. 1980-ci ildən AEA Təcrübi-Metodiki Geofiziki Ekspedisiyanın rəis müavini, 2000-2008-ci illərdə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində baş direktorun 1-ci müavini, 2008-ci il tarixindən isə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. 

AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin elmi fəaliyyətinin əsas istiqamətləri seysmologiyanın, seysmotomoqrafiyanın, geofizikanın, geodinamikanın, zəlzələ proqnozunun problemləri, seysmikliyin neft-qaz əmələgəlməsində müsbət rolu və palçıq vulkanlarının aktivliyinə seysmikliyin təsirinin öyrənilməsinə yönəldilmişdir. O, Azərbaycan ərazisinin seysmik rayonlaşdırılması və respublikanın iri şəhərlərinin mikrorayonlaşdırılması üzrə işlərin təşkilatçısıdır.

Qurban Yetirmişlinin bilavasitə rəhbərliyi altında Azərbaycanda ilk dəfə olaraq 84 telemetrik seysmik stansiya, 24 kosmik geodeziya GPS stansiyası, 25 maillik ölçən stansiya, 9 maqnitometrik, 4 qravimetrik və 6 seysmogeokimyəvi stansiyalardan ibarət nadir geodinamik monitorinq sistemi yaradılmışdır.

QurbanYetirmişli 201 еlmi əsərin (94-ü хаricdə çаp оlunmuşdur), 6 mоnоqrаfiyаnın  müəllifi, “Geofizika cildi” kitabının həmmüəllifidir.

Onun rəhbərliyi аltındа 4 fəlsəfə dокtоru və 2 elmlər doktoru hаzırlаnmışdır. Hazırda o, 6 fəlsəfə doktoru elmi rəhbəri və 7 elmlər doktorunun elmi məsləhətçisidir.

Qurban Yetirmişli “Azərbaycan ərazisində güclü zəlzələ episentrlərinin xəritəsi (427-2018-ci illər)”, “Azərbaycan Respublikası ərazisində məlum güclü zəlzələlərin pleystoseyst zonaları xəritəsi”nin, “Azərbaycan Respublikası ərazisində güclü zəlzələlərin başvermə ehtimalı xəritəsi”nin redaktoru, AMEA nəzdində RSXM-də ingilis dilində nəşr olunan "Azərbaycanda seysmoproqnostik müşahidələr kataloqu" elmi jurnalın baş redaktoru, “ANAS Transactions, Earth Sciences” jurnalının redaksiya heyətinin üzvü, 2018-ci ildən "Бюллетень Оренбургского научного центра УрО РАН", "Геология и геофизика Юга России", "Землетрясения Северной Евразии", "Российский сейсмологический журнал", Özbəkistan Respublikasının “Вопросы сейсмологии”, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəsmi nəşri olan “Türk Deprem Araşdırma Dərgisi” elmi jurnallarının redaksiya heyətinin üzvüdür.

QurbanYetirmişli Аzərbаycаn Sеysmоlоqlаr Assоsiаsiyаsının sədri, beynəlxalq elmi qurumların - AGU, ORFEUS, IRIS, EMSC, ESC-nin həqiqi üzvü, bir sıra beynəlxalq qrant layihələrinin rəhbəri, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki,  Geologiya və Geofizika İnstitutunun və AMEA-nın Yer Elmləri Bölməsinin elmi şuralarının üzvü, AMEA nəzdində RSXM-in Elmi-Texniki Şurasının sədridir.

QurbanYetirmişli 2003-cü ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanına, 2005-ci ildə “Tərəqqi” medalına, 2009-cu ildə Ulu Öndərin ictimai-siyasi fəaliyyətini təbliğinə, xeyriyyəçilik ənənələrinə, kütləvi informasiya vasitələri ilə əməkdaşlığına görə “Fəxri Media Diplomu”na, 2014-cü ildə “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına, 2015-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2016-cı ildə “Şərəfli ömür” Fəxri diplomuna, 2017-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının “Vernadski” adına medalına və “Təbiət elmləri üzrə Rusiya Akademiyasının inkişafına verdiyi töhfəyə görə” medalına, 2018-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının “Ekoloji Siyasət və Ətraf mühit” nominasiyasl üzrə 1-ci dərəcəli diplomuna, 2020-ci ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) münasibətilə yubiley medalına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Qurban Yetirmişlini yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: