Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz verib
16.09.2022 17:00
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

Görkəmli nizamişünas alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Xəlil Yusifli sentyabrın 15-də ömrünün 87-ci ilində vəfat edib.

Xəlil Həmid oğlu Yusifli 1935-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1961-ci ildən Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1962-1965-ci illərdə həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsinin aspirantı olmuş, sonra institutun həmin şöbəsində əmək fəaliyyətini davam etdirmişdir.

1967-ci ildə “Nizaminin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. 1969-cu ildə Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) baş müəllim vəzifəsində çalışmışdır. Həmin vaxtdan vəfatına qədər Gəncə Dövlət Universitetində Dünya və Azərbaycan ədəbiyyatı tarixindən dərs demişdir. 1987-ci ildə “Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə professor elmi adı almışdır.

2008-ci ildə dahi Nizami Gəncəvinin Gəncə Regional Elmi Mərkəzində (indiki AMEA-nın Gəncə Bölməsi) “Nizamişünaslıq” şöbəsi yaradılmış və Xəlil Yusifli həmin şöbəyə, sonra isə Nizami Gəncəvi Mərkəzinə direktor təyin edilmişdir.

Xəlil Yusifli 1961-ci ildən elmi fəaliyyətlə məşğuldur. Ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuşdur. “Nizaminin lirikası”, “Şərqdə İntibah və Nizami Gəncəvi”, “Nizami Gəncəvi: sələflər, xələflər” monoqrafiyaları bu tədqiqatın əsas nəticələrindən sadəcə bir hissəsidir. Bundan əlavə, Nizami Gəncəvi ilə bağlı çoxsaylı məqalələr yazıb nəşr etdirmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə latın qrafikalı əlifbaya keçidlə bağlı olaraq Nizami Gəncəvinin əsərlərinin yeddi cilddə çapa hazırlanması Xəlil Yusifliyə həvalə olunmuşdur.

X.Yusifli eyni zamanda bütövlükdə Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biridir. O, “Məhsəti Gəncəvi” adlı monoqrafiyanın, “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”, “Dünya ədəbiyyatı tarixi. (Antik dövr)” dərsliklərinin müəllifidir.

Həmçinin klassik ədəbiyyatın bir çox nümunələrinin tərcüməsi və tərtibi sahəsində də xeyli iş görmüşdür. M.Əvhədinin “Cəmşidin camı”, Arif Ərdəbilinin “Fərhadnamə”, Məhsətinin “Rübailər”, Nizaminin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin” və bir sıra başqaları da bu qəbildəndir.

O, ilk dəfə Həqirinin “Leyli və Məcnun” poemasını tərtib edərək geniş “Ön söz”lə nəşr etdirmişdir. Qazi Bürhanəddinin, Vidadinin, Vaqifin, Seyyid Əzim Şirvaninin, Sabirin, Zakirin, Hadinin əsərlərindən ibarət olan bu kitablar alimin elmi fəaliyyətinin genişliyindən xəbər verir. 

Xəlil Yusifli pedaqoji fəaliyyətə 1969-cu ildən o vaxtkı Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) başlamışdır. O, əvvəlcə Dünya ədəbiyyatı tarixi üzrə mühazirə və seminar dərsləri aparmışdır. Ancaq sonra elmi ixtisas sahəsi nəzərə alınaraq ona Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən mühazirə və seminarlar aparmaq həvalə olunmuşdur.

X.Yusiflinin bədii yaradıcılığı da onun elmi ixtisas sahəsi ilə bağlıdır. O, klassik Azərbaycan ədəbiyyatının bir çox nümunələrini mənzum şəkildə tərcümə edərək nəşrinə nail olmuşdur. Bu tərcümələrin bir qismi “Hikmət xəzinəsi” adlı müntəxəbatda və başqa kitablarda nəşr edilmişdir. Bir qismi isə ayrıca kitablar şəklində nəşr olunub. Bundan əlavə, X.Yusiflinin “Avey, hey”  və “Hanı, o günlər,hanı?”  adlı şeirlər kitabları nəşr edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu ildə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi”, 2015-ci ildə isə Nizami Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Professor Xəlil Yusifli eyni zamanda “Nizami Gəncəvi İli” çərçivəsində AMEA-nın Rəyasət Heyətinin və AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin Fəxri fərmanları və   mədəniyyət naziri Anar Kərimovun qərarı ilə “Nizami Gəncəvi” xatirə döş nişanı ilə təltif edilmişdir.

Həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2021-ci ildə Gəncə şəhərinin ictimai-siyasi həyatında göstərdiyi səmərəli fəaliyyətinə görə Xəlil Yusiflini Fəxri fərmanla təltif etmişdir.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev başda olmaqla bölmənin bütün əməkdaşları adından görkəmli elm xadimi, filologiya elmləri doktoru, professor, “Əməkdar elm xadimi”, “Şöhrət” ordenli Xəlil Həmid oğlu Yusiflinin vəfatı ilə bağlı ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik!

Allah rəhmət eləsin!

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev

AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov

AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: