Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Professor Məmməd Əliyevin 60 yaşı tamam olur
20.09.2022 10:24
  • A-
  • A
  • A+

Professor Məmməd Əliyevin 60 yaşı tamam olur

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyevin anadan olmasının 60 ili tamam olur.

Məmməd Arif oğlu Əliyev 18 sentyabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1969-1979-cu illərdə orta məktəbdə oxuyub, 1980-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində ali təhsil alıb.

Elmi fəaliyyətə 1985-ci ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) başlayan Məmməd Əliyev Fəlsəfə kafedrasında laborant, baş laborant, müəllim, dosent, elmi katib, kafedra müdiri, elmi işlər üzrə prorektor vəzifələrində çalışaraq bacarıqlı elm təşkilatçısı kimi respublikamızda və onun hüdudlarından kənarda da tanınıb.

O, 1992-ci ildə “Mənəvi dəyərlərin dini anlayışı” mövzusunda fəlsəfə doktorluğu, 2008-ci ildə isə “İslam və xristianlığın qarşılıqlı mənəvi-tarixi təsiri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 2015-ci ildə professor elmi adını alıb.

Mədəniyyətşünaslıq və dinşünaslıq sahəsində fundamental məzmunlu tədqiqatlar aparan Məmməd Əliyev 20 noyabr 2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın baş direktoru vəzifəsinə təyin edilib. Onun təşəbbüsü ilə MEK-də “Heydər Əliyev Lektoriyası”, “Qarabağ müharibəsi qəhrəmanları fondu”, “Azərbaycan dilində ədəbiyyat və mübadilə fondu” və s. yaradılıb.

Alimin fəaliyyəti nəticəsində MEK-in müxtəlif layihələrə qoşulması işində ciddi addımlar atılıb, bu layihələrin gerçəkləşməsi üçün Rusiyadan, Belarusdan, Türkiyədən, Moldovadan, Qazaxıstandan və digər ölkələrdən tərəfdaşların cəlb olunması işində mühüm işlər görülüb.

Professor Məmməd Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: