Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

1920-1930-cu illərin ədəbi-tarixi prosesinə dair monoqrafiya işıq üzü görüb
20.09.2022 14:50
  • A-
  • A
  • A+

1920-1930-cu illərin ədəbi-tarixi prosesinə dair monoqrafiya işıq üzü görüb

AMEA-nın Elm nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri) adlı monoqrafiyası işıq üzü görüb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə “Elm” nəşriyyatında çap olunan kitab “XX əsrin 20-30-cu illərində ədəbi proses: ictimai-sosial mühit və ədəbi-bədii istiqamətlər” və “1920-1930-cu illər ədəbi prosesində yaradıcılıq metodu, üslub və janr problemi” kimi fəsillərdən ibarətdir.

Birinci fəsildə müvafiq ədəbi prosesin dövrləşdirilməsindən, ədəbi fikirdə plüralizm və onun ədəbi prosesin hərəkətindəki rolundan bəhs olunur. Yeni ictimai sistemin ədəbi prosesə təsiri, ədəbi mühitdə iki dünyagörüşün qarşılaşması kimi mühüm məsələlərə dair araşdırmalar da burada yer alıb. Bu fəsil müəllifin haqqında danışılan dövrdə yaradıcılıq təşkilatları və mətbuatın ədəbi prosesə təsirinə dair tədqiqatları ilə də diqqəti cəlb edir.

Monoqrafiyanın ikinci fəslində 1920-1930-cu illərdə tənqidi və maarifçi realizm ənənələrinin davamı araşdırılır, XX əsr Azərbaycan romantizminin mövqeyi, yeni yaradıcılıq metodunun formalaşması prosesi, müxtəlif ədəbi üslubların mübarizəsi, qarşılıqlı təsiri öyrənilir.

Ötən əsrin 20-30-cu illərinin ədəbi-tarixi prosesinin tədqiqi istiqamətində mühüm əhəmiyyətə malik bu monoqrafiyadan ədəbiyyatşünaslar, tədqiqatçılar və geniş oxucu kütləsi istifadə edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: