Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.09.2022 15:41
  • A-
  • A
  • A+

Albanşünaslıq Elmi Mərkəzinin növbəti iclası keçirilib

Albanşünaslıq Elmi Mərkəzinin növbəti iclası keçirilib

Sentyabrın 21-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Albanşünaslıq Elmi Mərkəzinin növbəti iclası keçirilib.

İclasda mərkəzin rəhbəri, t.e.d. professor Qafar Cəbiyev aktual problemlər və qarşıda duran vəzifələr barədə çıxış edərək bildirib ki, Albaniya tarixinin, alban dövrü abidələrinin öyrənilməsi, onların memarlıq xüsusiyyətlərinin araşdırılması erməni müəlliflərinin saxta yazılarına cavab vermək üçün çox qiymətlidir: “Bir ilə yaxındır ki, institutumuzun nəzdində Albanşünaslıq Elmi Mərkəzi yaradılıb. Bu müddət ərzində bir sıra mühüm vəzifələrin həyata keçirilməsinə  baxmayaraq, hələ qarşıda görüləsi çox işlər var. Bu sahənin tədqiqi üçün elmi ekspedisiyaların sayı artırılmalıdır. Xarici mətbuat orqanlarında Albaniya dövlətinin Azərbaycanın qədim dövlətlərindən biri olması məsələsi faktlarla sübut edilməlidir. İşğal dövründə təkcə torpaqlarımız deyil, tarixi-mədəni abidələrimiz də erməni vandallarının çirkin əməllərinin qurbanı olub. Bu gün qonşularımız da Albaniya dövlətinə iddialıdırlar. Biz bu şübhələrin aradan qaldırılması üçün mərkəzin fəaliyyətini gücləndirməliyik”.

İclasda iştirak edən institutun baş direktoru, professor Abbas Seyidov bildirib ki, bugünkü iclasda qaldırılan məsələlər çox aktualdır: “Qonşularımızın Albaniya dövlətinə iddiaları böyükdür. Lakin onlar bilməlidirlər ki, Albaniya dövləti yarandığı dövrdə əsasən Azərbaycan ərazisində yerləşib. Bu gün də Albaniyanın tarixi coğrafiyasının özəyini Azərbaycan Respublikasının ərazisi əhatə edir”.

Baş direktor Albanşünaslıq Elmi Mərkəzinin işlərinə uğurlar arzulayıb və tam gücü ilə dəstək olacağını söyləyib.

Bölmə müdirləri, dosent Taleh Əliyev və dosent Natiq Alışov çıxış edərək qarşıda duran problemlər və onların həlli yollarından danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: