AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız birlik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endiriblər. Məhz güclü dövlət siyasəti, xalqın birliyi və hərbçilərimizin qəhrəmanlığı sayəsində Qarabağ torpaqları qısa zaman kəsiyində düşmən tapdağından azad oldu.
Sonra “Qarabağın memarlıq irsi və onun mühafizəsi” mövzusunda məruzə edən institutun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva müxtəlif mədəni sərvətlərə malik olan Qarabağın irsindən və onun tarixi inkişafını səciyyələndirən mərhələlərdən bəhs edib. R.Əliyeva qeyd edib ki, bu gün diqqət xüsusilə Azərbaycanın mədəniyyət mərkəzi adını almış Şuşa şəhərinə yönəlib. Artıq qədim Şuşanın mühafizə zonası müəyyən edilib və tarixi hissəsi qorunub saxlanmaqla baş planı təsdiq olunub.
Daha sonra Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva “Azərbaycan səhnəsində Qarabağ mövzusu” məruzəsini tədbir iştirakçılarına təqdim edib. M.Ağayeva bildirib ki, Zəfər Günündən sonra səhnələşdirilən tamaşalardan, həmçinin Anım Gününə həsr edilən tamaşa və festivallardan bəhs edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.