Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2022 12:04
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

İdarəetmə Sistemləri İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

27 sentyabr 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq Anım Gününə həsr olunan tədbir keçirilib.

İclasda institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşub canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə İSİ əməkdaşlarının hazırladığı 44 günlük Vətən müharibəsinin tarixi anlarını xatırladan videoçarx nümayiş olunub.

İclası İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə 27 sentyabr tarixinin Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edildiyini vurğulayıb. Müharibənin gedişatına nəzər salan alim bildirib ki, Ermənistanın 2020-ci il sentyabrın 27-dən başlayan təxribat xarakterli növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.

Ə.Abbasov qeyd edib ki, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlər, bütövlükdə xalq hərbi, siyasi, sosial-iqtisadi sfrealarda və informasiya məkanında həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycanın üstünlüyü qarşısında aciz qalan düşmən isə təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla dəfələrlə müharibə cinayətləri törədib, həqiqətləri təhrif etməyə çalışıb, beynəlxalq hüquq normalarını kobud şəkildə pozub.

Dünya hərb siyasətinə doktrinalarla yazılan II Qarabağ müharibəsini eyni zamanda böyük texnologiyalar müharibəsi adlandıran alim döyüşlərdə pilotsuz uçuş aparatlarından istifadə edilməsinin yerli və xarici hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Ölkənin sosial-iqtisadi inkişafı istiqamətində hərbi quruculuğun önəmini şərh edən Ə.Abbasov Vətən müharibəsinin gedişatında hərb meydanında əldə olunan uğurlu nəticələrin əsasında dövrün tələblərinə cavab verən müasir texnologiyaların dayandığını qeyd edib.

II Qarabağ müharibəsini müxtəlif aspektlərdən təhlil edən Ə.Abbasov, həmçinin sözügedən dövrdə əldə olunan mühüm elmi nailiyyətlərdən də bəhs edib. Ölkənin bir çox qurumları sırasında İSİ alimlərinin də Azərbaycan elminə öz töhfələrini bəxş etdiyini bildirən akademik yüksək texnologiyaların əsasında qurulan dinamik obyektlərin idarə edilməsi, qeyri-səlis qərar qəbul etmə, süni intellekt, fövqəladə hallarda idarəetmə, siqnalların emalı nəzəriyyəsinə əlavə olunan yeni küy texnologiyaları və digər praktiki əhəmiyyətli elmi nailiyyətlərdən söz açıb. Ə.Abbasov institutda aparılan gələcəyə istiqamətlənmiş inkişaf prioritetlərini özündə əks etdirən tədqiqatlar, əldə olunan fundamental elmi nəticələrin hərbi potensialın gücləndirilməsi istiqamətində rol oynayacağına əminliyini ifadə edib, yeni hədəfləri diqqətə çatdırıb. 

Sonda 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatında son illərin ən mühüm qələbəsi olduğunu qeyd edən Ə.Abbasov işğal altında olan torpaqların azad edilməsinin məhz Ali Baş Komandanın uzaqgörən siyasəti və Azərbaycan  Ordusunun qətiyyəti sayəsində mümkün olduğunu vurğulayıb. 2022-ci il oktyabrın 21-dək 2908 hərbi qulluqçu və 100 mülki şəxsin  həlak olduğunu, 6 itkin və 12 hərbi əsir qeydə alındığını bildirən Ə.Abbasov Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirdi, şəhidlərimizi ehtiramla yad edib.

Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək bildirib ki, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər çalması nəticəsində doğma torpaqlar düşmən işğalından azad edilərək otuz illik həsrətə son qoyuldu, Azərbaycan həqiqətləri beynəlxalq arenada sübuta yetirildi. Ə.Sadıqov dünyanın aparıcı siyasi və hərbi ekspertlərinin Azərbaycan əsgərinin çaldığı qələbəni şərh edərək yüksək qiymətləndirdiklərini diqqətə çatdırdı, müasir dövrün hərb sahəsində II Qarabağ müharibəsinin qabaqcıl dövlətlər üçün nümunə olduğunu qeyd etdi. Ölkə başçısı tərəfindən Anım Gününün təsis edilməsinin əhəmiyyətini vurğulayan alim ölkənin müxtəlif qurumlarında müharibə iştirakçılarının əziz xatirəsinə ehtiram əlaməti olaraq silsilə tədbirlərin keçirildiyini bildirdi.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlər, bütövlükdə xalqın Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdiyini xatırladan Ə.Sadıqov ölkənin müxtəlif istiqamətlərdə inkişafının önəminə toxundu, gənclərin qarşısında duran gələcək vəzifələrdən bəhs etdi. Elmi inkişafın, gənc kadr potensialının artırılmasının, gənclərə vətənpərvərlik hislərinin aşılanmasının prioritet istiqamətlərdən olduğunu qeyd etdi.

Vətən uğrunda fədakarlıqla döyüşərək canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları qarşısında hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu nəzərə çatdıran alim şəhid ailələri, müharibə veteranları və qazilərə göstərilən yüksək diqqət və dövlət qayğısından bəhs edib.

Daha sonra İntellektual informasiya-ölçmə sistemləri laboratoriyasının müdiri, t.ü.f.d., dosent Məzahir İsayev Qarabağın siyasi tarixinə nəzər salaraq münaqişənin köklərinin ötən əsrlərdən başladığını qeyd edib. O, erməni təcavüzkarlarının törətdiyi saysız-hesabsız dağıntıları təəssüf hissi ilə qeyd etdi və Qarabağla bağlı xatirələrini bölüşüb.

Müharibə dövrünün özünəməxsus çətinlikləri olduğunu vurğulayan M.İsayev Azərbaycan ordusunun şücaəti, mənfur düşmənin təxribatları və xalqın Ali Baş Komandan və ordu ətrafında bir yumruq kimi birləşməsindən bəhs edib. Torpaqların azadlığı uğrunda canını fəda edən şəhidləri ehtiramla anan alim dünyanı qabaqcıl dövlətləri sırasında xüsuilə seçilən Azərbaycan Respublikasının müxtəlif sahələrdə inkişafının önəminə toxundu, qarşıda duran vəzifələrdən bəhs etdi.

Sonra İSİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədr müavini Nərmin Abbaszadə çıxış edərək Vətən müharibəsində gənclərin fəaliyyəti və qarşıda duran vəzifələrdən danışıb. Ali Baş Komandanın çağırışına cavab olaraq minlərlə gəncin ordu sıralarına yazılmasının qloballaşan dünyada gənc nəsildə milli-mənəvi dəyərlərə olan hörmətin, Vətən sevgisinin təcəssümü olduğunu qeyd edib. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu vurğulayan N.Abbaszadə informasiya müharibəsində gənclərin fəal iştirakını vurğulayıb. Anım Günü ilə əlaqədar GAMŞ üzvlərinin Şəhidlər xiyabanını ziyarət etdiklərini bildirən N.Abbaszadə Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: