Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.09.2022 16:17
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda dissertasiya işlərinə dair maarifləndirmə seminarı keçirilib

Aşqarlar Kimyası İnstitutunda dissertasiya işlərinə dair maarifləndirmə seminarı keçirilib

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda magistrant, doktorant və dissertantlar üçün növbəti maarifləndirmə seminarı keçirilib.

“Dissertasiya işlərinin tərtibi və müdafiəsində yeniliklər” mövzusunda təqdimatla çıxış edən institutun icraçı direktoru Əfsun Sucayev bildirib ki, bu mövzunu müzakirə etməyin məqsədi bu istiqamətdə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının mövcud qanunvericilik təlimatları əsasında iddiaçılara müəyyən tövsiyələr vermək, onları maraqlandıran suallara cavab tapmaqdır. O qeyd edib ki, müdafiə təqdim olunan istənilən elmi iş fundamental nəzəri işdirsə, ya dünya elminə və ya dar çərçivədə aid olduğu elmi istiqamətin inkişafına, tətbiqi və tətbiqyönlü işdirsə, ölkə iqtisadiyyatının inkişafına töhfə verməlidir: “Ona görə də doktorant və ya disertanta mövzu verilərkən bu prinsiplər nəzərə alınmalıdır”.

Ə.Sucayev bildirib ki, dəqiq və təbiət elmlərində, xüsusən də kimya sahəsində nəticəni əvvəlcədən proqnozlaşdırmaq çətin olduğu üçün müvafiq elmi dərəcəyə iddiaçılar dissertasiya mövzusunu Problem şurasında təsdiq etməyə tələsməməli, elmi tədqiqatı müəyyyən səviyyədə yerinə yetirib, bu haqda müəyyən nəticələr əldə etdikdən sonra dissertasiya mövzusunu formalaşdırıb, təsdiq etdirmək olar.

O vurğulayıb ki, müşahidələrə əsasən, dissertasiya işləri yazılarkən məqsəd, vəzifə, müddəa, nəticələr aydın başa düşülmür: “Məqsəd qısa konkret, başa düşülən, işin məzmununa uyğun olmalıdır, vəzifə isə həmin məqsədə çatmaq üçün müəyyənləşdirilmiş yollardır. Vəzifəni müdafiə olunan müddəa kimi təqdim etmək olmaz”.

Məruzəçi daha sonra doktorluq minimum imtahanları, dissertasiya, avtoreferatların tərtibi, müdafiəsi, dissertasiya işinin nəticələrinin dərc olunması qaydaları və s. haqqında konkret nümunələrə dair geniş məlumat verib və auditoriyanın ünvanlandırdığı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: