Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın xarici üzvü Koişiro Matsuuranın 85 yaşı tamam olur
30.09.2022 09:35
  • A-
  • A
  • A+

AMEA-nın xarici üzvü Koişiro Matsuuranın 85 yaşı tamam olur

Sentyabrın 29-da AMEA-nın xarici üzvü, hüquq elmləri doktoru Koişiro Matsuuranın 85 yaşı tamam olur.

O, 29 sentyabr 1937-ci ildə Tokioda anadan olub. 1956-1959-cu illərdə Tokio Universitetinin Hüquq fakültəsində oxuyub, sonra isə təhsilini ABŞ-ın Pensilvaniya ştatının Heyverford kollecinin İqtisadiyyat fakültəsində davam etdirib.

Alim 2006-cı ildə Filippinin Santo Tomas Universitetində hüquq elmləri doktoru, 2008-ci ildə isə Koreya Respublikası Kyung Hee Universitetində fəlsəfə doktoru elmi dərəcəsini alıb.

O, 1963-1968-ci illər ərzində Yaponiyanın Xarici İşlər Nazirliyinin mərkəzi idarəsində müxtəlif vəzifələri icra edib. 1974-1975-ci illərdə Xarici İşlər Nazirliyinin Birinci Şimali Amerika şöbəsinin siyasi işlər üzrə müdiri, sonra isə Xarici İşlər Nazirliyinin İnkişaf əməkdaşlıq şöbəsinin müdiri olub. 1977-1980-ci illərdə Yaponiya Səfirliyinin Amerika Birləşmiş Ştatları üzrə məsləhətçisi kimi fəaliyyət göstərib.

K.Matsuura 1992-1994-cü illərdə Yaponiyanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. 1994-cü ildə Yaponiyanın Fransadakı səfiri təyin olunan ictimai xadim fəaliyyət göstərdiyi müddətdə Fransa-Yaponiya münasibətlərinin möhkəmlənməsində böyük rol oynayıb.

O, 20 oktyabr 1999-cu ildə UNESCO-nun baş direktoru vəzifəsinə təyin edilib. Təşkilatın sayca doqquzuncu rəhbəri olan K.Matsuura Asiya ölkələrinin bu vəzifəyə təyin olunan ilk nümayəndəsi idi. 12 oktyabr 2005-ci ildə isə 4 il müddətinə UNESCO-nun baş direktoru vəzifəsinə yenidən seçilib.

Görkəmli ictimai-siyasi xadimin “21-ci əsrin çağırışlarına cavab vermək” (ingilis və fransız dilində), “Yeni UNESCO-nun yaradılması” (ingilis və fransız dilində), “Keçid ili” (ingilis və fransız dilində), “Yaponiya və Fransa arasında əlaqələrin inkişafı və perspektivləri” (fransız dilində), “G-7 zirvəsi: tarixi və perspektivləri” (yapon dilində), “Yaponiya-Amerika əlaqələrinin tarixi” (Yapon dilində) kimi kitabları çap olunub.

K.Matsuura beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə 10 iyun 2008-ci il tarixində Rusiya Xalqlar Dostluğu Universitetinin Fəxri doktoru seçilib.

Alim səmərəli fəaliyyətinə görə 23 aprel 2001-ci ildə Böyük Litva knyazı Qyadiminas ordeninin “Böyük xaç kavaleri” dərəcəsinə layiq görülüb.

19 iyul 2006-cı ildə ona “Qütb ulduzu” ordeni, 2002-ci ildə isə “Sivilizasiyalar dialoqu” beynəlxalq mükafatı təqdim olunub.

2003-cü ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri doktorudur.

Rusiya İncəsənət Akademiyasının Xarici fəxri üzvüdür.

K.Matsuura 12 may 2008-ci ildə AMEA-nın xarici üzvü seçilib.

Görkəmli alim və ictimai-siyasi xadim K.Matsuuranı 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: