Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Multikulturalizmin inkişafına böyük töhfə  - “Əbədiyaşar bəşəri fəlsəfə - dialoq”
07.10.2022 14:28
  • A-
  • A
  • A+

Multikulturalizmin inkişafına böyük töhfə - “Əbədiyaşar bəşəri fəlsəfə - dialoq”

Yeni çap olunan “Əbədiyaşar bəşəri fəlsəfə - dialoq” kitabı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ideya müəllifi olduğu, dünyada məşhur “Azərbaycan multikulturalizmi modeli”nin siyasi idarəçilik proqramına tətbiqi istiqamətində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun bəşəri humanizm siyasətini ehtiva edən multikulturalizm mövzusunda nəşrlərindən biridir.

Kitaba Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-2021-ci illər ərzində bütün planetdə bəşəri fəlsəfə - mültikulturalizm, qlobal və milli mədəniyyət mövzularına həsr olunmuş çoxsaylı beynəlxalq tədbirlərdə nitqlərini, çıxışlarını, siyasi elita nümayəndələri ilə görüşlərini əhatə edən 200-ə yaxın material daxil edilib.

Aktuallığı və mövzu yeniliyi ilə diqqət çəkən bu nəşr Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqu möhkəmləndirən, elmi və təcrübi baxımdan böyük mahiyyət kəsb edən xidmətlərinə həsr olunmuş, tədqiqatçıları gözləyən zəngin elmi mənbədir.

“Ön söz”ün müəllifi, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın qeyd etdiyi kimi, bu elmi mənbənin tədqiq olunub dəyərləndirilməsi bir ümumi səma altında birləşən millətlər və xalqların çoxmədəniyyətlilik hadisəsi - multikulturalizmin inkişafına böyük töhfə kimi əhəmiyyət daşıyır. Eyni zamanda bu irsin elmi tədqiqata cəlb olunması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet konsepsiyasının, həmçinin XXI əsr Azərbaycan cəmiyyətinin güclü qadın liderinin beynəlxalq miqyasda həyata keçirmiş olduğu mədəniyyət proqramının dərkini əsaslandırır.

Kitabda dərc olunan materiallarda Mehriban xanım Əliyevanın fəaliyyətinin mədəniyyətlərarası dialoq və çoxmədəniyyətlik mövzularını əhatə edən ictimai-siyasi irsin ayrı-ayrı elm sahələri üzrə, həm də müasir dünya elminin tətbiq etdiyi fənlərarası istiqamətlərdə maraq doğurduğu əks olunur. Təqdim olunan nitqlərdə və çıxışlarda etno-milli identiklik və müasir qlobal mədəniyyət, xüsusilə də dialoq fəlsəfəsinin aktual məsələləri ana xətt təşkil edir.

“Əbədiyaşar bəşəri fəlsəfə - dialoq” kitabının elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru Tarix İnstitutunun şöbə müdiri, akademik Nərgiz Axundova, redaktoru Lalə Əliyeva, rəyçisi tarix elmləri doktoru Eynulla Mədətlidir.

İctimai-siyasi fikir tariximizin dünəndən bu günə və gələcəyə miras ənənəsi mahiyyətində olan bu dəyərli nəşrin tərtibçiləri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva və həmin şöbənin əməkdaşı Sevinc Quliyevadır.

Xüsusilə qeyd etmək yerinə düşər ki, kitabda tarixi-xronoloji ardıcıllığa əməl olunması, təkrarlara yol verilməməsi, tarixin təhrif edilməməsi və digər metodik şərtlər diqqətdə saxlanılıb.

Bir neçə dilə tərcümə olunması nəzərdə tutulan kitab tədqiqatçılar, siyasətçilər, hüquqşünaslar, diplomatik korpus nümayəndələri, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün faydalı nəşrdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: