Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz verib
02.11.2022 16:12
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

Tanınmış hidroloq alim, “Tərəqqi” medallı, Əməkdar elm xadimi, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Dissertasiya şurasının üzvü, coğrafiya elmləri doktoru Rəna Qaşqay vəfat edib.

Rəna Mirtağı qızı Qaşqay 1938-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə “Coğrafiyaçı” ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji-coğrafiya fakültəsini bitirib.

1959-cu ildən etibarən Azərbaycan SSR EA Coğrafiya İnstitutunun Hidrologiya şöbəsində laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb, 1986-cı ildən 2021-ci ilin oktyabr ayınadək Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinə rəhbərlik edib.

1966-cı ildə Moskva şəhərində “Böyük Qafqazın su balansı (Azərbaycan daxilində)” mövzusunda namizədlik, 2009-cu ildə “Azərbaycan çayları axımının formalaşması, keçməsi və istifadəsinin coğrafi aspektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib, Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Alimin əsas elmi fəaliyyəti Azərbaycan çaylarının axınına həsr edilib. Onun tərəfindən çayların formalaşması və onların çoxillik tərəddüdləri aşkarlanıb. Çayların qida mənbələrinin (yeraltı, səth) qanunauyğunluqlarını müəyyən edib, onların qarşılıqlı əlaqələri nəticəsində respublika ərazisində hidroqrafik rayonlaşma aparıb və ayrı-ayrı yüksəklik qurşaqlarının, təbii vilayətlərin, iqtisadi rayonların və s. su ehtiyatlarını hesablayıb. Çay sularının formalaşmasında iştirak edən yeraltı suların müəyyənləşdirilmə metodikasını işləyib.

Üç monoqrafiya və 60-dan artıq elmi məqalənin müəllifi idi. Bunlardan Azərbaycan SSR-in su balansı (həmmüəlliflə, 1979), Azərbaycan SSR-in su ehtiyatları (həmmüəlliflə, 1989) və s. göstərmək olar. İnstitutda hazırlanan Konstruktiv coğrafiya (3 cild) monoqrafiyasının, eləcə də  Azərbaycanın təbii şəraiti və təbii ehtiyatlar atlasının əsas müəlliflərindən idi. Azərbaycan Respublikasının fiziki coğrafiyası (2015), Naxcıvan MR-nın fiziki coğrafiyası (2018), Türk dünyasının fiziki coğrafiyası (2019) monoqrafiyalarında daxili sular bölmələrini hazırlamışdı.

Coğrafiya İnstitutu və Su Problemləri institutlarının elmi və elmi-texniki şurasının və akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya şurasının üzvü olub.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: