Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.11.2022 14:10
  • A-
  • A
  • A+

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda insan skeletləri aşkar olunub

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda insan skeletləri aşkar olunub

Şəki şəhər “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən, hazırda “şəbəkə sexi” kimi fəaliyyət göstərən tarixi abidədə Dövlət Turizm Agentliyi tərəfindən aparılan bərpa-quruculuq işləri zamanı binanın daxilində beton döşəmə təmir edilərkən 80-120 sm dərinlikdə azyaşlı insanlara aid skeletlər aşkar edilib.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu bölməsinin rəhbəri, t.ü.f.d., dosent Mikayıl Mustafayev 5-8 noyabr 2022-ci il tarixlərində sözügedən bölgəyə ezam olunub. İlkin baxış zamanı ərazinin GPS  koordinatları 411215N - 471146 E götürülüb.

Sonra binanın ətrafında qazılmış yerlərə baxış keçirilib. Ətrafda heç bir maddi mədəniyyət nümunələrinə rast gəlinməyib. Bir iki yerdə saxsıdan hazırlanmış su tüngləri aşkarlanıb. Binanın şimal – qərb hissəsində, çöl tərəfdən divarın altından arka tipli çıxış qeydə alınıb. Buradan qərb tərəfdə yerləşən beton hovuza çıxış var.  Hovuzun kənarında olan quyunun içərisi çirkab suları ilə dolu olub. Hovuzla bina daxilində olan arka tipli çıxış bir birilə əlaqəlidir. Döşəmədə hər tərəfdən iri dairəvi dəliklər vardır. Ehtimal olunur ki, burada meyitləri yuyarkən su hovuza axıdılıb. Döşəmə sökülərkən betonun alt hissəsində kül qatı və yanmış insan sümükləri aşkarlanıb. Qazıntı sahəsindən iki ədəd tibbi əlcək, iki ədəd daraq aşkarlanıb. İnsan qalıqları əsasən körpə uşağa aid sümüklərdən ibarətdir. Belə görünür ki, burada, həmçinin kremasiya (ölüyandırma) işləri də aparılıb. Bu yerin yaxın zamanlaradək doğum evi olduğu söylənilir. Ehtimal olunur ki, doğuş vaxtı və ya bir müddət sonra xəstəlikdən, digər səbəblərdən tələf olan uşaqlar burada yuyulub dəfn olunublar.

Dövlət Turizm Agentliyinin əməkdaşları ilə birlikdə yerli əhali ilə söhbət apararkən məlum olub ki, bina uzun müddət - sovetlər dövründə “ölüxana” kimi fəaliyyət göstərib. Hal hazırda ərazidən aşkar edilən skeletlər kriminoloqlar tərəfindən tədqiq olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: