Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Milli tibb elmini dünyada şöhrətləndirən alim
17.11.2022 10:37
  • A-
  • A
  • A+

Milli tibb elmini dünyada şöhrətləndirən alim

Bügünlərdə ölkənin tibb, təhsil və elmi-mədəni ictimaiyyəti şəfalı həkim, görkəmli alim, pedaqoq və nüfuzlu ictimai xadim Əhliman Tapdıq oğlu Əmiraslanovun anadan olmasının 75 illiyini sevgi-sayğılarla və qədirbilənliklə qeyd edir.

XX əsrin son onilliklərində və XXI əsrdə Azərbaycan tibb və biologiya elmlərinin inkişafında müstəsna xidmətləri olan təbib-alim və elm təşkilatçılarından biri də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və Rusiya Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Səhiyyə Komitəsinin sədri, Əməkdar elm xadimi, SSRİ Dövlət Mükafatı laureatı, buvaxtadək “Şöhrət”, “Şərəf” ordenli,  dünən isə 75 illik yubileyi münasibətilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülən Əhliman Tapdıq oğlu Əmiraslanovdur. 

Ümummilli lider Heydər Əliyevin ölkəmizdə birinci dəfə hakimiyyətə gəldiyi dövrdə gənclər üçün yaradılan şəraitdən bacarıqla istifadə edən Əhliman Əmiraslanov 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına daxil olub, 1977-ci ildə burada “Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Soydaşımız 1984-cü ildə “Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Moskvada apardığı tədqiqatların nəticələrini əks etdirən monoqrafiyalara, elmdə əldə etdiyi nailiyyətlərə görə İttifaq səviyyəli bir sıra mükafatlarla təltif olunması onun müstəsna istedad və çalışqanlığından xəbər verir. Artıq həm SSRİ-də, həm də onun sərhədlərindən xaricdə tanınmış alimin “Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi” haqqındakı silsilə elmi-texnoloji işlərinə görə 1986-cı ildə elm və texnika sahəsi üzrə SSRİ Dövlət Mükafatına, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasında, eləcə də tibb elminin və səhiyyənin inkişafında xidmətlərinə görə 1991-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülməsini də xüsusi qeyd etmək lazımdır.

Professor Əhliman Əmiraslanov Azərbaycan müstəqillik qazanandan sonra Moskvada Klinik Onkologiya İnstitutunda ona təklif olunmuş direktor vəzifəsindən imtina edərək, xalqının və dövlətinin mənafeyinə xidmət etməyi daha üstün tutub. Alim 1992–2016-cı illərdə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb, 1993-cü ildən bu günə kimi eyni zamanda Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri, daha sonra universitetin Onkoloji klinikasının direktoru kimi xalqımızın sağlamlığına dəyərli töhfələr verib.

Görkəmli tibb aliminin elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinin əhəmiyyətli bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olub. Alim Azərbaycan tibb elminə və elmi kadr hazırlığına verdiyi əhəmiyyətli töhfələrə görə 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib, 2007–2019-cu illərdə AMEA Rəyasət Heyətinin üzvü və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi biologiya və tibb elmlərinin inkişafında önəmli rol oynayıb.

Məhsuldar alim, təşəbbüskar elm və təhsil təşkilatçısı kimi Əhliman Əmiraslanov paytaxtımızda keçirilən və dünyanın ən böyük elmi-siyası tədbirlərindən olan bir neçə Bakı Humanitar Forumunun tibb və biologiya bölümünün sədri olub, dünyanın tanınmış mütəxəssislərinin iştirakı ilə qlobal elmi problemlərin müzakirəsini təşkil edib, bu forumlarda dəfələrlə proqram xarakterli çıxışlar edib. Tanınmış alimin 2016-cı ilin dekabrında AMEA-nın Rəyasət Heyətində etdiyi tarixi məruzə yaxın 10–15 ildə Azərbaycanda biologiya və tibb elmlərinin inkişafının yol xəritəsi hesab edilə bilər.

Əhliman müəllimin bölməyə rəhbərlik etdiyi müddətdə biologiya və tibb üzrə 240-dan çox mühüm elmi nəticə əldə edilib, 100-dən çox patent alınıb, 160-a yaxın kitab çap olunub, 260-a yaxın qrant layihəsi yerinə yetirilib, impakt faktorlu, resenziyalı jurnallarda çap olunan məqalələrin sayı dəfələrlə artıb. Respublikada və xaricdə çap olunmuş 500-dən çox elmi əsərin, o cümlədən, 20 monoqrafiya, 35 dərslik və dərs vəsaitinin, 18 ixtira və səmərələşdirici təklifin, 5 müəlliflik şəhadətnaməsi və patentin müəllifi olan Əhliman Əmiraslanov çox məhsuldar bir alim kimi hər zaman gənc tədqiqatçılara nümunə olub.

Biologiya və tibb elmlərinin ən müasir istiqamətləri üzrə elmi kadrların hazırlanması işinə də Əhliman müəllim daim çox həssaslıqla və son dərəcə diqqətlə yanaşıb. 15 elmlər doktoru, 50 fəlsəfə doktoru yetişdirmiş alimin elmi məktəbinin davamçıları bu gün nəinki Azərbaycanın, eləcə də yaxın və uzaq xarici ölkələrin klinikalarında, universitetlərində, elmi tədqiqat müəssisələrində çalışaraq, onun yolunu uğurla davam etdirirlər.

Akademik Əhliman Əmiraslanov Azərbaycanın beynəlxalq miqyasda təmsilçiliyində önəmli rolu olan şəxslərdən biridir. Akademik 1999-cu

ildən UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini, 2006-cı ildən Milli Komitənin Rəyasət Heyətinin üzvü olub, 2016-cı il iyunun 29-da sədri seçilib. O, uzun illərdən bəri UNESCO-nun ekspertidir.

Yüksək intellektli, eyni zamanda milli mənəvi dəyərlərə sadiq bir şəxsiyyət olaraq Əhliman Əmiraslanovun haqqında çox danışmaq olar. O, bəzən ümidsizliyə düçar olmuş xəstələrə belə, sağlamlıq və sevinc bəxş etmiş, pasiyentlərin həyat keyfiyyətini həkimlik fəaliyyətinin şüarına çevirmiş fövqəladə dərəcədə həssas bir həkim, ən kiçik işlərdə belə çox diqqətli insandır. İstər həkimlik, istər elmi-pedaqoji, istərsə də millət vəkili kimi bütün fəaliyyətlərində həyatı və yaradıcılığı, dünyaya və insanlığa baxışları ilə gənclərə böyük örnək olan akademik Əhliman Əmiraslanov bu gün də tükənməz enerji ilə yorulmadan çalışır.

Həyatının və elmi yaradıcılığının kamillik və müdriklik zirvəsində olan Əhliman müəllimə bu şərəfli missiyasında yeni-yeni uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik

“Xalq qəzeti”

  • Paylaş: