Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.11.2022 16:56
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Aşqarlar Kimyası İnstitutunda YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

 

Noyabrın 18-də Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə institutun baş direktoru, akademik Vaqif Fərzəliyev açaraq YAP-ın yaradılmasının 30 illiyi münasibətilə iştirakçıları təbrik edib. O, ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolundan danışıb. Vaqif Fərzəliyev xalqımızın 91 nəfər ziyalısının 1992-ci il oktyabrın 16-da “Səs” qəzeti vasitəsilə Ulu Öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdiklərini bildirib. Qeyd edib ki, Ümummilli Lider ziyalıların müraciətinə müsbət cavab verib, 1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradılıb və dünya miqyaslı siyasətçi Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib.

Akademik Vaqif Fərzəliyev dövlətçiliyimizin möhkəmləndirilməsinə və dinamik inkişafına mühüm töhfələr verən YAP-ın qısa müddətdə hakim partiyaya çevrilməsinin əsasında xalqın Ulu Öndərə sevgisinin və inamının dayandığını deyib: “Partiyanın ötən dövr ərzində keçdiyi yola nəzər salsaq, onun milli-tarixi ənənlərimizə sadiqliyinin, müstəqilliyin qorunması, möhkəmlənməsi və ərazi bütövlüyünün təmin olunması kimi başlıca məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyinin şahidi oluruq”.

Baş direktor ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının daha da inkişaf edərək, hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirdiyini diqqətə çatdırıb.

Çıxışını Ümummilli Liderin “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməkdir” sözləri ilə bitirən akademik Vaqif Fərzəliyev partiyanın təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğrultduğunu vurğulayıb.

Sonra YAP Aşqarlar Kimyası İnstitutunun İlk Ərazi Təşkilatının sədri, k.ü.f.d., dosent Vəli Kazımov çıxış edərək YAP-ın ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyətin doğurduğu tarixi zərurətdən yaranmış partiya olduğunu deyib. Bildirib ki, Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir.

Vəli Kazımov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası davamlı olaraq inkişaf edir. Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan qələbədə də partiyanın yürütdüyü ideologiyanın rolu danılmazdır.

İnstitutun İlk Ərazi Təşkilatı barədə məlumat verən Vəli Kazımov bildirib ki, rəhbərlik etdiyi təşkilat 2019-cu ildə müəssisənin baş direktoru, akademik Vaqif Fərzəliyevin səyi nəticəsində yaradılıb. Yarandığı zaman 10 nəfər üzvü olan təşkilatın hazırda üzvlərinin sayı 100-ü ötüb: “Sevindirici haldır ki, təşkilatı təmsil edən partiya üzvlərindən Əfsun Sucayev həm də YAP İdarə Heyətinin üzvüdür”.

YAP Yasamal rayon təşkilatının sədri, t.ü.f.d., dosent Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur.

Bəxtiyar Nəbiyev vurğulayıb ki, Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun sözlərinə görə, hazırda dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri ilə bir sırada yer alan Azərbaycanın qazandığı parlaq uğurlarda xalqımızın milli maraqlarını ifadə edən vahid siyasi qüvvəyə çevrilən YAP-ın mühüm rolu var.

O, 1969-1982-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi bir dövrün tarixçi-alim kimi tədqiqatçısı olduğunu və bu dövrləri dərindən araşdırdığını diqqətə çatdırıb.

“Ulu Öndər əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməklə Zəfərə aparan yolun əsasını qoymuşdur”, - deyə bildirən Bəxtiyar Nəbiyev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Qələbə xalqımızın qürur və iftixar mənbəyi, dövlətimizin isə qüdrətinin ifadəsidir.

Sonra YAP Yasamal rayon təşkilatı tərəfindən akademik Vaqif Fərzəliyevə Fəxri fərman təqdim olunub.

Daha sonra YAP-ın 30 illiyi münasibətilə Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər arasında keçirilən “Ən məhsuldar gənc alim” müsabiqəsinin qalibləri elan olunub. İnstitutun gənc mütəxəssislərindən Mənsurə Hüseynova birinci, Günay İsmayılova ikinci, Səbiyə Osmanova və Lalə Əliyeva isə üçüncü yerə layiq görülüblər. Gənc mütəxəssislərə diplom və pul mükafatı verilib.

Tədbirdə, həmçinin Aşqarlar Kimyası İnstitutunun elmi-ictimai fəaliyyətini səmərəli işıqlandırdığına görə AMEA-nın Rəyasət Heyəti aparatının Dövri nəşrlər sektorunun müdiri Nərgiz Qəhrəmanova Fəxri fərmanla təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: