Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvanın dövlətçilik tarixi” kitabı çapdan çıxıb
23.11.2022 15:52
  • A-
  • A
  • A+

“Naxçıvanın dövlətçilik tarixi” kitabı çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvanın dövlətçilik tarixi” adlı yeni kitabı nəşr olunub.

Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci ilə dair nəşr planına əsasən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.

“Naxçıvanın dövlətçilik tarixi” giriş, 15 başlıq, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

Əsərdə Azərbaycanın zəngin dövlətçilik tarixinə, Naxçıvanın Azərbaycanın dövlətçilik tarixindəki roluna nəzər salınıb, Azərbaycan tarixində “dövlət” və “dövlətçilik” problemi, coğrafi amillərin tarixi inkişafa təsiri, Naxçıvan diyarının təbii-coğrafi mövqeyinə görə tarixin bütün dövrlərində siyasi-mədəni proseslərdə yaxından iştirakı və roluna diqqət yetirilib. Həmçinin aparılan arxeoloji araşdırmalar nəticəsində Azərbaycanda dövlətin yaranmasınadək olan dövrdə burada mövcud olmuş yaşayış məskənləri, şəhərsalma mədəniyyəti, ilkin dövlətçilik ənənələri ilə bağlı əldə olunan faktlar şərh olunub.

Naxçıvanın etnik və siyasi tarixinin araşdırıldığı kitabda diyarın tarixin müxtəlif dövrlərində tərkibində olduğu dövlətlərin ən inkişaf etmiş əyalətlərindən biri olması faktına diqqət çəkilib, bölgənin sahib olduğu dövlətçilik ənənələrinə nəzər salınıb.

Müəllif X əsrdən başlayaraq xronoloji ardıcıllıq əsasında bölgədə mövcud olmuş Naxçıvanşahlıq, Azərbaycan Atabəylər dövləti, Naxçıvan tüməni, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Naxçıvan qəzası, Araz-Türk Cümhuriyyəti, Naxçıvan MSSR, Naxçıvan Muxtar Respublikası kimi qurumların yaranması və fəaliyyətini tədqiq edib. Naxçıvan bölgəsinin Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələri, habelə muxtariyyət statusunun dövrün tələbi ilə gündəmə gəlməsi, əhəmiyyəti kimi  məsələlər araşdırmaların əsasını təşkil edir.

Yenicə işıq üzü görmüş kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, rəyçiləri AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və tarix elmləri doktoru, dosent Emin Şıxəliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: