Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.11.2022 18:35
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Şuşada beynəlxalq simpoziumda iştirak ediblər

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Şuşada beynəlxalq simpoziumda iştirak ediblər

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsi çərçivəsində Tarixi Yerlər və Abidələr IV Beynəlxalq Şuşa Simpoziumu baş tutub.

Tədbirdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları – Qafqaz Albaniyasının memarlığı və incəsənəti şöbəsinin müdiri, professor Kübra Əliyeva və Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova da iştirak ediblər.

Simpoziuma qatılan yerli və xarici alimlər Şuşanın zəngin mədəni irsinin araşdırılması və təbliğinə dair müxtəlif mövzulara aid məruzələrlə çıxış ediblər. Tədbir iştirakçıları Şuşa şəhərini ziyarət edərkən çıxışlar “Miras”ın Facebook səhifəsi və Youtube kanalı vasitəsilə yayımlanıb və hazırda da yayımlanmaqdadır.

Simpoziumun plenar iclası Azərbaycanda peşəkar vokal sənətinin banisi, görkəmli müğənni Bülbülün bərpadan sonra istifadəyə verilən ev-muzeyində baş tutub.

İlk növbədə Qarabağ müharibələri zamanı vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda Şuşanın Azərbaycanın mədəni həyatında əhəmiyyətli rolundan bəhs edilib, müvafiq məsələlərin daha da sürətli və dərindən öyrənilməsinin zəruriliyindən danışılıb.

İclasdan sonra tədbir iştirakçıları Cıdır düzü, Molla Pənah Vaqifin Muzey-məqbərə kompleksi, hazırda bərpa işləri davam edən Yuxarı Gövhər Ağa Məscidi, Vətəninə qayıdan güllələnmiş büstlər memorialı, Xurşidbanu Natəvanın evinin qalıqları və Şuşa qalasını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: