Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2022 12:22
  • A-
  • A
  • A+

MEK əməkdaşları “ANKOSLink 2022” beynəlxalq konfransında iştirak ediblər

MEK əməkdaşları “ANKOSLink 2022” beynəlxalq konfransında iştirak ediblər

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) icraçı direktoru, dosent Şəhla Tahirqızı və Kataloqlaşdırma şöbəsinin müdiri Gülnar Məmmədova “ANKOSLink 2022” beynəlxalq konfransında  iştirak etmək üçün Türkiyədə səfərdə olublar.

ANKOS 40-dan çox nəşriyyatın 88 müxtəlif verilənlər bazası ilə 1440 müqaviləyə malikdir. Qurumun məqsədi universitet və elmi-tədqiqat kitabxanalarının ən münasib qiymətlərlə ən çox e-informasiya resurslarına çıxışını təmin etmək, kitabxanaların təhsil və tədqiqata dəstəyini artırmaq üçün birgə səylər həyata keçirmək, eləcə də alim və tələbələrin qlobal məlumat şəbəkəsinə ən yüksək səviyyədə çıxışını həyata keçirməkdən ibarətdir.

Dünyanın müxtəlif ölkəsində 500-dən çox kitabxana-informasiya mütəxəssisinin qatıldığı beynəlxalq konfransın panel iclaslarında elm və təhsil resursları, verilənlər bazasının idarə edilməsi, qarşılıqlı birgə fəaliyyət, süni intellektin kitabxana işinə tətbiqi və yeni tendensiyalar, informasiya əldə etməkdə davamlılıq, davamlı rəqəmsal mühafizə, kitabxana və nəşriyyat sahəsindəki yeniliklər, yeni texnoloji həllərin tətbiqi kimi məsələlər müzakirə olunub. Beynəlxalq konfrans çərçivəsində MEK istifadəçilərinə Türkiyədəki universitet kitabxanalarının əməkdaşlıq imkanlarından ən yüksək səviyyədə istifadə etməsinə şərait yaratmaq məqsədilə ölkənin aparıcı qurumları ilə səmərəli əməkdaşlığın bünövrəsi də qurulub.

Səfər çərçivəsində əməkdaşların Akdeniz Universitetinin rektor  müşaviri  Cemil Tonbul, universitet kitabxanasının direktoru Mustafa Pamukçu və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının sədri Ceyran Səttarova ilə görüşü baş tutub. Görüş zamanı Universitetin kitabxanasına ekskursiya təşkil edilib və fəaliyyəti haqqında ətraflı məlumat verilib, iki qurum arasında qarşılıqlı sıx əməkdaşlığın faydaları da müzakirə olunub. MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızı Akdeniz Universiteti kitabxanasının fonduna Azərbaycanın bədii ədəbiyyatını, eləcə də mədəniyyətini, tarixini özündə əks etdirən dəyərli elmi nəşrlər təqdim edib.

Həmçinin səfər çərçivəsində əməkdaşlar Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş konfransa qatılıblar. Təşkilatın, eləcə də Türk Ocaqları Antalya Şöbəsinin mədəni fəaliyyətinə dəstəyə görə təşəkkürnamə ilə mükafatlandırılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: