Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2022 15:05
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev elmi-praktiki seminarda iştirak edib

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev elmi-praktiki seminarda iştirak edib

Saatlı rayonu, Cəfərxan qəsəbəsində yerləşən Muğan Meliorasiya-Təcrübi Stansiyasında su və torpaq ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi ilə bağlı əlavə tədbirlərə həsr olunmuş elmi-praktiki seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Azərbaycan Meliorasiya ve Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov məruzəsində ölkədə həyata keçirilən meliorasiya və su təsərrüfatı sahəsində görülmüş və görüləcək işlərdən danışıb. Sonra Hidrogeoloji-meliorativ xidməti və suların istifadəsinə nəzarət idarəsinin rəisi S.Sadıqov hazırda torpaqların şorlaşması vaxtı rast gəlinən problemlər və yeraltı suların dinamikası və minerallaşmasını öyrənmək üçün qazılmış hidrogeoloji rejim quyuları məlumatları əsasında xəritələrin tərtib edildiyini deyib.

Tədbirdə iştirak edən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev məruzəsində torpaqların meliorativ vəziyyətinin pisləşməsindən bəhs edib. Ə.Quliyev torpaqların deqradasiyaya məruz qalmasının əsas səbəblərindən biri kimi sudan düzgün istifadə edilməməsi nəticəsində 50-60 % su itkisinə  yol verildiyini  bildirib. Alim Baş Mil Muğan və Baş Şirvan kollektorlarından il ərzində 4,5 milyard kub metr az minerallaşmaya məruz qalmış suyun Xəzər dənizinə axıdılmasının yolverilməz olduğunu  qeyd edib və bu sahədə öz təkliflərini deyib.

Daha sonra AR Kənd Təsərrüfatı Nazirliyi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərkosmos” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri məruzə ilə çıxış ediblər.

Məruzələrdən sonra geniş müzakirələr aparılıb. Seminarda meliorativ vəziyyətin yaxşılaşdırılması, suvarılan torpaq sahələrinin xəritələşdirilməsi, məlumat bazasının  yaradılması, EKTİS-ə inteqrasiya, mütəmadi olaraq monitorinqin keçirilməsi, gübrələrdən səmərəli istifadə və dayanıqlı inkişaf təcrübəsi metodlarının torpaq istifadəçilərinə öyrədilməsi tövsiyə edilib. Seminardan razı qalan fermerlər çıxış edərək belə tədbirlərin mütəmadi həyata keçilməsinin əhəmiyyətinə toxunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: