Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.11.2022 14:38
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Hüseyn Cavid yaradıcılığı Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri kontekstində” mövzusunda elmi sessiya keçirilib

Şərqşünaslıq İnstitutunda “Hüseyn Cavid yaradıcılığı Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri kontekstində” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş “Hüseyn Cavid yaradıcılığı Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri kontekstində” mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi qeyd edilir və bu münasibətlə Şərqşünaslıq İnstitutu ədibin yubileyinə həsr olunmuş və Hüseyn Cavid yaradıcılığının Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrində roluna dair elmi sessiya keçirir.

Hüseyn Cavid yaradıcılığının Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrində rolunu, bütövlükdə türk xalqlarının ədəbi və mədəni tərəqqisinə töhfələr verdiyini qeyd edən akademik Gövhər Baxşəliyeva XX әsrin әvvәllәrindә Azәrbaycan vә Türkiyә mәdәni hәyatına әsәrlәri ilә möhürünü vuran şairlәr arasında fıkirlәri vә әsәrlәri ilә millәtin yolunu işıqlandıran vә qәlbindә yer tutan iki böyük sәnәtkarın - Azәrbaycan әdәbiyyatında romantizm cәrәyanının banisi Hüseyn Cavidin və türk “İstiqlal şairi” Mehmet Akif Ərsoyun xüsusi yeri olduğunu söyləyib. Hәr iki şairin hәyat vә fәaliyyәtindә, qәlәmә aldıqları mövzuların ideya-mәzmun xüsusiyyәtlәrindә, hәtta tale yollarında bir çox bәnzәrliklәrin var olduğunu deyən akademik G.Baxşəliyeva onların bütün ömürlәrini xalqın, millәtin vә bütün İslam alәminin, türk dünyasının istiqbalı üçün şam kimi әritdiklərini vurğulayaraq, onların millәtin bu gününü, gәlәcәyini işıqlandıraraq xalqın qәlbinә köçdüklərini vә bu millәt yaşadıqca onların da әbәdi yaşayacaqlarını bildirib.

Elmi sessiyada Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Hüseyn Cavidin yaradıcılığında milli və dini kimlik motivlərinin təcəssümü” mövzusunda məruzə edib. M.Babaşlı bənzərsiz yaradıcılıq üslubu, geniş mövzu dairəsi, ümumbəşəri təfəkkürü ilə fərqlənən Cavidin ədəbiyyat tariximizdə özünəməxsus şərəfli yer tutan sənətkar olduğunu deyərək, onun milli kimlik anlayışının əsasını təhsilə, tərbiyəyə və elmə yiyələnmək zərurətinin təşkil etdiyini vurğulayıb. Türkçülük ideyalarının alovlu tərənnümçüsü kimi tanınan şairin əsərlərində türkçülüklə azərbaycançılığın vəhdət təşkil etdiyini deyən məruzəçi onun ortaq türk ədəbi dilinin türk dünyasının birliyi üçün ən önəmli şərtlərdən biri olduğuna inandığını, əsərlərində türkçülük ideyalarının təbliğinə geniş yer verdiyini qeyd edib, Cavidin təkcə Azərbaycan şairi deyil, bütün türklüyə məxsus, türk şairi olduğunu, türklərin də, türk dünyasının da onu öz milli şairi kimi tanımasının, sevməsinin təbii və zəruri olduğunu vurğulayıb.

Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu “Hüseyn Cavidin ictimai şeirlərində Mehmet Akif Ərsoy poeziyasının təsiri” adlı məruzəsində bu iki şəxsiyyətin XX əsr türk dünyasının ədəbi, ictimai fikrində görkəmli yer tutduğunu, zəngin ədəbi irs qoyub getdiklərini deyərək, onların bütün türk dünyasının və islam aləminin qanayan yaralarına öz şəxsiyyətləri və əsərləri ilə məlhəm olmağa çalışdıqlarını, hər ikisinin türk-islam aləminin sürükləndiyi faciələr qarşısında sipər olduğunu bildirib. Məruzəçi M.Akif Ərsoy kimi geniş istimai fəaliyyəti sayəsində əsərlərində qaldırdığı yerli və beynəlxalq məsələləri işıqlandıran Cavidin cəmiyyətin sosial-ictimai yaralarını ədəbiyyata gətirməklə müasir Azərbaycan ədəbiyyatının çərçivələrini aşa bildiyini qeyd edib.

İnstitutun Nəşriyyat və elmi informasiya təminatı şöbəsinin əməkdaşı Ülviyyə Eminova elmi sessiyada “Hüseyn Cavid və Əbdülhaq Hamid Tarhan dramlarında qadın hüquqları problemi” mövzusunda məruzəsində Hüseyn Cavid yaradıcılığında qadın probleminin öz aktuallığı və orijinallığı ilə seçildiyini, böyük ədibin ədəbiyyata qədəm qoyduğu ilk zamanlardan qadın məsələsinə maraq göstərərək, bu aktual mövzunu istər şeirlərində, istər də dram əsərlərində önə çəkdiyini vurğulayıb. Məruzəçi bir çox dramları qadın surətlərin adları ilə adlandıran Cavidin qadınları öz hüquqları uğrunda fəal mübarizəyə səslədiyini və qadınlara öz hüquqlarını əldə etməyin yolunun maariflənmədə,  mədəni tərəqqidə olduğunu göstərdiyini qeyd edib. Ü.Eminova bu baxımdan Cavidin bir sıra əsərləri ilə türk şairi Əbdülhaq Hamid Tarhanın əsərlərinin müqayisəli təhlilini aparıb.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: