Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutu cari ilin hesabatını təqdim edib
30.11.2022 17:32
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutu cari ilin hesabatını təqdim edib

AMEA-nın Qafqazşünaslıq İnstitutu 2022-ci ildə aparılmış elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü  Musa Qasımlı məruzəsində bildirib ki, sözügedən elmi müəssisədə 2022-ci ildə 2 elmi istiqamət, 3 problem, 5 mövzuya dair 14 tədqiqat işi aparılıb. Araşdırılan problemlər Qafqaz dövlətlərinin daxili siyasi və sosial-iqtisadi problemləri, Qafqazda dövlətlərarası münasibətlər, xarici ölkələrin region siyasətini əhatə edir. Hesabat ilində institut əməkdaşlarının Türkiyədə 1, Azərbaycanda 8 kitab və 1 tədris-metodiki vəsaiti, 198 məqaləsi və tezisi, internet saytlarında və qəzetlərdə isə 110 məqaləsi çap olunub. Onlardan 125-i xarici ölkələrdə Türkiyə, Rusiya, Gürcüstan, Pakistan, Ukrayna, Polşa, Almaniya, Rumıniya, BƏƏ, ABŞ-da işıq üzü görüb. Bundan əlavə, impakt faktorlu jurnallarda 9 məqalə (M.Qasımlı 2, R.Dadaşova 1, V.Ömərov 1, E.Kəlbizadə 3, G.Feyziyeva 1) çap edilib.

Türkiyə, Rusiya, İspaniya, Ukrayna, Polşa, Norveç, Türkmənistan, Belarus, Keniya və digər ölkələrin alim və tədqiqatçıları institut əməkdaşlarının əsərlərinə 41 dəfə (M.Qasımlı - 15, R.Dadaşova - 6, V.Ömərov - 2, E.Kəlbizadə - 15, Y.Baxşıyeva - 1, N.Məmmədova - 2) istinad ediblər. “Web of Science” platformasında istifadə olunan ən əsas elmmetrik göstəricilərdən biri olan h-index (Hirşa indeksi) üzrə 13 olub.

Hesabat dövründə AMEA-nın müxbir üzvü Musa Qasımlının başçılığı altında institut əməkdaşlarının (E.Kəlbizadə, Y.Baxşıyeva) yazdığı “Ermənistan İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində (1991-2021-ci illər)” adlı kitab nəşr edilib. İlk dəfə olaraq İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində Ermənistanın yeri istifadəsi mümkün olan mənbə və ədəbiyyatlar əsasında tədqiq olunub. 5 fəsildən ibarət olan əsərdə iki dövlət arasında siyasi münasibətlərin vəziyyəti, Ermənistandakı yəhudi, İsraildəki erməni icmalarının qarşılıqlı münasibətlərə təsiri, Ermənistanda antisemitizm, İsrail əleyhinə mübarizə aparan zorakı qeyri-dövlət aktorları ilə Ermənistanın və erməni təşkilatlarının əlaqələri, Ermənistanın və erməni təşkilatlarının İsrailin Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaq istiqamətində fəaliyyət üsulları və b. məsələlər mümkün fakt və materiallar əsasında araşdırılıb. 

AMEA-nın müxbir üzvü M.Qasımlının baş redaktoru, G.Musayevanın məsul katibi olduğu və Azərbaycan, rus, ingilis dillərində nəşr edilən, iki beynəlxalq indeksə (SAJİ, Citefactor) daxil olan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının üçüncü sayı işıq üzü görüb. Həmçinin 2022-ci ildə xarici ölkələrdən alim və tədqiqatçıların iştirakı ilə keçirilmiş Qafqazşünasların III beynəlxalq forumunun materialları (2 kitabda) və “Şuşa İli”nə həsr olunmuş “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransının tezisləri, “Qafqazşünaslığın aktual problemləri (məqalələr məcmuəsi)” nəşr edilib.

İnstitutun www.caucasusstudies.az saytına il ərzində 4200 baxış, əsasən Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Fransadan olub. “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının www.jcs.az saytına il ərzində 1600 baxış olub. İlk beşliyi Azərbaycan, ABŞ, Çin, Yaponiya və Ukrayna tutur.

İnstitutda kadr hazırlığı məsələləri də uğurla aparılıb. Hesabat ilində əməkdaşlardan 1 nəfərə (Q.Hacıyev) professor elmi adı verilib, 2 nəfər (G.Musayeva, S.Həbibbəyli) fəlsəfə doktoru dissertasiyasını müdafiə edib, 2 nəfərin (G.Feyziyeva, Y.Baxşıyeva) fəlsəfə doktoru dissertasiya işi müdafiə şurasındadır.

Elmi şuranın işində AMEA-nın müxbir üzvü Şahbaz Muradov və Rəyasət Heyətinin nümayəndəsi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: