AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Pakistan İslam Respublikasının Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru, f.e.d. Fərhad Nur və həmin institutun elmi işçisi, iqtisadçı analitik, Dr. Asif Məhəmməd Nurla görüş keçirilib.
Görüş zamanı Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə qonaqları salamlayaraq, onları burada görməkdən məmnunluğunu ifadə edib.
İlham Məmmədzadə öncə institutun elmi fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verərək, rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə toxunub və gələcəkdə birgə elmi layihələrin hazırlanması barədə müzakirələr aparıblar. Azərbaycanla Pakistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyən alim bu inkişafın sayəsində xalqlarımızın daha da yaxınlaşmasından danışaraq, onun siyasi-iqtisadi əhəmiyyətini təhlil edib.
İlham Məmmədzadə çıxışında onu da vurğulayıb ki, “Şuşa İli” və “Heydər Əliyev İli” ilə əlaqədar birgə elmi konfransların təşkili və tədbirlərin keçirilməsi nəzərdə tutulub.
“Pakistan elmini təmsil edən böyük şəxslər, fikir adamları var. İstərdik ki, gələcək əlaqələrimizdə bu elm adamları ilə yaxından tanış olaq, birgə əmkdaşlıq edək və elmi konfranslar keçirək”, - deyə professor qeyd edib.
Görüşdə iştirak edən Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, institutun elmi katibi, f.ü.f.d. Sevinc Həsənova, Qabil Camalov, f.e.d., professor Sakit Hüseynov, f.ü.f.d. Zöhrə Əliyeva, s.e.ü.f.d., dosent Sənan Həsənov, elmi işçilər Samirə Dadaşova və Hafizə İmanova Azərbaycan-Pakistan dostluq əlaqələrindən, bu əlaqələrin tarixi köklərindən söz açıblar. Həmçinin institut alimlərinin Pakistan elmi cəmiyyəti ilə qurulan əlaqələrindən, bu ölkənin elmi jurnalları ilə əməkdaşlıqlarından danışıblar.
Qonaqpərvərlik üçün minnətdarlıqlarını bildirən Asif Məhəmməd Nur və Fərhad Nur bundan sonra da birgə elmi əlaqələrin inkişafı üçün çalışacaqlarını bildiriblər.
Sonda qonaqlara institutun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər” kitabı hədiyyə edilib.
Qeyd edək ki, 2021-ci ilin əvvəllərində Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutu və Fəlsəfə və Sosiologiya İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında memorandum imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.