Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.12.2022 09:30
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının iclası keçirilib.

İnstitutun baş direktoru, akademik Akif Əlizadənin sədrlik etdiyi iclasda gündəlik təsdiq edildikdən sonra 2022-ci ildə tamamlanmış elmi-tədqiqat işləri üzrə hesabatların dinləmələri keçirilib.

“Müdafiə sənayesində istifadə məqsədilə Kiçik Qafqazın şimal-şərq yamacı və Talış zonasının geoloji komplekslərinin müxtəlif strateji xammal (nadir torpaq elementləri, titan-maqnetit qum daşları) perspektivliyinin elmi qiymətləndirilməsi (2021-2022)” mövzusunda AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin təqdimatı dinlənilib. Məruzəçi bildirib ki, maqmatik və nadir torpaq elementlərinin aşkarlanması məqsədilə Gədəbəy, Daşkəsən, Göygöl, Lerik, Astara rayonlarında çöl tədqiqatları aparılaraq süxur nümunələri götürülüb və onların üzərində uyğun laborator analizlər yerinə yetirilib. Analoji işlər Talış zonasında da yerinə yetirilib. Titan filizləşməsi üzrə Şəmkir, Daşkəsən qalxımı hüdudlarında, Lənkəran-Astara sahilyanı ərazilərində titanlı-maqnetetli və titanlı avqet-maqnetetli qumdaşları tədqiq edilib. Ağcakənd əyilməsi hüdudlarında və digər obyektlərdə də  icra olunumuş tədqiqatlar nəticəsində  qumdaşlarının tərkibi müəyyənləşdirilib.

Məruzəçi çoxsaylı sualları cavablandırıb. Mövzu ətrafında çıxışlardan sonra Elmi şura T.Kəngərlinin hesabatını qəbul edib. 

“Duruca struktur-formasiya zonasında nadir və nadir torpaq elementləri potensialının geokimyəvi qiymətləndirilməsi (2020-2022)” mövzusu üzrə Filiz - maqmatik sistemləri və minerageniya şöbəsinin müdiri g.-m.e.d. Rauf Kərimovun təqdimatı çoxsaylı tədqiqat iş nümunələri, yeni fakt və rəqəmlərlə diqqəti cəlb edib. Məruzəçi  vurğulayıb ki, ilk dəfə olaraq Duruca struktur-formasiya zonasının qara şist və flişoid formasiyalarının kompleks tədqiqatları nəticəsində bir sıra nadir və nadir torpaq elementlərinin, həmçinin nəcib və radioaktiv metalların paylanma xüsusiyyətləri araşdırılaraq onların axtarışı üçün zonalar müəyyənləşdirilib. Duruca zonasında ilk dəfə molibdenin məxsusi  mineralı - molibdenit aşkar edilib. Məruzəçi sonra bir sıra digər yeni tədqiqatların axtarış nəticələrini də açıqlayıb.

Sonra Geologiya və Geofizika İnstitutunun redaksiya-nəşriyyat fəaliyyəti haqqında y.e.ü.e.d. Qulam Babayev məruzə edib. Alim “ANAS Transactions”, “Neftli-qazlı hövzələrin stratiqrafiya və sedimentologiyası” jurnalının yaradılması, iş prinsipi və perspektivləri haqqında müfəssəl danışıb. Bildirilib ki, 2018-ci ildən bu günə kimi elmi jurnalın 9 nömrəsi oxuculara təqdim edilib, hazırda növbəti nömrə çap ərəfəsindədir. Alim vurğulayıb ki, görülən işlərin nəticəsində 78 məqalə “Scopus” beynəlxalq bazasına daxil edilib. 

Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzinin rəhbəri Nazim Sadıqov Geologiya və Geofizika İnstitutunun analitik bazasının vəziyyəti və aparılan işlərin effektivliyi haqqında Elmi şura iştirakçılarına məruzə edib.

N.Sadıqovun qeyd edib ki, mərkəzdə istifadədə olan mövcud cihaz və avadanlıqlar hər il davamlı olaraq xarici mütəxəssislər tərəfindən texniki baxışdan keçirilir və sonrakı istifadə üçün təminat verilir. Müasir texnikanın və mərkəz işçilərinin məhsudar işləri sayəsində hazırda ölkənin, demək olar ki, bütün strukturlarından analizlər qəbul edilir. GGİ mütəxəssisləri üçün görülən işlər ödənişsiz yerinə yetirilir.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: