Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.12.2022 10:01
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Şuşaya həsr olunmuş kitabların təqdimatında iştirak edib

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Şuşaya həsr olunmuş kitabların təqdimatında iştirak edib

Beynəlxalq Muğam Mərkəzində "Şuşa - Zirvədən uca" və "Şuşa - Qarabağın ulduzu" adlı kitabların təqdimatı keçirilib.

Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli və digər mədəni-ictimai xadimlər, media mənsubları iştirak ediblər.

Mədəniyyət naziri Anar Kərimov sözügedən kitabların önəmindən danışıb: "Bu il Şuşa ilə bağlı bu cür kitabların nəşri ölkəmizdə cənab Prezident tərəfindən "Şuşa İli"nin elan edilməsi ilə bağlıdır. Şuşa şəhəri Azərbaycan üçün, onun mədəniyyəti üçün olduqca əhəmiyyətli və müqəddəsdir. Hansı ki bu torpağı və ümumilikdə Qarabağı ordumuzun qanı-canı bahasına, cənab Prezidentimizin güclü siyasəti nəticəsində azadlığa qovuşdurduq. Şuşanın mədəni mərkəz kimi, müqəddəs məkan kimi təbliğinin kitablarda, kataloqlarda da əksini tapması vacib və əhəmiyyətlidir".

Nazir çıxışından sonra “İrs” Nəşriyyat Evinin rəhbəri Musa Mərcanlını "Şuşa-270" döş nişanı təltif edib.

Daha sonra çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitabları "Şuşa İli"nə töhfə kimi qiymətləndirib: "Bu kitab, sözün əsl mənasında, Şuşanın tarixi pasportudur. Kitabda Şuşanın tarixi, mədəni dünyası özünü göstərməkdədir. Kitabda, həmçinin Şuşanın Azərbaycan elminə, incəsənətinə bəxş etdiyi şəxsiyyətlər haqqında dəqiq informasiyalar da yer almaqdadır. Kitabdakı arxiv materialları, nadir sənədlər isə, dediyimiz kimi, bu ilə töhfədir".

Çıxışlar bitdikdən sonra təqdimat mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycan-ingilis və Azərbaycan-rus dillərində hazırlanan kitablarda Şuşa şəhərinin qədim tarixi, mədəni həyatı, maddi-mədəni abidələri, işğal dövründə məruz qaldığı dağıntılar və azadlığa qovuşması zəngin mətn və fotofaktlarla təqdim olunub.

APA

  • Paylaş: