Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.12.2022 12:32
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda laboratoriyaların 2022-ci il üzrə hesabat iclası keçirilib

Biofizika İnstitutunda laboratoriyaların 2022-ci il üzrə hesabat iclası keçirilib

AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə baş tutan tədbirdə Biofizika İnstitutunda fəaliyyət göstərən laboratoriyaların 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına dair laboratoriya rəhbərlərinin və icraçıların hesabatları dinlənilib.

İclasda institutun Molekulyar və hüceyrə biokimyası, İnteqrativ biologiya, Biomolekulların strukturu, dinamikası və funksiyası, Ekoloji biofizika, Molekulyar və hüceyrə onkologiyası laboratoriyalarının müdirləri, b.e.d. Kərim Qasımov, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, professor Tokay Hüseynov, b.ü.f.d. Leylaxanım Məlikova və müvafiq elmi işlər üzrə icraçılar dosentlər Rasim Aslanov, Sevinc Cəfərova, k.e.i. Zərifə Osmanlı təqdimatla çıxış edərək elmi müəssisənin laboratoriyalarında 2022-ci ildə aparılan elmi tədqiqat işlərinin mühüm nəticələri, onların elmi və praktiki əhəmiyyəti, beynəlxalq indeksli jurnallarda dərc edilmiş elmi məqalələr, qrant layihələri, kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası, konfranslarda iştirak, beynəlxalq elmi əlaqələr və əməkdaşlıq haqqında hesabat veriblər.

Təqdim olunan hesabatlara dair çıxış edən institutun baş direktoru, professor Oktay Qasımov bildirib ki, cari ildə laboratoriya əməkdaşlarının elmi fəaliyyəti uğurlu olub. Diqqətə çatdırıb ki, laboratoriyalarda tədqiqatlar əsasən iki mövzu üzrə aparılıb və cari ildə 2 mühüm elmi nəticə əldə olunub. Həmçinin institut əməkdaşlarının 12 məqaləsi işıq üzü görüb, onlardan 2-si yüksək impakt farktorlu Q1 və Q2 kateqoriyalı beynəlxalq jurnallarda dərc edilib. Hesabat ili ərzində əməkdaşların məqalələrinə 278 istinad olunub. Əlavə edib ki, institutun alimləri hesabat ilində beynəlxalq əməkdaşlıq əlaqələrini davam etdirərək Türkiyə, ABŞ, İtaliya, Pakistan, İsveçrə, Belarus Respublikası və Fransadan olan həmkarları ilə beynəlxalq səviyyəli tədqiqatlar aparıblar.

Sonra çıxışlar ətrafında geniş müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib. Müzakirələrdə iştirak edən şura üzvləri və iclasa ekspert qismində dəvət olunmuş Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının professoru Nağı Musayev institutun laboratoriyalarında cari ildə görülən işləri yüksək qiymətləndiriblər.

Sonda açıq səsvermə keçirilərək laboratoriyaların 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında illik hesabatları Elmi şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: