Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Koroğlu” dastanının Güney variantları
06.12.2022 09:50
  • A-
  • A
  • A+

“Koroğlu” dastanının Güney variantları

Cənubi Azərbaycanda yaranmış və yayılmış folklor nümunələrinin fədakar toplayıcısı, mərhum hüquqşünas Əli Kəmali uzun illər əldə etdiyi materialların xeyli hissəsini ölümündən qabaq Təbrizdə AMEA-nın Folklor İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamilə ərmağan etmişdir. “Koroğlu” dastanının aşıqlar tərəfindən 7 kasetə söylənmiş qollarından ibarət Əli Kəmali variantlarını Folklor İnstitutu araşdırıb tərtibat verərək nəşr edib.

Nəşrdə bildirilir ki, Əli Kəmali peşəkar folklorçu deyildi. Ətrafındakı dar düşüncəlilərin “Türklərin ədəbiyyat və folkloru yoxdur. Bu dildə gözəl bədii nümunələr yaratmaq olmaz” məzmunlu dedi-qoduları onu doğulub boya-başa çatdığı bölgənin ədəbi nümunələrini toplamağa təhrik etmişdir. Sanki zəngin bir xəzinə ilə rastlaşdığını görən gənc hüquqşünas sonralar dairəni genişləndirmiş, İranın güneyində və doğusunda yaşayan türklərdən də folklor nümunələri toplamağa başlamışdır.

İranda islam inqilabından sonra türkcə məhdud sayda qəzet və jurnalların nəşri, xüsusən də mərhum Cavad Heyətin nəşr etdiyi “Varlıq” dərgisi Əli Kəmalini bu sahədə ardıcıl işləməyə həvəsləndirmiş, onun ömür yolunu dəyişmişdir. Məşhur türkoloq Həmid Nitqinin ədəbiyyatımız, dilimiz, tariximiz haqqında məqalələri də onun ağız ədəbiyyatı örnəklərini toplamasına güclü təkan vermişdir.

Beləliklə, Savə, Həmədan, Qəzvin, Xorasan, Şiraz və başqa bölgələrdən XVII–XX yüzillərdə yaşamış şairlərin, aşıqların heç yerdə çap olunmamış şeirlərini, dastanları, nağılları, bayatıları, atalar sözlərini və s. toplamağa başlamışdır. Özü gedə bilmədiyi yerlərə başqalarını göndərmiş, onların məsrəflərini ödəmiş, söyləyicilərə də həvəsləndirmək üçün müəyyən məbləğdə pul vermişdir.

Sağlığında Əli Kəmalinin topladığı materiallar və elmi fəaliyyəti ­ Azərbaycanda, Türkiyədə, İranda, İsveçdə yaşayan ziyalıların və elm adamlarının da diqqətini özünə çəkmiş, haqqında məqalələr yazmışdır. Lakin onun topladığı materialların nəşri çox ləngimişdir. Səbəbi də Ə.Kəmalinin bu işlə davamlı məşğul ola bilməməyi olmuşdur. Növbəti kitabları çap etdirmək və ailəsini dolandırmaq üçün vaxtının çoxunu vəkilliyə həsr etmiş, insanların hüququnu qorumağa çalışmışdır. Ölümündən sonra isə onun arxivi araşdırıcıların üzünə bağlanmışdır.

Ə.Kəmalinin doğulub boya-başa çatdığı bölgə Mərkəzi İranda yerləşsə də, daha çox Savə şəhərinin adı ilə tanınır. XX yüzilin başlanğıcınadək burada soykökü Xələc, Əfşar və Şahsevən tayfalarına bağlı türklərin 800-ə yaxın kəndi olmuşdur. Yüzilliyin sonlarına yaxın isə hökumətin yeritdiyi siyasət və şəhərləşmə nəticəsində kəndlərin sayı 450-yə enmişdir. Ə.Kəmali folklor materiallarının çoxunu da məhz bu kəndlərdən toplamışdır.

Əli Kəmalinin topladığı “Koroğlu” dastanının qollarının adlandırılması “Kitabi-Dədə Qorqud”un boylarının adını, M.Füzulinin “Leyli və Məcnun” poemasının fəsillərinin başlıqlarını və s. orta əsr qaynaqlarını yada salır. Məzmunca da bir oxşarlıq var. Belə ki, “Dədə Qorqud” boylarında olduğu kimi, Aşıq Əliəkbər də bir neçə qolun sonunda dastanın adını çəkir. Güneydə “Koroğlu” dastanının bir neçə nəşri olsa da, Aşıq Əliəkbər Qulamhüseyn Sədri Əfşarın 1347-ci ildə (miladi 1968) Tehrandakı “İbn Sina” nəşriyyatında çap etdirdiyi kitabla tanış olub.  Bu da Hümmət Əlizadənin Bakıda 1941-ci ildə “­Azərnəşr”də nəşr olunmuş kitabı əsasında çapa hazırlanıb.

Aşıq Əliəkbər Koroğlunun İrana gəlmədiyini bir neçə dəfə vurğulayır. Onun Ərzurum ətrafında yaşadığını və Osmanlıya səfər etdiyini söyləyir. “Bu da Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi” qolunu danışanda Türkmənsəhradan söz açır. Ərzurum ətrafında yaşayan Koroğlu İrandan keçmədən Türkmənsəhraya gedə bilməzdi. Bu da onu bir daha göstərir ki, aşığın söylədiyi və əlyazmalardakı variantlarda Türkmənistan, Türkmənsəhra, Təkə Türkmən məlum bir coğrafi məkan deyil, ümumiyyətlə, türkmənlərin yaşadığı yer anlamındadır.

İstər Aşıq Əliəkbərin söylədiyi, istərsə də əlyazmalardakı variantlarda Yumuğ Əhməd, Qulu bəy kimi maraqlı obrazlar var. Koroğlu Nigar xanımı gətirərkən yolda Qulu bəyin ox atmağına heyran olur. Onu zorla atasından ala bilməyəcəyini gördükdə Nigar xanım işə qarışır. Atasını, anasını dilə tutaraq Qulu bəyi özünə qardaş kimi Çənlibelə gətirir. Yumuğ Əhməd və Qulu bəyin adıyla bağlı ayrıca qollar olmasa da, onlar əksər qollarda ən fəal iştirakçılardırlar.

Koroğlu dəlilərindən bəzilərinin adının sonuna “balı” sözü əlavə edilir. İsabalı, Eyvazbalı, Əhmədbalı və b. Görünür, “balı” sözünün də xüsusi bir anlamı, mənası var. Mətnlərdə Koroğlunun nəsli və qohumları ilə bağlı maraqlı faktlar var. Variantlarda Ərəb Reyhanın, Mustafa bəyin də tərcümeyi-hallarına, Koroğlu və Eyvazla qohumluqlarına diqqət yetirilir. Bu faktları nəzərdən keçirdikdə Koroğlu adıyla məşhurlaşan Rövşənin sadə bir ilxıçı oğlu deyil, əsilzadə bir nəslin – Əli xan Xacə Mirzənin və Qeysər-i Rumun qızı Səlibi xanımın övladı olduğu aşkara çıxır.

Dastançılıq ənənələrimizdə qəhrəmanlar sadə xalqdan deyil, əsilzadələrdən seçilir. Qəhrəman hətta kasıb bir ailənin övladı kimi təsvir edilsə də, sonda onun hansısa bir əsilzadədən olduğu, müxtəlif səbəblərdən kasıb ailəyə düşdüyü təsvir edilir. Bu baxımdan Əli Kəmali arxivindəki “Koroğlu” dastanının variantlarında qəhrəmanın əsilzadə kimi göstərilməsi təbii görünür.

Güney variantında sinfi mübarizə özünü göstərmir. Koroğlunun dostları arasında xanlar, paşalar, tacirlər də var, kasıb-kusub da. Yəni Koroğlu bir orta əsr cəngavəridir. İnsanlara sinfi munasibətə görə deyil, şəxsi münasibətə görə qiymət verir. Hətta Koroğlunun qorxusundan Çənlibeldən qaçmış Aşıq Cününü geri qaytaranda Türkmənbaşı ərklə ona deyir: “Əgər sənə çəb baxa(yəni Koroğlu-Ə.Ş.) gözdərin çıxardaram. Və bəd Koroğlu heç vədə mənsiz Çamlibeldə dura bilməz”.

Əli Kəmali arxivindən alınmış materiallar çapa hazırlanarkən Azərbaycan folklorçuları onu 3 fəslə ayırıblar. Birinci fəsildə Aşıq Əliəkbər Qurbaninin lentə söylədikləri olduğu kimi kağıza köçürülüb. İkinci fəslə müxtəlif xətlə yazılmış əlyazmaları əski əlifbadan latın əlifbasına çevrilmişləri daxil edilib. Üçüncü fəslə isə Əli Kəmalinin rəhbərliyi ilə H. Güneylinin çap üçün hazırladığı 2 qolun əski əlifbadan latın əlifbasına çevrilmiş mətni əlavə olunub.

“Xalq qəzeti”

  • Paylaş: