Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.12.2022 11:45
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə görüş keçirilib

Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə görüş keçirilib

AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və 129 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Kiçik akademiya” rəhbərləri institutun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovla görüşüblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhluqə Əzizova qonaqları salamlayaraq görüşün mahiyyəti və gələcək faydaları barəsində məlumat verib.

Sonra söz AMEA-nın müxbir üzvü Misir Mərdanova verilib. Görüşdə professor elm və təhsilin inteqrasiyası, mövcud şəraitdə şagirdlərin uğurlar qazanması, gənc alimlərlə şagirdlərin birgə işləməsi, fikir mübadiləsi aparması barədə tövsiyələrini verib.

Daha sonra institutun şöbə müdiri, f.-r.e.ü.f.d. Əbdürrəhim Quliyev dünya olimpiadasının tarixi, dünya riyaziyyat olimpiadası haqqında şagirdlərə qısa məlumat verdi. Həmçinin natiq riyaziyyat sahəsində istedadlı şagirdlərin seçilməsi və dünya riyaziyyat olimpiadasına hazırlanması barəsində müəllimlərə və şagirdlərə öz tövsiyələrini bildirib.

Həmçinin görüşdə məktəbin kiçik akademiyasının üzvlərinin il ərzində gördüyü işlər haqqında hesabatı dinlənilib. Şagirdlər əldə etdikləri uğurların bir qismini təqdimat şəklində institutun alimlərinə və digər iştirakçılara nümayiş etdiriblər.

Əldə olunan nəticələr mütəxəssislər tərəfindən müzakirə edilib və qənaətbəxş hesab olunub.

Görüşdə iştirak edən digər məktəblərin kiçik akademiya rəhbərləri gördükləri işlər haqqında məlumat veriblər, mütəxəssislərlə əldə edilən uğurlar və bir sıra çətinliklər barədə fikir mübadiləsi aparıblar.

Sonda çıxış edən Bakı şəhər təhsil idarəsinin baş mütəxəssisi Sevinc Əzizova məktəblərdə kiçik akademiyalarla aparılan işlər barəsində məruzə edib.

Görüşdə institutun alimləri ilə şagirdlər arasında mütəmadi görüşlərin təşkil olunması, şagirdlərin əldə etdikləri uğurlara davamlı dəstəyin verilməsi, təqdim olunan işlərin daha böyük uğurlar qazanması üçün fikir mübadilələrinin aparılmasının vacibliyi vurğulanaraq institutla məktəb arasında memorandum imzalanması məqsədə uyğun hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: