Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində üzərində insan və cəng arabası təsvir olunan arxeoloji qızıl çərçivəli möhür qorunur
07.12.2022 16:42
  • A-
  • A
  • A+

Tarix Muzeyində üzərində insan və cəng arabası təsvir olunan arxeoloji qızıl çərçivəli möhür qorunur

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində metallurgiya və zərgərlik sənəti sahəsində qədim biliklərin mövcudluğunu sübut edən xeyli sayda artefaktlar əldə olunub. Bu arxeoloji tapıntıların əksər hissəsi Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunur. Kolleksiyanın əksər hissəsini zərgərlik məmulatları təşkil edir. Hazırda muzeyin qiymətli metallardan ibarət arxeoloji kolleksiyası ölkədə ən dəyərli və çoxsaylı olması ilə seçilir. Üzərində insan və cəng arabası təsvir olunan arxeoloji qızıl çərçivəli möhür də muzeyin incilərindəndir.

Mil düzündəki kurqanlar silsiləsi, xüsusən də Üçtəpə dərəsindəki Böyük kurqan ilk dəfə elmi ictimaiyyətə 1956-1960-cı illərdə məlum olub. Görkəmli alim Aleksandr Aleksandroviç İyessenin rəhbərlik etdiyi arxeoloji ekspedisiya tərəfindən bəhs olunan qəbirdə tunc dövrünə aid zəngin materiallar aşkar edilib. Qəbirdə olan maddi mədəniyyət nümunələrinin VII əsrin I yarısına aid olduğu müəyyən edilib. Alimlərin qənaətinə görə, qəbir yerli sakinə, Qafqaz Albaniyası qoşunları tərkibində olan döyüşçüyə məxsus olub. Qəbirdə 20-30 yaşlı, boyu azı 175 sm, türklərə xas cizgiləri olan kişi döyüşçünün-skeletin boynunda qızıldan çərçivəsi olan əqiq möhür asılmışdı. Möhürün çənə sümüyü altında tapılması və çərçivəsində məftil ilgəyin olması onun boynunda, ipdən asıldığını deməyə əsas verir. Qızıl çərçivəli olan əqiq möhür ellips formalıdır, üzərində insan və cəng arabası təsvir olunub. Maraqlıdır ki, möhürdə olan at arabasında döyüşçü təsviri antik dövrlərə xasdır. Ehtimal olunur ki, bu möhür artıq IV əsrdən məlum olan hakimiyyət rəmzi kimi istifadə olunub. Qızıl çərçivəli möhür döymə, əymə, lehimləmə, yonma və daş bərkitmə texnikası ilə işlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: