Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2022 18:30
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Müasir Azərbaycan dövlətinin banisi və qurucusu” mövzusunda elmi sessiya keçirilib

Şərqşünaslıq İnstitutunda “Müasir Azərbaycan dövlətinin banisi və qurucusu” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Müasir Azərbaycan dövlətinin banisi və qurucusu” mövzusunda elmi sessiya keçirilib.

Tədbirin əvvəlində Şərqşünaslıq İnstitutunun əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Ulu Öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. Akademik G.Baxşəliyeva Ümummilli Liderin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib. G.Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycanda böyük iqtisadi inkişafa nail olduğunu vurğulayıb.

G.Baxşəliyeva Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə göstərdiyi diqqətdən danışıb. İnstitut rəhbəri Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini qeyd edib.

Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib. G.Baxşəliyeva Heydər Əliyev məktəbi keçmiş cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdə mühüm rolu olduğunu deyərək, dövlət başçımızın məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin söz sahibi olan qüdrətli dövlətə çevrildiyini və bu mövqeyə çatmaqda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xidmətlərinin əvəzsiz olduğunu bildirib.

Elmi sessiyada institutun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova “Heydər Əliyevin elm və təhsilin inkişafında rolu” mövzusunda məruzə edib. Ulu Öndərin 90-cı illərdə yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi elm və təhsildə də dirçəlişin baş verdiyini deyən L.Bayramova Ümummilli Liderin bu sahələrə xüsusi həssaslıqla yanaşdığını və daim qayğı göstərdiyini vurğulayıb.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə “Ulu Öndərin qələbəmiz üçün verdiyi ümidlər” mövzusunda məruzə edib. S.Bayramzadə məruzəsində Heydər Əliyevin yenidən hakimiyyətə gəlməklə Azərbaycan dövlətçiliyini qorumaqla yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşməsinin əsasını qoyduğunu qeyd edib. Ulu Öndərin Azərbaycanın azadlığı və bütövlüyünün bərpası yolunda işləyib hazırladığı və həyata keçirdiyi həm daxili, həm də xarici siyasətin uğurla nəticələnəcəyinə inandığını deyən məruzəçi, onun Qarabağın azad ediləcəyinə inandığını və bu inamı hər bir vətəndaşa, xüsusilə də yurd-yuvalarına dönmək ümidlərini itirmiş məcburi köçkünlərə təlqin etdiyini bildirib. S.Bayramzadə Ulu Öndərin 1994-cü ilin fevralında Böyük Britaniyanı Kral Akademiyasında, həmin ilin iyununda İran səfərində, 1996-cı ilin mayında Şuşa və Laçın rayonlarının sakinləri ilə görüşlərdə və bir sıra başqa tədbirdə söylədiyi xalqımızın qələbəsinə ümid verən fikirləri diqqətə çatdırıb.

İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın iqtisadi inkişafı” mövzusunda məruzə edib. Ulu Öndərin Azərbaycana hakimiyyətə yenidən qayıdışı ərəfəsində ölkədəki siyasi, iqtisadi vəziyyət və hakimiyyət böhranından danışan N.Məmmədov Ümummilli  Liderin qayıdışından sonra baş verən iqtisadi dəyişikliklərdən, güclü iqtisadiyyata və sosial rifaha hesablanmış neft siyasətindən, Azərbaycan iqtisadiyyatına cəlb edilən böyük investisiyalardan danışıb.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: