Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşının monoqrafiyası çap edilib
08.12.2022 13:45
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşının monoqrafiyası çap edilib

Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi riyaziyyat şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent İradə Mirzəzadənin “Artificial Intelligence in Problems Of Diagnostics And Monitoring” adlı monoqrafiyası Almaniyanın “LAP Lambert Academic Publishing GmbH & Co” nəşr evi tərəfindən çap edilib.

Qeyd etmək lazımdır ki, “LAP Lambert Academic Publishing GmbH & Co” baş bürosu Almaniyanın Saarbrücken şəhərində yerləşən “OmniScriptum Publishing Group” nəşr evi qrupunun tərkibindədir. Bu nəşr evi qrupunun, həmçinin Moldova və Mavrikiyada filialları mövcuddur. OmniScriptum Publishing Group” tərəfindən ildə 10 mindən çox elmi iş dərc edilir.

Monoqrafiyada son illər neft-kimya, qaz sənayesinin inkişafı nəticəsində bu sahələrdə istifadə edilən kimyəvi maddələr ilə zəhərlənmə hallarının artdığı qeyd olunub. Belə ki, son illərin statistik məlumatlarına görə, zəhərlənmə hallarının yayılması və müşahidə olunması tezliyinə görə ürək-damar, onkoloji xəstəliklərdən sonrakı yeri tutur. Bu baxımdan kimyəvi maddələrlə zəhərlənmələr fonunda dəm qazından zəhərlənmənin diaqnostikası, ilkin tibbi yardım və müalicə tədbirlərinin aparılması aktual məsələdir.

Monoqrafiyada mövzunun aktuallığı, bu tip məsələlərin həlli üçün informasiya texnologiyalarının tətbiqi, məsələnin qoyuluşu, işin məqsədi, tədqiqat üsulları, elmi yeniliyi, praktiki dəyəri, alınmış nəticələrin realizasiyası haqqında məlumat verilib.

Monoqrafiyanın I fəslində informasiya texnologiyalarının tibbdə tətbiqi, tibbi informasiya sistemlərinin analizi, intellektual sistemlər, ekspert sistemləri araşdırılıb.

II fəsildə həm ölkə ərazisində, həm də digər ölkələrdə dəm qazından zəhərlənmə hallarının epidemioloji vəziyyəti haqqında istinadlar ilə dolğun məlumat bazası təqdim edilib.

Monoqrafiyanın III fəslində dəm qazı və oxşar simptomatikalı bir sıra toksiki maddələrlə zəhərlənmələrin diferensial diaqnostikası üçün riyazi təsnifat aparatı əsasında Bayes metodunun və neyron şəbəkələrin istifadə olunması əsaslandırılıb. Neyron şəbəkə mürəkkəb vəziyyətlərdə, yəni simptomatikanın oxşar olduğu bir sıra hallarda diferensial diaqnostikanın daha dəqiq aparılması üçün tətbiq edilib. Dəm qazı ilə zəhərlənmə hallarında diferensial diaqnostikanın aparılması üçün intellektual-informasiya sisteminin arxitekturası işlənib.

IV fəsildə intellektual-informasiya sisteminin tərkib hissəsindən biri olan monitorinqin aparılmasının təşkilinə baxılıb və əsaslandırılıb. Göstərilib ki, dəm qazı ilə zəhərlənmənin diaqnostikası ilə yanaşı, monitorinqinin aparılmasının böyük əhəmiyyəti var.

Kitab haqqında geniş məlumatla internet səhifələrində (www.morebooks.de www.buchkatalog.de) tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: