Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.12.2022 09:04
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin noyabrı

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin noyabrı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1-3 noyabr. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyədə səfərdə oldu.

4 noyabr. Çörəyin qiymətinin sərbəstləşdirilməsi ilə əlaqədar müşavirə keçirdi.

5 noyabr. Kənd təsərrüfatında aparılan islahatlarla bağlı müşavirə keçirdi.

8 noyabr. Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul etdi.

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüşdü.

12 noyabr. “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 1994-cü il 24 oktyabr tarixli Fərmanın icrasına, əhalinin çörək və çörək məmulatları ilə təminatına həsr olunmuş müşavirə keçirdi.

14 noyabr. Qaçqın və məcburi köçkünlərin problemləri mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxış etdi.

17-18 noyabr. Moskvada işgüzar səfərdə oldu. Səfər çərçivəsində İttifaqlar Evinin Sütunlu salonunda Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr edilmiş təntənəli yığıncaqda nitq söylədi.

19 noyabr. Yeni Azərbaycan Partiyasının yaradılmasının ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində çıxış etdi.

20 noyabr. Dərbənddə yaşayan azərbaycanlıların nümayəndələrini qəbul etdi.

25 noyabr. İslam Konfransı Təşkilatının baş katibi ilə görüşdü.

26 noyabr. Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş mərasimdə nitq söylədi.

28 noyabr. 1994-cü il 3-4 oktyabr hadisələrinə həsr olunmuş toplantı keçirdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il noyabrın 1-3-də Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdə oldu. Bilkent Universitet şəhərciyində yubiley tədbirində və Türkiyə Böyük Millət Məclisində dahi şairin anma mərasimində çıxışlar etdi.

Bilkent Universiteti şəhərciyində çıxışı zamanı Füzulinin ədəbi irsinin türk xalqlarının birliyinə göstərdiyi təsirə diqqət çəkərək dedi: “Beş yüz ildir ki, xalqlarımız Məhəmməd Füzulinin əsərlərindən ilham alaraq, bunların təsiri altında yaşayıb-yaradırlar, öz mənəviyyatlarını, öz mədəniyyətlərini yaşadırlar. Məhəmməd Füzuli öz əsərləri, böyük mədəni-mənəvi irsi ilə xalqlarımızın daim bir-biri ilə yanaşı olmasının, birlikdə olmasının əsasını qoymuşdur. Onun əsərləri xalqlarımızın çətinliklərdən keçərək bu günə gəlib çıxmasına daim kömək etmiş, həmişə bizdən ötrü məktəb olmuşdur, bu əsərlərdən dərs almışıq. Füzuli irsinin qiyməti əvəzsizdir. Azərbaycan xalqı Məhəmməd Füzulinin yaratdığı əsərlərin təsiri altında əsrlər boyu və xüsusən XX əsrdə öz mədəniyyətinin inkişafında böyük nailiyyətlər əldə etmişdir”.

Türkiyə parlamentində çıxışı zamanı isə Heydər Əliyev Füzuli əsərlərinin dünya miqyasında təsir dairəsindən söz açdı, yubiley tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğuladı: “Füzuli 500 il bundan əvvəl də nurlu bir ulduz kimi parlayıb, dünyaya öz şüalarını yayıbdır. Füzuli təkcə Şərqdə yox, müsəlman aləmində, türk dünyasında yox, bütün dünyada, o cümlədən inkişaf etmiş Qərb ölkələrində çox məşhur olmuşdur. Amma Azərbaycan xalqı üçün, bizim üçün Füzuli daha əziz olmuş, sevilmiş, son əsrdə xüsusilə yüksək zirvələrə qaldırılmışdır. Bu gün çox böyük iftixar hissi ilə deyə bilərik ki, Füzuliyə bizim Azərbaycan xalqının, Azərbaycan alimlərinin verdiyi qiymət, onun əsərlərindən daim bəhrələnmələri xalqımızın öz kökünə, adət-ənənəsinə, öz keçmişinə, öz tarixinə, dininə, dilinə nə qədər sadiq qalmasını sübut edir…

Füzuli yubileyi təkcə Füzulinin şəxsiyyətinə, onun yaradıcılığına verilən qiymət deyil. Füzuli yubileyi xalqlarımızın birləşdirilməsinə, yaxınlaşmasına, gələcəkdə bir yolla əzmlə getməsinə şərait yaradan böyük bir hadisədir”.

Ulu Öndərin Türkiyəyə bu səfəri, həmçinin mühüm görüşlərlə yaddaqalan oldu. Səfər çərçivəsində Türkiyə Prezidenti, Böyük Millət Məclisinin sədri ilə, qardaş ölkənin digər yüksəkvəzifəli şəxsləri, işgüzar dairələrin nümayəndələri, habelə xarici ölkələrin səfirləri ilə keçirilən görüşlər əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından atılan növbəti addımlar idi.

Müstəqilliyin ilk illərindən başlanan, respublikanın ozamankı rəhbərliyinin bacarıqsızlığı ucbatından ölkəni bürümüş iqtisadi böhranın, sosial problemlərin aradan qaldırılması vaxt və böyük səylər tələb edirdi. Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğu bir şəraitdə əsas diqqətin ordu quruculuğu məsələlərinə yönəldilməsinə baxmayaraq, Ulu Öndər respublikanı sosial-iqtisadi böhrandan çıxarmaq üçün davamlı iş aparırdı. Noyabrın 5-də kənd təsərrüfatında aparılan islahatların vəziyyətinə həsr olunmuş müşavirə və Heydər Əliyevin tədbirdəki çıxışı bu baxımdan səciyyəvidir.

Sitat: Respublikanın sosial-iqtisadi böhran vəziyyətindən çıxarılması ilə əlaqədar biz dəfələrlə danışıqlar aparmışıq, fikirlər söyləmişik və bildirmişik ki, böhrandan xilas olmaq üçün, Azərbaycanın iqtisadi potensialından səmərəli istifadə etmək üçün yolumuz iqtisadi islahatlar, bazar iqtisadiyyatına keçid yoludur, sərbəst iqtisadiyyata, təşəbbüskarlığa, sahibkarlığa geniş imkanlar yaratmaq yoludur. Respublika ictimaiyyətinin də, xüsusən iqtisadçıların, təsərrüfatla, iqtisadiyyatla məşğul olanların əksəriyyətinin də fikri belədir. Ancaq təəssüflər olsun ki, əməli tədbirlər həyata keçirmək sahəsində irəliyə gedə bilməmişik. Bəzən məndə belə təsəvvür oyanır ki, bir çoxları bu sözləri deyir, ancaq əməli tədbir, iş görmür və ya görmək istəmir, yaxud da bacarmır, yolunu tapa bilmir. Bir çoxları isə fikirləşir ki, mən bunun tərəfdarı olduğumu deyim, amma kim isə bunu eləmək istəmir. Bunu biz hamımız bir yerdə eləməliyik.

1994-cü ilin noyabrı Bakı Dövlət Universitetinin 75 illik yubiley tədbiri ilə də əlamətdar oldu. Tədbirdə “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”, - deyən Ulu Öndər hələ sovet dövründə bu ali təhsil ocağının 50 illik yubileyində Azərbaycan dilində çıxışını xatırlatdı: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu, – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlığını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər. Mən isə onlara dedim ki, burada bir qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz, bu mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir”.

Heydər Əliyevin Bakı Dövlət Universitetinin 75 illiyində söylədiyi nitq Azərbaycanın ilk ali təhsil ocağının tarixi inkişaf yoluna və fəaliyyətinə verilən ən yüksək qiymət idi.

Heydər Əliyevin Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş mərasimdəki nitqindən

• Azərbaycanda ali təhsilin, ümumi təhsilin, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafında Bakı Dövlət Universitetinin xidmətləri əvəzsizdir. Universitetin 75 illik tarixi Azərbaycan Respublikasının elminin, mədəniyyətinin, təhsilinin inkişaf tarixidir.

• Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən mərkəzə çevrilmişdir. Sonrakı dövrlərdə Azərbaycanda yaranmış elmi-tədqiqat institutlarının əksəriyyəti, elmi ocaqların hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür.

• Bakı Dövlət Universiteti yarananda Azərbaycanın milli kadrları az idi, demək olar ki, yox idi. Ona görə də təsadüfi deyil ki, ilk milli Azərbaycan Demokratik Respublikası Bakıda dövlət universitetinin təşkili üçün Rusiya alimlərini dəvət etmiş və onların xidmətləri ilə Bakıda dövlət universiteti yaranmışdır.

Bakı Dövlət Universiteti yaranan vaxt qəbul olunan tələbələrin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı dövrlərdə azərbaycanlı gənclər savadlanmış, universitet təhsili almışlar.

• Bakı Dövlət Universiteti mürəkkəb tarixi bir yol keçmişdir. Onu yaradanlar da Azərbaycan xalqına böyük xidmətlər göstərmiş və sonrakı mərhələlərdə universiteti inkişaf etdirənlər də, fəaliyyət göstərənlər də Azərbaycan Respublikasına çox xidmətlər etmişlər.

• Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanaşı, Azərbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik. Universitet yaranarkən müəllimlərin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı mərhələlərdə universitet Azərbaycanda xalqımızın ana dilinin inkişaf etməsi üçün, təbliğ olunması üçün böyük işlər görmüşdür.

• Bakı Dövlət Universitetinin auditoriyalarında, dərs otaqlarında, kafedralarında Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi üçün də çox işlər görülmüşdür.

  • Paylaş: