Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş “Tək inci” adlı sərgi açılıb
29.12.2022 10:28
  • A-
  • A
  • A+

Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş “Tək inci” adlı sərgi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana həsr edilmiş “Tək inci” adlı sərgi açılıb.

Sərgidə mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu sərgi Prezident İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil olunmuş tədbirlər planının tərkib hissəsidir. Sərginin ekspozisiyası, X.Natəvanın zəngin yaradıcılıq fəaliyyətinin hərtərəfli şaxələri, həm rəsm və bədii nümunələr olmaqla yanaşı, şairənin yaşadığı dövrü əks etdirən bədii-sənədli nümunələrlə zəngindir.

Xurşidbanu Natəvanın ölməz söz sənətindən və əsərlərinin poetik incəliklərindən bəhs edən akademik Rafael Hüseynov şairənin 190 illiyinin respublika səviyyəsində geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, zəmanəsinin görkəmli şəxsiyyətlərindən olan X.Natəvan təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib. Ailənin yeganə övladı olduğundan sarayda onu “Dürrü yekta” (“Tək inci”), el arasında isə “Xan qızı” çağırıblar. Onun uşaqlığı sarayda keçib və dövrünün görkəmli alim və sənətkarlarından dərs alıb. O, dünyəvi elmləri öyrənərək, həmçinin klassik poeziyanı da mənimsəyib.

“Natəvanın yaradıcılığının coşqun çağları Qarabağ ədəbi məclislərinin fəaliyyət göstərdiyi dövrlə sıx bağlıdır”, - deyə bildirən Rafael Hüseynov 1872-ci ildə X.Natəvanın təşəbbüsü və maddi yardımı ilə əsası qoyulan “Məclisi-üns” ədəbi məclisində klassiklərdən tərcümələr edildiyini, Xaqani, Nizami və Füzuli kimi qüdrətli qələm sahiblərinin əsərlərinə nəzirələr yazıldığını bildirib.

Natəvan yaradıcılığının yalnız şairliklə məhdudlaşmadığını söyləyən Rafael Hüseynov qeyd edib ki, o, həm də XIX əsr təsviri sənətimizin “Tək inci”si, ilk qadın rəssamı və bədii tikmə ustası idi. “Gül dəftəri” adlandırılan albomunda Natəvanın qəzəlləri ilə yanaşı, onun sulu boya və karandaşla çəkdiyi 30-a yaxın rəsmləri toplanıb. “Bülbül və qızıl gül”, “Sərçələr”, “Pərvanə və şam” kimi lövhələri şairənin lirik qəzəlləri ruhunda çəkilmiş illüstrasiyalarındandır. Onun “Metex qalası”, “Şeyx Sənan dağı”, “Narınqala”, “Kür qırağı”, “Müctəhid bağı” mənzərələri öz bədii həlli ilə yanaşı, həm də tarixi əhəmiyyət kəsb edir.

O, Xurşidbanu Natəvanın şeirlər məcmuəsinin XX əsrin ilk yarısında bir neçə dəfə çapdan çıxdığını vurğulayıb. Alim Xan qızının əlyazmalarının, şəxsi geyim və əşyalarının nadir eksponat kimi arxiv və muzeylərimizdə saxlanıldığını bildirib: “Şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub. 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində şairənin abidəsinin açılış mərasimi keçirilib. Eyni zamanda, 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 nömrəli Qərarı ilə X.Natəvanın əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıya gətirilmiş və Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilmiş Üzeyir Hacıbəyli, Xan qızı Natəvan və Bülbülün ermənilər tərəfindən Şuşada güllələnmiş heykəlləri 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yenidən Şuşaya gətirilib”.

Sonda Azərbaycan ədəbiyyatında, mədəniyyətində, həmçinin ictimai həyatında dərin izlər salan və mədəni irsimizin zənginləşməsində böyük töhfələr verən bu görkəmli şəxsiyyətə həsr olunmuş sərgiyə baxış keçirilib.

Qeyd edək ki, sərgi 2023-cü il yanvarın sonunadək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: