Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Bilal Bilalovun 60 yaşı tamam olur
02.01.2023 10:37
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Bilal Bilalovun 60 yaşı tamam olur

Ölkəmizdə və dünyada riyaziyyat elminin inkişafında mühüm xidmətləri olan alim, Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalovun 60 yaşı tamam olur.

Bilal Telman oğlu Bilalov 2 yanvar 1963-cü ildə Qazax rayonunun Fərəhli  kəndində anadan olub. 1986-cı ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tətbiqi riyaziyyat fakültəsini bitirib, 1986-1989-cu illərdə MDU-nun əyani aspirantı olub.

1989-cu ildə akademik Y.İ.Moiseyevin rəhbərliyi altında “Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi” mövzusunda MDU-da fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1990-1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent vəzifəsində çalışıb. 1993-1996-cı illərdə MDU-da doktoranturaya daxil olub və orada 1996-cı ildə “Üstlü sistemlərin bazislik xassələri və onların ümumiləşmələri” mövzusunda fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə edib. Həmin ildən AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, baş elmi işçi işləyib. 2002-ci ildən indiyə kimi Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiridir. 2009-cu ildən “Riyazi analiz” ixtisası üzrə professordur. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

B.Bilalovun əsas elmi fəaliyyət sahələri qeyri-harmonik analiz, diferensial tənliklər nəzəriyyəsi, approksimasiya nəzəriyyəsi, bazis nəzəriyyəsi, freym nəzəriyyəsi, operatorların spektral nəzəriyyəsi, analitik funksiyalar üçün sərhəd məsələləri, fazzi nəzəriyyə və tanınmanın riyazi metodlarıdır. Bu istiqamətlər üzrə alim tərəfindən bir çox mühüm nəticələr alınıb. Onun tərəfindən diferensial operatorların spektral nəzəriyyəsində məlum Kostyuçenko sisteminin Riss bazisliyi üçün meyar tapılıb.

B.Bilalov 150-dən çox elmi məqalənin və dörd monoqrafiyanın müəllifidir. Alimin elmi nəticələri “Thomson Reuters” bazasına daxil olan “Proceedings of the American Mathematical Society”, “Mediterranean J. Math.”, “Rocky Mountain J. Math.”, “Complex Analysis and Operator Theory”, “Journal of Function Spaces and Applications”, “Доклады РАН”, “Mathematical Notes”, “Дифференциальные уравнения”, “Abstract and Applied Analysis”, “Numerical Functional Analysis and Optimization”, “Complex Variables and Elliptic Equations”, “Ricerche di Matematica”, “Azerbaijan Journal of Mathematics”, “Proceedings of the Institute of Mathematics and Mechanics, National Academy of Sciences of Azerbaijan” və digər jurnallarda işıq üzü görüb.

Onun tərəfindən 5 elmlər, 20 fəlsəfə doktoru hazırlanıb.

AMEA Rəyasət Heyətinin üzvü (2018-2020), Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının üzvü, Azərbaycan Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü, AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, Azərbaycan Aktuarlar Assosiasiyasının sədri, AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat dərsliklərinin qiymətləndirilməsi üzrə ekspert, Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki doktorluq Dissertasiya şurasının, eləcə də müəssisənin Elmi şurasının üzvü, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvü, “Azerbaijan Journal of Mathematics” və “Caspian Journal of Applied Mathematics, Ecology and Economics” jurnallarının baş redaktorudur.

O, “Azerbaijan Journal of Mathematics”, “Transactions of National Academy of Sciences of Azerbaijan”, “Proceedings of Institute of Mathematics and Mechanics  of National Academy of Sciences of Azerbaijan”, “International Journal of Mathematical Analysis (Bolqarıstan)”, “Advances in Analysis (Çin Xalq Respublikası)”, “The Aligarh Bulletin of Mathematics (Hindistan)”, “Open Journal of Mathematical Analysis”, “Caspian Journal of Applied Mathematics, Ecology and Economics” jurnallarının redaksiya  heyətlərinin üzvü, “American Mathematical  Society”, “Applied Mathematics Letters” (Elsevier), “Proceedings of the Estonian Academy of Sciences”, “Journal of Applied Mathematics and Computing” (Springer), “British Journal of Mathematics & Computer Science”, “Turkish Journal of Matheamtics (Türkiyə)”, “Kragujevac Journal of Mathematics (Serbiya)”, “Sarajevo Journal of Mathematics” və s. beynəlxalq jurnalların rəyçisidir.

Bir çox qrant müsabiqəsinin qalibi olub, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən riyaziyyat üzrə beynəlxalq konfransların təşkilatın komitəsinin üzvü olub, beynəlxalq konfranslara sədrlik edib, plenar məruzələrlə çıxış edib.

B.Bilalov elmi nailiyyətlərinə görə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub (2013-cü il).

Ölkəmizdə və dünyada riyaziyyat elminin inkişafında mühüm xidmətləri olan alimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: