Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.01.2023 09:31
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin iyulu

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin iyulu

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1 - 4 iyul - Prezident Heydər Əliyev Almaniyada rəsmi səfərdə oldu. Səfər zamanı Almaniya Federativ Respublikasının rəhbərləri və iş adamları, həmçinin Almaniyadakı diasporumuzun nümayəndələri ilə görüşlər keçirdi.

5 iyul - ABŞ-ın və Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirlərini ayrı-ayrılıqda qəbul etdi.

6 iyul - Bakıda yeni teleqüllənin açılış mərasimində çıxış etdi.

10 iyul - Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığa həsr olunmuş müşavirə keçirdi.

11 iyul - Dünya Bankının Avropa və Mərkəzi Asiya Ölkələri Departamentinin nümayəndəsi ilə görüşdü.

12 iyul - “Torpaq islahatı haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirilən iclasda nitq söylədi.

13 iyul - Avropa Şurası nümayəndə heyətinin rəhbərlərini qəbul etdi.

18-19 iyul - Nazirlər Kabinetinin geniş iclasını keçirdi.

23 iyul - Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının növbəti iclasında çıxış etdi.

24 iyul - Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəsini qəbul etdi.

25-26 iyul - ABŞ-ın enerji və neft şirkəti xidmətinin rəhbərləri ilə görüşdü.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Avropaya inteqrasiyasına xüsusi önəm verirdi. Bu baxımdan onun 1996-cı ilin iyulunda Almaniya Federativ Respublikasına (AFR) rəsmi səfəri diqqəti cəlb edir. Xatırladaq ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Avropada ilk səfirliyi məhz Almaniyada açılmışdı.

Ulu Öndər AFR-ə səfəri çərçivəsində Prezident Roman Hersoq, federal-kansler Helmut Kolla görüşdü. Görüşlərdə Almaniya-Azərbaycan əlaqələrinin mövcud vəziyyəti təhlil edildi, əməkdaşlığın daha da genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıldı. İki ölkə arasında əlaqələrin perspektivlərinə toxunan Heydər Əliyev, eyni zamanda, bəşər tarixinə böyük töhfələr verən Almaniyanın təcrübəsindən faydalanmağın əhəmiyyətini də vurğuladı.

Almaniyanın tanınmış şirkətlərinin nümayəndələri, iş adamları ilə danışıqlar aparan Ulu Öndər onları ölkəmizdə layihələr həyata keçirməyə dəvət etdi.

Aqrar islahatları dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edən Ümummilli Lider qətiyyətli addımlar atır, torpağın onun əsl sahibinə - kəndliyə verilməsini vacib sayırdı. 1996-cı il iyulun 12-də “Torpaq islahatı” haqqında qanun layihəsinin müzakirəsinə həsr olunmuş iclasdakı çıxışında Heydər Əliyev islahatlar prosesinin sürətləndirilməsi mühüm vəzifə kimi qarşıya qoydu. İqtisadi islahatların, xüsusən aqrar sahədə aparılan islahatların mürəkkəb və məsuliyyətli bir proses olduğunu qeyd edərək, bunu tarixi addım adlandırdı: “Bu gün biz həqiqətən çox tarixi bir addım atırıq. Azərbaycanda köklü surətdə torpaq islahatı aparmaq üçün indiyədək gördüyümüz işləri yekunlaşdırırıq və qanun layihəsinin son variantını müzakirə edib, onun Milli Məclisdə qəbul olunmasından ötrü qərar çıxarırıq. Bu, tarixi hadisədir”.

İslahatlara mane olan səbəblərdən də danışan Heydər Əliyev digər ölkələrin təcrübəsindən yararlanmağın vacibliyini qeyd etdi. “Torpaq islahatı” haqqında qanun layihəsinin qəbul olunmasının bazar iqtisadiyyatını inkişaf etdirəcəyinə əminliyini ifadə edən Heydər Əliyev bu layihəni unikal, radikal addım kimi qiymətləndirdi: “Bu cür cəsarətli, radikal addım atmağımız onu göstərir ki, biz həqiqətən iqtisadiyyatımızı bazar iqtisadiyyatı, müasir tələblərə uyğun olan sistem prinsipləri əsasında qururuq və quracağıq”.

Qeyd edək ki, Azərbaycan keçmiş SSRİ respublikaları arasında torpaq islahatı keçirən ilk ölkə oldu.

Heydər Əliyev islahatların, həmçinin sosialyönümlü olmasını, xalqın rifahına xidmət etməsini qarşıya əsas hədəf olaraq qoymuşdu. İyulun 18-19-da Nazirlər Kabinetinin geniş iclasındakı çıxışında bu hədəfə nail olmaq üçün bazar iqtisadiyyatına keçid mərhələsində problemlərin mümkün qədər qısa müddətdə aradan qaldırılmasının, özəlləşdirmənin, iqtisadiyyatda struktur dəyişikliklərinin vacibliyini vurğuladı.

Sitat: “İslahatların sosial yönümünün gücləndirilməsi çox mühüm məsələdir. Çünki iqtisadiyyat sahəsində bütün işlərimiz, fəaliyyətimiz yalnız və yalnız xalqımızın rifah halının yaxşılaşdırılmasına, sosial problemlərin həll edilməsinə həsr olunub...

Bizim hər birimiz – mən bunu özüm üçün də hesab edirəm, – daim xalqımız qarşısında borcluyuq. Əgər xalq, dövlət bizim hər birimizə bu etimadı göstəribsə və biz bu salonda yığışıb, Azərbaycan Respublikasının, Azərbaycan xalqının ən mühüm məsələlərini müzakirə və həll ediriksə, demək, biz anlamalıyıq ki, xalqın qarşısında bizim nə qədər borcumuz var”.

Ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Lider Azərbaycan xalqının zəngin mədəni irsinin təbliğinə də xüsusi önəm verirdi. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”, - deyən Heydər Əliyev xalqımızın mədəni və ədəbi irsinin qorunub saxlanılması istiqamətində davamlı addımlar atırdı.

1996-cı il iyulun 23-də dahi Azərbaycan şairi və mütəfəkkir Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının növbəti iclasında çıxış edən Heydər Əliyev xalqımızın dünya mədəniyyətinə Nizami, Füzuli kimi dahilər bəxş etdiyini diqqətə çatdırdı. Bu mütəfəkkirlərin yubileylərinin xarici ölkələrdə keçirilməsinin Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından əhəmiyyətini qeyd etdi. Eyni zamanda, gənc nəsli Füzuli yaradıcılığına və onun irsinə ehtiram göstərməyə səslədi.

Ulu Öndər Əlyazmalar İnstitutuna Füzulinin adının verilməsi təklifini irəli sürdü.

Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasındakı çıxışından

*Füzulinin Üzeyir Hacıbəyovla bağlanması, 500 il bundan əvvəl yaşamış Füzulinin 100 il bundan əvvəl yaşamış Üzeyir Hacıbəyovun Şərq aləminə xas olmayan opera sənəti əsasında bağlanması tarixi bir hadisədir. Bu, xalqımızın incəsənətdə, mədəniyyətdə, musiqidə nə qədər yüksəklərə qalxdığını göstərir. Biz bununla fəxr edirik və fəxr etməliyik”.

*Əlbəttə, dahilər hər il yetişmir. Bu da təbiidir. Əgər belə olsaydı, şübhəsiz ki, onların qiyməti olmazdı. Xalqımızda istedadlar potensialı çox böyükdür. Güman edirəm, indiyədək olmayan əsərlər bundan sonra yaranacaqdır. Biz də onu görəcəyik, sonrakı nəsillər də onu görəcəklər.

*Füzulinin həyatı da, bütün yaradıcılığı da həm yüksək mənəviyyat, həm yüksək fəlsəfədir, həm də insanlara mənəvi, estetik qida verən böyük bir mənbədir.

* Bu yubileylərin keçirilməsindən məqsəd həmin şəxslərin özlərinin yada salınmasından çox, xalqın elminin, mədəniyyətinin, mənəviyyatının zənginliyini nümayiş etdirməkdir və indiki nəslə, gələcək nəsillərə onlardan daha faydalı istifadə etmək üçün imkan yaratmaqdır.

*Azərbaycanın tarixini yaratmaq lazımdır. Bilirsinizmi, başqa millətlərə nisbətən bizdə, Azərbaycanda tarixşünaslıq keçmiş əsrlərdə əslində olmayıb. Ayrı-ayrı alimlərin, ayrı-ayrı yazıçıların, ayrı-ayrı tədqiqatçıların əsərlərindən savayı, sistemli tarixşünaslıq olmayıb. Biz bu tarixşünaslığı yaratmalıyıq, mütləq yaratmalıyıq. Bunun da əsasında Azərbaycanın tarixini – çox zəngin tarixini, böyük tarixini yaratmalıyıq.

  • Paylaş: