Yanvarın 18-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ilə görüşüb.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Macarıstan arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orban arasındakı yaxın münasibətlərin dövlətlərimizin və xalqlarımızın dostluğuna və əməkdaşlığına stimul verdiyini vurğulayan AMEA rəhbəri bu yaxınlığın elmi-ədəbi əlaqələrimizin inkişafına da geniş yol açdığını söyləyib. Yaranmış imkanlardan istifadə edərək, xüsusən humanitar və ictimai elmlər sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Ədəbiyyat, Tarix, Dilçilik, Memarlıq və İncəsənət institutlarının Macarıstan EA-nın institutları ilə müəyyən əlaqələri olmasına baxmayaraq, qurumlarımız arasında ardıcıl və sitemli əlaqələrin yaradılmasına ehtiyac vardır. Bu məqsədlə AMEA ilə Macarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanarsa, bu, elmi əlaqələrimizin daha da inkişaf etdirilməsinə şərait yaradar.
Akademik İsa Həbibbəyli, həmçinin Akademiyada Macarıstanla bağlı layihələrin həyata keçirildiyini, Macarıstan ədəbiyyatı tarixi və Macarıstan tarixini əks etdirən kitabların Azərbaycan dilinə tərcümə edilərək nəşrinin planlaşdırıldığını bildirib.
Səfir Tamaş Torma isə öz növbəsində qəbula görə minnətdarlığını ifadə edib, ölkələrimiz arasında münasibətlərin dərin köklərinin olduğunu, ötən il diplomatik münasibətlərimizin 30 illiyinin qeyd edildiyini söyləyib. Elm sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayan səfir Macarıstan Elmlər Akademiyası ilə AMEA arasında əməkdaşlıq müqaviləsinin imzalanması üçün zəruri dəstəyi göstərəcəyini söyləyib.
Daha sonra qonağa AMEA-da nəşr edilmiş kitablar hədiyyə olunub.
Görüşdə Macarıstanın Azərbaycandakı səfirliyinin birinci katibi, mədəniyyət və təhsil məsələləri üzrə diplomatı Monika Felföldi və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva da iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.