Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.01.2023 13:10
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib

İdarəetmə Sistemləri İnstitutunda Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib

AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 20 Yanvar Ümumxalq Hüzn Gününün 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.

Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra İSİ əməkdaşları tərəfindən hazırlanan 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinin tarixi və səbəbləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan xalqının əzmini, azadlıq istəyini boğmağa, birliyini sarsıtmağa çalışan sovet rejimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə misli görülməmiş bir cinayət aktını həyata keçirdi. Sovet ordusu hissələri heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə və digər rayonlara yeridilərək dinc əhaliyə amansız şəkildə divan tutdu. Bu təcavüz nəticəsində ümumilikdə 146 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Qanlı yanvar hadisəsinin nəticələrindən bəhs edən Ə.Abbasov vurğulayıb ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş dəhşətli soyqırımı barəsində ən kəskin bəyanatı Ümummilli Lider Heydər Əliyev vermişdir. Ulu Öndər sovet rejimi tərəfindən göstərilən təzyiqlərə baxmayaraq xalqın azadlıq istəyinin, haqq səsinin dünyaya çatdırılması istiqamətində addımlar atdı. Akademik bildirib ki, Heydər Əliyev faciə törədildikdən bir gün sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və beləliklə, faciəyə ilk siyasi qiymət verildi. Ə.Abbasov qeyd edib ki, məhz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü il 29 mart tarixində keçirilən Milli Məclisin xüsusi sessiyasında 20 Yanvar hadisələri ilk dəfə dövlət səviyyəsində müzakirə olundu, Azərbaycan xalqına yönələn cinayət aktı kimi qiymətləndirildi.

Ə.Abbasov bu gün Ümummilli Liderin siyasi kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirərək dövlətin hərtərəfli inkişafına istiqamətlənən siyasi, istiqadi və sosial proseslərdən ətraflı şəkildə bəhs edib. Akademik qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun xalqın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etməsi nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həyatında son illərin ən mühüm qələbəsi kimi dünya tarixinə qızıl hərflərlə yazıldı.

Çıxışının sonunda 20 Yanvar tarixinin sadəcə acı və ağrı ilə deyil, həm də şərəf günü kimi xatırlandığını vurğulayan akademik öz xatirələrini bölüşüb, faciə qurbanlarını ehtiramla yad edərək onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə edib.

Sonra t.ü.f.d. Rəhilə Sadıqova çıxış edərək 20 Yanvar faciəsinin tarixi, siyasi səbəbləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. 20 Yanvar tarixinin Azərbaycan xalqının başına gələn dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də azadlıq mübarizəsinin rəmzi, qəhrəmanlıq salnaməsi olduğunu bildirən R.Sadıqova öz xatirələrini bölüşüb, faciə qurbanlarını ehtiramla yad edib.

Daha sonra İSİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva çıxış edərək 20 Yanvar faciəsinin nəticələrindən bəhs edib, xatirələrini bölüşüb. A.Əliyeva 20 Yanvar faciəsinin dəhşətli anlarını yada salaraq gələcəkdə belə hadisələrin bir daha təkrarlanmaması üçün ölkə miqyasında bu qəbil tədbirlərin keçirilməsinin önəmini vurğulayıb. Qeyd edib ki, Cənab Prezidentin həyata keçirdiyi siyasi kursun əsas istiqamətlərindən biri də gənclərin vətənpərvər ruhda yetişdirilməsidir. Vətənpərvər ruhda formalaşan gənc nəsil qanlı 20 Yanvar faciəsinin xalqımızın azadlıq uğrunda apardığı mübarizə yolunun əbədi məhşəli olduğunu və xalqın yaddaşında təkcə faciə günü kimi deyil, həm də şərəf səhifəsi kimi həkk olunduğunu heç vaxt unutmayacaq. Faciə qurbanlarını ehtiramla yad edən A.Əliyeva şəhidlərmizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən t.e.d., dosent Fəhrad Paşayev, dosentlər Ələkbər Axundov, Ədalət Paşayev və Gülçin Abdullayeva 20 Yanvar faciəsinin tarixi və səbəblərindən bəhs edib, xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: