Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.01.2023 16:59
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun şəhid alimlərinin xatirəsi yad edilib

Polimer Materialları İnstitutunun şəhid alimlərinin xatirəsi yad edilib

24 yanvar 2023-cü il tarixində Polimer Materialları İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, institutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Kazım Quliyev, laboratoriya müdiri, kimya elmləri doktoru, dosent Əlverdi Kərimov və Həmkarlar İttifaqı Komitəsinin sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən sonra baş verən ən ağır cinayətlərdən biri yanvarın 24-də baş verib. Artıq 33 ildir ki, Polimer Materialları İnstitutunda hər il yanvarın 24-də Şəhidlər xiyabanına və institut əməkdaşlarının qətlə yetirildiyi Bakı-Quba yolundakı xatirə abidəsinə ziyarət təşkil olunur.

O gün vətənpərvər 5 alim çalışdıqları Polimer Materialları İnstitutuna işə gedərkən sovet faşizminin amansızlığına tuş gəldilər. Azərbaycana yeridilən sovet ordusunun tankı yolun kənarında nasazlığı səbəbi ilə dayanan avtomobilin üstündən xüsusi amansızlıqla keçərək hadisə yerindən uzaqlaşdı. Faciə zamanı professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerində, İsmayıl Mursaqulov isə 3 gündən sonra şəhid oldular. Parlaq Mustafayeva və İdris Əhmədov uzun müddət müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşdular. Hər biri öz sahəsində sözünü demiş 5 alimi qanlı faciədən sonra işə aparan onların elmə bağlılığı, işlərinə olan sədaqəti idi. Vəhşi cinayətin 3 qurbanı yaradıcılıqlarının çiçəkləndiyi vaxtda elm yolunda şəhid oldu, 2 alim isə yaddaşlarından silinməyəcək hadisənin şahidi oldu. Professor İdris Əhmədov hadisədən 29 il sonra məhz 2019-cu ilin 20 yanvarında dünyasını dəyişdi.

Bu cinayət elm tarixində Qanlı Yanvarın qara səhifələrindən biri kimi qalacaqdır. Şəhid alimlərin xatirəsi institut əməkdaşları tərəfindən hər zaman yad ediləcəkdir.   

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: