Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutu ölkənin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılmasına xidmət edən tətbiqi işlərə böyük önəm verir
25.01.2023 16:24
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu ölkənin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılmasına xidmət edən tətbiqi işlərə böyük önəm verir

2022-ci ildə Yüksək Texnologiyalar Parkının rezidentləri - “Aşqar” Elm İstehsalat Birliyi və Təcrübə Sənaye Zavodunda istehsal olunan aşqarlar və sürtkü materiallarının hər biri akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun tətbiqyönlü elmi tədqiqatlarının mühüm praktik nəticələridir.

Bu barədə AMEA-nın Kimya Elmləri Bölməsinin 2022-ci ildəki fəaliyyətinin müzakirəsinə həsr olunmuş hesabat yığıncağında institutun baş direktoru, akademik Vaqif Fərzəliyev məlumat verib. Alimin sözlərinə görə, Aşqarlar Kimyası İnstitutu fundamental tədqiqatlarla yanaşı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin kimyaçı alimlər qarşısında qoyduğu və qəbul olunan müvafiq Dövlət proqramlarındakı vəzifələrə uyğun olaraq ölkə iqtisadiyyatının inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə xidmət edən tətbiqi elmi işlərə üstünlük verir.

Akademik qeyd edib ki, institut tərəfindən yaradılmış xüsusi təyinatlı texnikada istifadə olunan yüksək gücə malik son nəsil dizel mühərriklərin normal istismarını təmin edən xüsusi təyinatlı motor yağının istehsalı Təcrübə-Sənaye Zavodunda təşkil edilib və sınaqdan keçirilib.

Akademik V.Fərzəliyev bildirib ki, Aşqarlar Kimyası İnstitutu  alimlərinin müstəqillik dönəmində ən uğurlu tətbiqi işlərindən biri yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqarın – “Depressator AKİ”nin yaradılması və istehsalının “Aşqar” Elmi İstehsalat Birliyində təşkilidir. Qeyd olunan aşqarın istehsalı 2022-ci ildə də davam etdirilmişdir. Bugünədək Bakı-Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilməkdə olan həmin aşqara institut alimləri hər il müəllif nəzarəti həyata keçirir.

O qeyd edib ki, hesabat dövründə rəhbərlik etdiyi elmi müəssisədə zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi istiqamətində aparılmış tədqiqatların 7 ən mühüm nəticəsi “AMEA-nın 2022-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinə daxil edilmək üçün təqdim edilib. Baş direktor 2 tətbiqi xarakterli işin müxtəlif sınaqdan keçirilərək tətbiqə tövsiyə olunduğunu, 2 işin isə tətbiqinin davam etdirildiyini bildirib.

Alim bildirib ki, təkcə 2022-ci ildə institut tərəfindən 12 Azərbaycan patenti və 15 ixtiranın dərci haqqında müsbət “Qərar” alınıb. Akademikin sözlərinə görə, hazırda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanları Ekspertiza Mərkəzində 20 ədəd patentə dair iddia sənədləri baxılma mərhələsindədir.

Baş direktor əlavə edib ki, 2022-ci ildə institut alimləri tərəfindən 2 monoqrafiya, 194 məqalə və tezis işıq üzü görüb. 26 məqalə impakt faktorlu nüfuzlu xarici jurnallarda, 13 məqalə isə “Web of Science” bazasının Q1-Q4 kateqoriyalı jurnallarında yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: