Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MEK Firidun bəy Köçərlinin 160 illiyi münasibətilə sərgi hazırlayıb
26.01.2023 17:05
  • A-
  • A
  • A+

MEK Firidun bəy Köçərlinin 160 illiyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri, ömrünün böyük hissəsini xalqının maarifinə, ədəbi irsinin öyrənilməsinə sərf edən fədakar ictimai xadim Firidun bəy Köçərlinin doğum günüdür. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi hazırlanıb.

Sərgidə MEK-in fondlarındakı yazıçının həyat və fəaliyyətini özündə əks etdirən kitablar təqdim olunub. Burada “Firidun bəy Köçərlinin şəxsi arxivi”, “Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı” iki cilddə, həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən biblioqrafiya, görkəmli ədəbiyyatşünas alimin anadan olmasının 150 illik yubileyi ilə bağlı keçirilən elmi sessiyada oxunan məruzələrin toplusu və digər nəşrlər yer alır. 

Qeyd edək ki, mətbuat və teatr qurucusu Firidun bəy Köçərli 1863-cü il yanvar ayının 26-da Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində doğulmuşdur.

Azərbaycan ədəbiyyatı tarixini sistemli bir halda öyrənmək, yaratmaq ideyası məhz Firidun bəy Köçərli tərəfindən həyata keçirilmişdir. Köçərlinin “Azərbaycan ədəbiyyatı” monoqrafiyası milli ədəbiyyatşünaslığın yeni istiqamətdə inkişafında böyük rol oynayan, bu gün də əhəmiyyətini itirməyən əsərlərdən biridir. Bu xidmətlərinə görə Firidun bəy 1899-cu ildə III dərəcəli “Müqəddəs Anna”, 1902-ci ildə isə II dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif edilmişdir.

XIX əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin etnik və mədəni-siyasi qüdrətini, milli varlığını bütün dünyaya tanıtmaq fəaliyyətinə başlayan ziyalı şəxsiyyətlər arasında Firidun bəy Köçərlinin bənzərsiz xidməti var. Məhz onun uzun sürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açılmış, 1918-ci ildən ömrünün sonuna kimi bu seminariyanın müdiri vəzifəsində çalışmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: