Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kəmalə: taleyi və sənəti” kitabı işıq üzü görüb
27.01.2023 16:58
  • A-
  • A
  • A+

“Kəmalə: taleyi və sənəti” kitabı işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Kəmalə: taleyi və sənəti” kitabı çap olunub.

Kitab Ədəbiyyatşünaslıq şöbəsinin ənənəvi olaraq çap etdirdiyi “Taleyi və sənəti” seriyasından olan 16-cı kitabdır.

Kitab Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi, Azərbaycan ədəbiyyatının qadın sənətkarlarından olan Kəmalə Ağayevaya (1936-2019) həsr olunub. Kitabın tərtibçisi Əəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, elmi redaktoru İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, şairənin övladı Ələkbər Qasımov, rəyçisi institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, elmi məsləhətçisi icraçı direktor, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovdur.

Kitaba müasir Azərbaycan ədəbiyyatının çox sevilən qiymətli sənətkarı olan Kəmalə Ağayevaya həsr olunmuş elmi tədqiqat məqalələri daxil edilib. Məqalələrdə Kəmalə xanımın zəngin və çoxcəhətli bədii yaradıcılığının müxtəlif istiqamətləri təhlil və tədqiq edilib, qiymətli elmi nəticələr ortaya qoyulub. Bu mənada demək olar ki, kitab müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Kəmalə Ağayeva haqqında bəhs edən çox tutarlı, ümumiləşmiş qiymətli əsərlərdən biridir və tədqiqtçılar, alimlər, müəllimlər, tələbələr, ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş mühüm mənbələrdən biridir.

Kitabda hər müəllifdən biri olmaqla on beş müəllifin on beş məqaləsi çap edilib. Kitabın “Ön söz”ündə rəyçi AMEA-nın müxbir üzvü Ə.Quliyev yazıb: “Əvvəlki nəşrlərdə olduğu kimi, bu kitab da dəyərli tədqiqat mövzularından ibarət məqalələrdən və maraqlı tarixi foto-şəkillərdən ərsəyə gəlmiş və Azərbaycanın görkəmli şairə-dramaturqu, əməkdar incəsənət xadimi Kəmalə xanımın həyatı, yaradıcılığı, tərcüməçilik və publisistik, pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat qaynağıdır”.

Kitabın ilk səhifələrində şairə-dramaturq Kəmalə xanımın həyatı, fəaliyyəti, yaradıcılığı, mükafatları, səfərləri və s. haqqında ətraflı və müfəssəl məlumat verən “Elmi redaktordan” adlanan oçerk təqdim edilib. Görkəmli sənətkarın öz qələmi və dəsti-xəttinə mənsub “Nağıllarla başlayan səhnə sevgim” adlı məqalədə Kəmalə xanımın dramaturji yaradıcılığa və səhnə həyatına gəlişinə dair maraqlı etiraf və fikirlər səsləndirilib. Müəllifin xatirə-biblioqrafik məlumatlarından məlum olur ki, Kəmalə xanım uşaqlığından nağılları çox sevərmiş və evlərində bacı-qardaşları ilə birlikdə o nağılların maraqlı hissələrini tamaşaya qoyarmışlar. Kəmalə xanımın kiçik yaşlarından böyük sevdaya çevrilmiş səhnə arzusu nağıl səhnələrindən başlayan uşaq addımları sonralar peşəkar teatr rəssamı Məmməd Qasımovla qurduğu ailə həyatından sonra daha da sanballaşaraq reallığa çevrilmiş, ədəbiyyatımızın çox sevilən dramaturğu, uşaq pyesləri müəllifi və şairəsi olmuşdur. Həyat yoldaşı M.Qasımovun o zaman hədiyyə olaraq verdiyi Məhsəti Gəncəvinin “Rübailər” kitabı şairədə dərin izlər buraxa və hisslər oyadaraq böyük Azərbaycan şairəsi, ustad Məhsətini səhnə həyatına gətirən “Məhsəti” pyesini yazmış və elə bu pyeslə də çox sevilən dramaturq, maraqlı pyeslər müəllifi olaraq tanınmışdır.

Kitabda ilk peşəkar məqalə görkəmli elm xadimi, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin olduqca sanballı, əhatəli və dərin məzmunlu “Zəriflik və müdriklik nümunəsi” başlıqlı məqaləsi çap edilmişdir. Həmişəki kimi akademik İ.Həbibbəylinin proqram xarakterli, dərin məzmunlu və çoxsaylı ciddi elmi mətləbləri əks etdirən qiymətli  məqaləsində Kəmalə xanımın həyatı, yaradıclığı və ümumən sənəti və taleyi haqda əhəmiyyətli fikirlər səsləndirilmişdir. Akademik şairə haqqında ümumiləşdirici fikirlər ifadə edərək onu XX əsr Azərbaycan ədəbiyyatının çox sevilən və görkəmli sənətkarlarından biri kimi xarakterizə etmişdir. Hörmətli akademik yazır: “XX əsrin ikinci yarısında və müstəqillik dövründə Azərbaycan şeiri və dramaturgiyasının inkişafına Kəmalə Ağayeva mühüm ədəbi töhfələr vermişdir”. Beləliklə, məqalədə alim hərətərfli vacib məsələlərdən çıxış edərək XX əsr ədəbiyyatımızın “zəriflik və müdriklik nümunəsi” haqda öz fikirlərini bildirmişdir.

Kitabda habelə yazıçı-dramaturq Adil Babayevin “Məhsəti”, f.e.d. Fərman Xəlilovun ““İsmət” pyesinin ilk tamaşası” adlı resenziyaları, f.ü.f.d., dosent Ramiz Qasımovun “Ədəbi yaddaşın kamala yetən Kəmaləsi”, f.ü.f.d., dosent Elxan Yurdoğlunun “Kəmalə şeirlərində Naxçıvan obrazı”, f.ü.f.d., dosent Aytən Cəfərovanın “Kəmalə yaradıcılığında qadın mövzusu”, f.ü.f.d., dosent Arifə Zeynalovanın “Kəmalə şeirlərinin sənətkarlıq xüsusiyyətləri”, f.ü.f.d., dosent Aygün Orucovanın “Kəmalə dramaturgiyasının ideya və məzmun xüsusiyyətləri”, f.ü.f.d., dosent Nəzakət İsmayılovanın “Kəmalənin uşaq pyeslərinin ideya-bədii xüsusiyyətləri”, f.e.d., professor Sədaqət Həsənovanın “Kəmalənin ədəbi dili və üslubu”, f.ü.f.d., dosent Nuray Əliyevanın “Kəmalə və ədəbi dilimiz”, f.ü.f.d., dosent Zülfiyyə İsmayılın “Kəmalə yaradıcılığının dil-üslub xüsusiyyətləri”, s.ü.f.d. Günay Məmmədovanın “Kəmalə poeziyasının musiqidə tərənnümü”, Günel Əsgərovanın “Şairə-dramaturq Kəmalənin tərcüməçilik fəaliyyəti”, s.ü.f.d., dosent Ələkbər Qasımovun “Şairə-dramaturq Kəmalənin pyesləri teatr səhnələrində” adlı məqalələri yer almışdır. Məqalələrdə Kəmalə xanımın həyatı, yaradıcılığı, yaradıcılığının ümimi xüsusiyyətləri, ideya-bədii, estetik xüsusiyyətləri, sənətkarlığı, obrazlar aləmi, dil və üslubu, poeziyasının musiqidəki təcəssümü, pyesləri və tərcüməçilik fəaliyyəti elmi cəhətdən tədqiq, təhlil və şərh olunmuşdur. Dosent R.Qasımovun “Ədəbi yaddaşın kamala yetən Kəmaləsi” adlı məqaləsində hərtərəfli, əhatəli məlumatlar əks etdirən müəllif  böyük sənətkarın ailə mühitinin onun istedadının ortaya çıxmasındakı rolundan, atası Ağa Ağayevin şairliyi, “Şərq qapısı” qəzetindəki “Cəngavər” imzası ilə satirik şeirlərlərlə çıxış etməsi və müxbirlik fəaliyyətindən, şairənin zəngin lirikası və aktual məsələlərindən, vətəndaşlıq lirikamızın inkişafı və zənginləşməsindəki xidmətlərindən, dramaturgiyasından, pyeslərinin ideya-mövzu xüsusiyyətləri və ədəbiyyatımızdakı rolundan, uşaq pyesləri və uşaqların əxlaqi-mənəvi tərbiyəsindəki əhəmiyyətindən və s. haqda bəhs edərək geniş təhlillər aparmışdır. Qeyd edilmişdir ki, yaradıcılığa lirik şeirlərlə başlayan, “Hilal olaydım” adlı lirik şeirilə ilk dəfə mətbuatda çap olunan Kəmalə xanımın yaradıcılığı, əsasən, lirik şeirlərdən ibarətdir. Yaradıcılığında canlı insan obrazları yaradan və inan talelərindən bəhs edən zərif ruhlu şairə həm də ədəbiyyatımızda vətəndaşlıq lirikasını zənginləşdirən sənətkarlardan olmuş, “Hilal olaydım” şeirində ölkəsi üçün arzuladığı əbədi səadət və xoşbəxtlik arzularını yaratdığı Hilal - Ay obrazı ilə simvollaşdırmışdır. Kəmalə xanım həm də bir sıra poemalar müəllifidir. Belə ki, şairə Ulu Öndər Heydər Əliyevə həsr olunan “Nurun yayılıbdır bütün dünyaya”, Naxçıvan şəhərində anadan olduğu, böyüyüb boya-başa çatdığı Əlixan məhəlləsindən bəhs edən “Əlixan məhəlləsi”, habelə “Danışır dünya”, “Zərəfşanda bir axşam”, “Lermontovla görüş”, “Könül verdiyim ellər”, “Solan qönçələr” və b. poemalarını ərsəyə gətirmişdir. Həm də XX əsr dramaturgiyamızı inkişaf etdirən dramaturq Kəmalə xanım ilk pyesi olan “Məhsəti” əsərindən başlayaraq bir sıra – “İsmət”, “Apardı Sellər Saranı”, “Mənim Tanrım gözəllikdir, sevgidir”, “O, bizim dağların oğludur”, “Sirli sözlər” kimi pyesləri, habelə nağıl motivləri əsasında ərsəyə gəlmiş “Tıq-tıq xanım”, “Məlikməmməd”, “Göyçək Fatma” və b. uşaq pyeslərini araya-ərsəyə gətirmişdir. 

Habelə kitabın digər məqalələrində şairənin uşaqlar üçün yazdığı əsərlərinin, habelə əfsanə və nağıllarımızın motivləri əsasında yaratdığı pyeslərin ədəbiyyatımızdakı əhəmiyyətli rolundan bəhs edilmişdir. Şairənin zəngin, həmçinin zərif, obrazlı bir yaradıcılıq dilinə sahib olduğu, üslubi məharəti, poetik ustalığı barədə təhlillər aparılmış, oxunaqlı, şirin, həm də zəngin obrazlı bir dilə, üsluba malik olduğu qeyd edilmişdir. Həmçinin göstərilmişdir ki, şairə yaradıcılığında insan taleləri barədə bəhs açmış, qadınların taleyinə diqqət ayırmış, doğma Naxçıvanı bütün gözəlliyi, tarixi, şəxsiyyətləri ilə tərənnüm və vəsf etmişdir. Məqalələrdə bu da bəhs edilmişdir ki, şairənin incə ruhlu, şirin dilli poeziyası bir sıra bəstəkarlarımızın diqqətini cəlb etmiş və sevilən mahnılara dönmüşdür. Kəmalə xanım həm də bədii tərcüməçiliklə də məşğul olmuş, bir sıra xalqların ədəbiyyatından, o cümlədən fransız, polyak, rus və b. ədiblərinin yaradıcılığından qiymətli tərcümələr etmişdir.

Kitabın sonunda müəllifin zəngin və səmərəli həyatından fotolara çevrilmiş, xatirələrə dönmüş ömür anları təqdim edilmiş, şeirlərindən nümunələr verilmişdir.

Kitab görkəmli sənətkarın əziz-xələf övladı, s.ü.f.d., dosent Ələkbər Qasımovun anasının əziz xatirəsinə bəslədiyi ehtiram və məhəbbətlə ərsəyə gəlmiş, bilavasitə onun maddi dəstəyi ilə çap olunmuş,  Naxçıvanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda işıq üzü görmüşdür.

Ramiz QASIMOV, AMEA-nın Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: