Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.01.2023 09:04
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin dekabrı

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin dekabrı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1-3 dekabr – Prezident Heydər Əliyev ATƏT-in Zirvə görüşündə iştirak etmək üçün Lissabonda səfərdə oldu. Səfər çərçivəsində Türkiyə, Ukrayna prezidentləri ilə görüşdü və digər görüşlər keçirdi, Zirvə görüşündə nitq söylədi.

4 dekabr – Lissabondan Fransaya işgüzar səfər etdi.

6 dekabr - Azərbaycan ictimaiyyət nümayəndələri ilə görüşərək onları ATƏT-in Lissabon Zirvə görüşünün yekunları barədə məlumatlandırdı.

11 dekabr - Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin yeni ofisinin açılış mərasimində iştirak etdi.

14 dekabr - Xəzərin Azərbaycan sektorunda “Dan ulduzu” və “Əşrəfi” neft yataqlarının birgə işlənməsinə dair müqavilənin imzalanmasında iştirak etdi.

16 dekabr - Sərhəd Qoşunlarının yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbirdə nitq söylədi.

18 dekabr - Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü.

20 dekabr - Akademik Opera və Balet Teatrında “Vivaldi Orkestri”nin xeyriyyə konsertində iştirak etdi.

22 dekabr - MDB Parlamentlərarası Assambleyası Komissiyasının üzvlərini qəbul etdi.

25 dekabr - Milli Qvardiyanın yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxış etdi.

29 dekabr - Zəngilan rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

30 dekabr - Milad bayramı münasibətilə ölkəmizdəki səfirliklərin, beynəlxalq təşkilatların nümayəndəlikləri və şirkətlərin rəhbərlərini qəbul etdi.

31 dekabr - Şəhid övladları və kimsəsiz uşaqlar üçün təşkil olunan Yeni il şənliyində iştirak etdi.

Heydər Əliyev bütün xarici səfərləri zamanı beynəlxalq ictimaiyyəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı barədə məlumatlandırır, münaqişənin ədalətli həllinə nail olmaq üçün yorulmaz səylər göstərirdi. Beynəlxalq tribunalardakı hər bir çıxışında prinsipial mövqe ortaya qoyaraq, Azərbaycanın işğal faktı ilə heç vaxt barışmayacağını qətiyyətlə bəyan edirdi.

Ulu Öndərin 1996-cı il dekabrın 2-də ATƏT-in Zirvə görüşündə iştirak etmək üçün Lissabona səfəri də bu baxımdan səciyyəvidir. Zirvə görüşündə Azərbaycan və Qarabağ həqiqətlərini bir daha diqqətə çatdıran Heydər Əliyev bildirdi ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində heç bir güzəşt olmayacaq. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcək. Torpaqlar işğaldan azad olunmalı, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qaytarılmalıdır. Bu prinsiplərin Zirvə görüşünün yekun sənədində öz əksini tapması Azərbaycan diplomatiyasının ilk böyük uğuru oldu.

Heydər Əliyev Bakıya qayıtdıqdan sonra respublika ictimaiyyətinin nümayəndələri ilə görüşərək onları ATƏT-in Lissabon Zirvə toplantısının yekunlari barədə məlumatlandırdı. Avropada təhlükəsizliyə və əməkdaşlığa dair sənədinin hazırlanmasının və müzakirəsinin çox mürəkkəb və gərgin şəraitdə keçdiyini diqqətə çatdıraraq, ərazi bütövlüyümüzün bərpası, insanların öz doğma torpaqlarına qayıtmaları üçün bütün imkanlardan istifadə olunduğunu bildirdi.

Sitat: “Mən sizi bir daha əmin edirəm ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, respublikamızın sərhədlərinin toxunulmazlığını təmin etmək, işğal olunmuş torpaqlarımızı azad etmək, yerindən-yurdundan didərgin düşmüş, indi çadırlarda ağır vəziyyətdə yaşayan bacılarımızı, qardaşlarımızı öz evinə, obasına qaytarmaq üçün bundan sonra da əzmlə çalışacağıq və mən ümidvaram ki, biz buna nail olacağıq. Bu gün buradakı görüşdə hökm sürən sağlam əhval-ruhiyyə, natiqlərin Azərbaycan dövlətinin siyasətini dəstəkləməsi və yolumuzun doğru-düzgün olması bizə daha da çox güc, inam verir. Əmin ola bilərsiniz ki, biz bundan sonra da bu inamla, bu iradə ilə çalışacağıq və Azərbaycan Respublikasının müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlayacağıq”.

Dövlət müstəqilliyini və suverenliyini təsdiq edən ən mühüm amillərdən biri silahlı qüvvələrdir. Bu sırada Milli Qvardiya xüsusi yer tutur. 1996-cı il dekabrın 25-də Milli Qvardiyanın yaradılmasının beş illiyinə həsr olunmuş mərasimdə iştirak edən Ulu Öndər çıxışında bu silahlı qurumun üzərinə Azərbaycan Prezidentini qorumaq kimi şərəfli vəzifə düşdüyünü vurğuladı və əmin olduğunu bildirdi ki, Milli Qvardiyanın hər bir döyüşçüsü Vətənin, müstəqil Azərbaycanın, onun prezidentinin yolunda qüvvəsini əsirgəməyəcək, lazım gələrsə qəhrəmanlıq, rəşadət nümunələri göstərəcək.

Sitat: “Azərbaycanın Prezidenti kimi mən Milli Qvardiyanı dövlətçiliyimizin, prezidentin xüsusi dayaq qüvvəsi hesab edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Milli Qvardiyanın şəxsi heyəti, hər bir əsgəri, zabiti, döyüşçüsü bu yüksək keyfiyyətlərə, tələblərə layiq olacaq. Səmərəli fəaliyyət göstərmək, dövlətçiliyimizin keşiyində sədaqətlə xidmət etmək, dövlətçiliyimizə qarşı baş verə biləcək hər bir təxribat, terror, düşmənçilik hərəkətlərini dəf etmək üçün Milli Qvardiyanın indi artıq yüksək səviyyəli qüdrəti, imkanları var.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması işində də ciddi dönüş yarandı. Sərhəd mühafizəsinin incəliklərinə dərindən bələd olan Ulu Öndər sərhəd qoşunları üçün peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. 1996-cı il dekabrın 16-da Sərhəd Qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş tədbirdəki çıxışında sərhədçilərin üzərinə düşən məsuliyyətli və şərəfli vəzifələrdən danışdı.

Heydər Əliyevin Sərhəd Qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş tədbirdəki çıxışından

Sərhəd hər bir ölkənin müstəqilliyini, suverenliyini təsdiq edən amillərdən biridir. Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr, hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi – bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır. Hər bir ölkənin sərhədinin toxunulmazlığı həm ölkə üçün, həm də beynəlxalq hüquq normaları üçün əsas prinsiplərdən biridir.

Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir. Buna görə də hər bir vətəndaş Azərbaycanın müstəqilliyi haqqında, öz müstəqil dövləti haqqında, müstəqil ölkəsi haqqında danışarkən sərhəd məfhumu, sərhəd anlayışı birinci sıralarda durur.

Xalqımız, dövlətimiz sizə şərəfli iş tapşırıb. Sizin üzərinizə şərəfli vəzifə qoyulub. Eyni zamanda, sizin üzərinizə çox böyük məsuliyyət qoyulub. Mən əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın Sərhəd Qoşunlarında xidmət edən hər bir şəxs öz vəzifəsinin nə qədər şərəfli olduğunu və üzərinə düşən bu vəzifənin nə qədər məsuliyyətli olduğunu dərk edir.

İndiyə qədər əldə olunan təcrübə və nailiyyətlər bundan sonra Azərbaycanın Sərhəd Qoşunlarının güclənməsi, möhkəmlənməsi, təşkilatlanması üçün əsasdır. Ancaq qarşıda görüləsi işlər çoxdur. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, respublikamızın Sərhəd Qoşunlarının tərkibində xidmət edən zabitlər, əsgərlər, bütün şəxsi heyət – bunların hamısı Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin etmək üçün nə qədər böyük məsuliyyət daşıdıqlarını daim düşünməli, bu məsuliyyətin qarşısında cavabdehliyi daim bilməlidirlər.

Bizim hər bir vətəndaşımızdan yüksək mənəviyyat tələb olunur. Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Bunu qiymətləndirmək, qorumaq, möhkəmləndirmək, gücləndirmək lazımdır. Bunun üçün əsas şərtlərdən biri insanlarda yüksək mənəvi keyfiyyətləri tərbiyə etmək, inkişaf etdirmək, insanlarımızda, cəmiyyətimizdə yüksək mənəviyyatı təmin etməkdir.

  • Paylaş: