Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.02.2023 15:53
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev əvvəlcə elmi qurumun gənc tədqiqatçılarını 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Gənclərimiz müasir Azərbaycanın ən böyük sərvətlərindən biridir”, – deyə qeyd edən akademik R.Əliquliyev bildirib ki, bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan gənclərin fəaliyyətinin stimullaşdırılması, əldə edilən nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması, eləcə də vətənpərvərlik və vətəndaşlıq ruhunun təbliği üçün geniş imkanlar açır.

Alim ayrı-ayrı fəaliyyət sahələrində öz fəallıqları ilə seçilən gənclərin hər zaman yüksək qiymətləndirilməsinin, onların müxtəlif dövlət səviyyəli mükafatlara layiq görülməsinin ölkəmizdə gənclərə olan diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Akademik İnformasiya Texnologiyaları İnstitutunun dünya elminin tələblərinə cavab verən yüksəkixtisaslı kadrların yetişdirilməsi, gənc tədqiqatçılara elm yolunda dəstək göstərilməsi işində yaxından iştirak etdiyini bildirib. Əlavə edib ki, dövlət başçısının çağırışlarına adekvat reaksiya vermək, cəmiyyətin maarifləndirilməsi işində fəal iştirak etmək və öz biliklərini bölüşərək yeni kadrlar yetişdirmək hər bir alimin qarşısında duran əsas vəzifələrdəndir.

Sonra institutun elmi-katibi Nərmin Adıgözəlova institutun şöbələrinin 2023-cü il üzrə fəaliyyət planlarının strukturunun təkmilləşdirilməsi haqqında çıxış edib. O, cari ildə institutda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi, eləcə də rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətləri üzrə problemləri əhatə edən tədqiqatların aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

N.Adıgözəlova institutun struktur bölmələrində fəaliyyət planlarının elmi-nəzəri fəaliyyət, elmi əsərlər, elmi-praktiki və innovasiya fəaliyyəti, elmi-ekspertiza fəaliyyəti, elmi-pedaqoji fəaliyyət və kadr hazırlığı, beynəlxalq elmi əməkdaşlıq, elmi-təşkilati fəaliyyət, elmin populyarlaşdırılması və təbliği, elmmetrik göstəricilər üzrə hazırlanmasının planlaşdırıldığını vurğulayıb.

Məsələyə dair çıxış edən akademik R.Əliquliyev fəaliyyət planlarının günün tələblərinə uyğun qurulmasının vacibliyindən danışıb. Akademik bildirib ki, institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, mövcud resurslardan səmərəli istifadə olunması, yeni elmi problemlərin və onlara adekvat insan resurslarının cəlb olunması, əldə olunan mühüm elmi nəticələrin dünyanın nüfuzlu beynəlxalq jurnallarında nəşri hər bir əməkdaşın qarşısında duran əsas məsələlərdəndir.

İnstitutun baş direktoru hər bir əməkdaşı Azərbaycan elminin inkişafı və institutun elmi potensialının daha da gücləndirilməsi istiqamətində öz səylərini birləşdirməyə, qarşıya qoyulan vəzifələrə məsuliyyətlə yanaşmağa, məqsədyönlü fəaliyyət göstərməyə çağırıb.

Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov institutun doktorant və dissertantlarının attestasiyası haqqında məruzə ilə çıxış edib. Cari ildə fəlsəfə doktoru hazırlığı üzrə 9 doktorant və 9 dissertantın, eləcə də elmlər doktoru hazırlığı üzrə 12 dissertantın attestasiyasının keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev mərkəzin yenidən qurulması barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müvafiq istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edən B.Nəbiyev AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi və Data Mərkəzin təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyini söyləyib. Həmçinin Avropa standartlarına cavab verən, geniş imkanlara malik olan AzScienceNet-in informasiya təhlükəsizlik sistemlərinin fəaliyyətinin təmin olunması ilə bağlı görülmüş işlərdən danışıb.

Sonra institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov yeni elan edilmiş beynəlxalq qrant layihələri haqqında ətraflı məlumat verib. O, institutun alim və mütəxəssislərinin digər Avropa Birliyi ölkələrinin tədqiqatçıları ilə birgə müvafiq istiqamətlər üzrə beynəlxalq qrant layihələrində iştirak etməsi üçün geniş imkanların yaradıldığını bildirib. İnstitutda aparılan tədqiqatların böyük bir qisminin rəqabətqabiliyyətliliyi ilə seçildiyini qeyd edərək əməkdaşları, xüsusilə gənc tədqiqatçıları təqdim olunan imkanlardan yararlanmağa, xarici ölkələrdə elan olunan qrant layihələrində fəal iştiraka çağırıb.

Daha sonra institutda ictimaiyyətlə əlaqələr və kommunikasiya işlərinin AR Elm və Təhsil Nazirliyinin tələblərinə uyğun yenidən qurulması haqqında institutun şöbə müdiri Rasim Mahmudov çıxış edib.

R.Mahmudov yanvarın 25-də Elm və Təhsil Nazirliyində AMEA-nın nazirliyin tabeliyinə verilən institutlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları ilə görüş keçirildiyini və tədbirdə ictimaiyyətlə əlaqələrin daha yüksək səviyyədə qurulması, effektiv kommunikasiya fəaliyyətinin həyata keçirilməsinə dair müzakirələrin aparıldığını diqqətə çatdırıb. O, həmçinin birgə əməkdaşlığın təşkili, kommunikasiyanın müxtəlif alətlər vasitəsilə qurulması, elmin populyarlaşdırılması ilə bağlı işlərin daha da gücləndirilməsi, eləcə də mövcud problemlər ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

Elmi şuranın iclasında, həmçinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq, institutun nəzdində Dissertasiya Şurasının yaradılması, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransına hazırlıq işləri, institutun və əməkdaşlarının elmmetrik göstəriciləri və bir sıra digər mühüm məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: