Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.02.2023 14:00
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı ixtirasına görə patent alıb

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı ixtirasına görə patent alıb

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Planetlər və kiçik səma cisimləri şöbəsinin elmi işçisi f.r.ü.f.d., dosent Fazil İsmayılovun ixtirası patent alıb.

“Regional peyk təsvirləri əsasında atmosferin və Yer səthinin optik xarakteristikalarının təyini üsulu” adlı ixtiraya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzi tərəfindən İ20230003 nömrəli patent verilib.

İxtira, regional çoxkanallı peyk şəkillərinə görə aşağı atmosferin (troposfer və aşağı stratosfer) və Yer səthinin aerozol laylarının xüsusiyyətlərini qiymətləndirmək üçün istifadə edilə bilər. Bu ixtirada kosmik təsvirlərin emalında Qafqaz-Xəzər regionunun şəraitinə uyğun, müvafiq atmosfer korreksiyası üçün metod, alqoritm və kompüter proqramları təklif edilir.

Patent üzrə təklif olunan metoda görə regional peyk təsvirlərində minimal parlaqlığa malik obyektlər (su səthi, bitki örtüyü) üçün aerozol laylarının optik qalınlığının şaquli orta profilləri və orta optik qalınlığından kənarlaşmalar hesablanır. Atmosferin və Yerin səthinin Spektral Parlaqlıq Əmsalının (SPƏ) paylanmaları hesablanır, aerozol laylarının mikrostruktur parametrlərini bərpa etmək üçün atmosfer optikasının tərs məsələsi həll olunur. Atmosfer korreksiyası aparıldıqdan sonra Yerin səthinin SPƏ qiymətləri torpaq-bitki örtüyünün vegetasiya indekslərinin hesablanması üçün istifadə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: