Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Nizamişünas alim: Nizami Gəncəvinin milli mənşəyinin saxtalaşdırılması düşmənlərimizin növbəti təxribatıdır
15.03.2023 16:05
  • A-
  • A
  • A+

Nizamişünas alim: Nizami Gəncəvinin milli mənşəyinin saxtalaşdırılması düşmənlərimizin növbəti təxribatıdır

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənşəyinin saxtalaşdırılması düşmənlərimiz tərəfindən müstəqil dövlətimizə və xalqımıza qarşı yönəldilmiş növbəti təxribatlardan biridir.

Məsələnin mahiyyətini araşdırmaq üçün tarixə müraciət etməli oluruq. Bildiyimiz kimi, hələ XIX əsrdə Rusiya və İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə uyğun olaraq Azərbaycan Rusiya və İran arasında bölünmüş, Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə daxil edilmişdi.

Şimali Azərbaycanda sonuncu olaraq Dərbənd xanlığı Rusiyaya birləşdiriləndə, işğalçılar və onların erməni nökərləri belə hesab etdilər ki, artıq Azərbaycanda “türk məsələsi” həll olunur. Yəni Azərbaycan əhalisinin türk mənşəyinin saxtalaşdırılması sahəsində onların yeritdiyi məkrli siyasət baş tutmaq üzrədir. Lakin belə olmadı. Həm cənubda, həm də şimalda Azərbaycan xalqı müstəmləkə şəraitində də öz tarixini, mənsub olduğu türk dilini, mədəniyyətini, ədəbiyyatını yaşatdı.

Bu barədə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva söyləyib.

Zəhra Allahverdiyeva qeyd edib ki, Şimali Azərbaycanda XX əsrdə bolşeviklər hakimiyyətə gəldikdən sonra da həmin məkrli siyasət davam etdirildi. 20-ci illərin sonunda və 30-cu illərin ortalarında, ümumiyyətlə, Azərbaycanın taleyi təhlükə qarşısında idi. Nə idi bu təhlükə?

Ermənilərin təhriki ilə Qafqaz regionunun coğrafi-siyasi xəritəsinin dəyişdirilməsi, Şimali Azərbaycanın bir çox ərazilərinin ermənilərə verilməsi, ümumiyyətlə, Azərbaycan adının silinməsi fikri gündəmə gətirilirdi. Bu məkrli siyasətin ideoloqları olan alimlər, məsələn, tarixçi-şərqşünas alim İlya Petruşevski 30-cu illərdə, ümumiyyətlə, Şimali Azərbaycanın adının dəyişdirilərək, “Şərqi Zaqafqaziya” adlanması təklifini irəli sürürdü və bununla bağlı məqalələrlə çıxış edirdi. Bu siyasətin başqa bir ideoloqu Paxomov isə öz əsərlərində Cənubu Azərbaycanı İran adı altında təqdim etməyə başladı.

Oxşar proseslər Cənubi Azərbaycan xanlıqları İrana ilhaq olunandan sonra da başlanmışdı. Amma xalqın güclü müqaviməti işğalçıya imkan vermirdi. 1925-ci ildə türk-Qacarlar nəslinin sonuncu şahı Sultan Əhməd şahı devirərək hakimiyyətə gələn şovinist fars Pəhləvilər sülaləsinin banisi Rza şahdan sonra bu proses gücləndirildi. Məlumdur ki, Fars, yəni Persiya əslində İranın bir əyaləti idi. 1935-ci ildə Rza Şah İranı arilərin, yəni hind-irandilli tayfaların torpağı elan etdi və bu məqsədlə həmin ərazilərdə yaşayan türklərin, o cümlədən Azərbaycan türklərinin dillərinin saxtalaşdırılması həyata keçirilməyə başlandı. Bu proses onun oğlu Məhəmməd Rza şah dövründə də davam etdirildi. Azəri türklərinin dili üzərində aparılan saxtakarlıqlar, bu dilin guya fars mənşəyinə bağlı olması haqqında uydurulan yalanlar buna parlaq sübutdur.

Həmin dövrdən etibarən, Şərqin farsdilli poeziya nümayəndələrinin, eləcə də Azərbaycan şairi Nizami Gəncəvinin mənşəyinin saxtalaşdırılması işinə ciddi cəhdlər göstərildi. Halbuki buna qədər, hələ 1926-ci ildə görkəmli şərqşünas-alim Yuri Marr Tehranda səfərdə olarkən, məşhur İran alimi Səid Nəfisi onunla söhbətində belə söyləmişdir: “Farslar Nizamini başa düşmürlər, onun şeirləri farslara yaddır”.

Bəli, Nizami Gəncəvi öz türk mənşəyini əsərlərində açıq-aşkar söyləmişdir:

Mənim atam, atamın atası türk idi,

Fərzanəlikdə hər biri bir qurd idi.

Qeyd olunmalıdır ki, qədim Azərbaycanın mərkəz şəhərlərindən olan Gəncə əhalisinin türklərdən ibarət olduğunu bir çox mənbələr və tədqiqatçılar təsdiq etmişlər. Y.E. Bertelsin qeyd etdiyi kimi, VII əsrdə ərəblərin işğalından sonra da Qafqaz ərazisində idarəçilik aparatını islamı qəbul etmiş yerli türk bəyləri idarə edirdi.

Nizami Gəncəvinin babası Zəki Müəyyəd-din əslən Oğuz türklərinin Boz ox qolundan çıxmış adlı-sanlı bəyzadələr nəslindən idi. O, Gəncədə din xadimi və Səlcuqlar sarayına yaxın bir şəxs idi və “Müəyyəd-din”- (Dində Allah tərəfindən qüvvət verilən, saxlanılan) tituluna layiq görülmüşdü.

Şairin anası Azərbaycanda əsil-nəcabətli, zadəgan nəslindən olan bir türk qızı idi. Gəncədə dünyaya göz açmışdı.

Nizami Gəncəvinin dayısı, yəni anasının qardaşı Xacə Ömər Gəncə sarayına yaxın, yüksək nüfuza malik bir şəxs idi. O dövrdə “Xacə” titulu şah sarayının mühafizəçilərinin başçısına verilərdi. Məşhur Dehxoda lüğətinə görə, “sarayın rəisinə – Xacə deyilirdi.” Onu da qeyd etmək vacibdir ki, türk sultan saraylarının qaydalarına əsasən, saray rəisi- Xacə vəzifəsinə cəsurluqda və sədaqətdə ad çıxarmış türk bəyzadələri seçilirdi. Elə bu faktın özü onu təsdiq edir ki, Nizaminin anası əsil-nəcabətli türk qızı olub.

Nizami Gəncəvi öz adını “Üveys” adlandırıb. “Üveys” adında türklərin totemlə bağlı kökü və tamğa işarəsi vardır. Qədim ərəblər Oğuza - “Üveys”, yəni “Qurd balası” adını vermişlər. Qədim ərəb və fars lüğətlərində “Üveys” qurd adıdır.

Bu faktlardan göründüyü kimi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həm ata tərəfdən, həm də ana xətti ilə milli mənsubiyyəti türkdür. Şairin öz əsərlərində verdiyi məlumatlar buna parlaq sübutdur.

AzərTac

  • Paylaş: