Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qıpçaq abidəsi “Kodeks Kumanikus” haqqında ilk monoqrafiya işıq üzü görüb
24.03.2023 16:16
  • A-
  • A
  • A+

Qıpçaq abidəsi “Kodeks Kumanikus” haqqında ilk monoqrafiya işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin elmi işçisi, f.ü.f.d. İmanyar Quliyevin “Codex Cumanicus” və kuman dilinin leksikası” adlı monoqrafiyası çap olunub.

Monoqrafiya XIII-XIV əsrlərdə Krım bölgəsində italyanlar tərəfindən latın əlifbasında tərtib edilmiş “Kodeks Kumanikus” (Codex Cumanicus) lüğətinin kuman (qıpçaq) leksikasının tədqiqinə həsr edilib. O dövrün nadir və həcmli lüğətlərindən olan “Kodeks” qıpçaq türklərinin dili ilə yanaşı, mədəni və məişət həyatını öyrənmək üçün də xeyli qiymətli materialı ehtiva edir.

Kitabda “Kodeks”in dilində işlənmiş leksik vahidlər tarixi dilçilik prizmasından təhlil edilir, milli leksikanın nisbəti müəyyən edilir, alınma sözlərin qıpçaq dilinə keçdiyi dövrlərə və dilə gəlmə səbəblərinə toxunulur. Həmçinin “Kodeks”də kuman lüğətinin tematik bölgüsü verilir, dini leksika, dini məna yüklənmiş milli sözlər, kumanların məişət həyatında xəzərlərin izləri, qədim türk inanclarının dildə qalıqları kimi məsələlər tədqiqata cəlb edilir. Eyni zamanda kuman dilində söz yaradıcılığı müxtəlif aspektlərdən işıqlandırılır.

Ölkəmizdə bu sahədə ilk sistemli elmi araşdırma hesab edilən monoqrafiyanın elmi redaktorları f.e.d., prof. Nadir Məmmədli və f.e.d., prof. İsmayıl Kazımov, rəyçiləri f.e.d., dos. K.Bəşirov, f.e.d., dos. İ.Cəfərov,  f.ü.f.d., dos.  Z.Teymurlu və f.ü.f.d. N.Qafarovdur.

Monoqrafiya görkəmli türkoloq, mərhum professor Məmmədəli Novruzovun əziz xatirəsinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: