Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2023 16:58
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Nəriman İsmayılov “Herbiq Be tipli AS 310 ulduzunun fotometrik və spektral müşahidələri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda spesifik xassələrə malik HBe tipli AS 310 ulduzunun ŞAR-da yerinə yetirilmiş uzunmüddətli fotometrik və spektral müşahidələrinin nəticələrini şərh edib. O bildirib ki, 2016-2021-ci illər ərzində BVRİ zolaqlarında ulduzun parlaqlığının və rənglərinin dəyişməsi təhlil edilib. Göstərilib ki, ulduzun parlaqlığının dəyişmə amplitudu ildən-ilə hamar şəkildə dəyişir və maksimuma 2018-ci ildə çatır. Amplitudun maksimal dəyişməsi ΔV~0.6 mag olub. İlk dəfə göstərilib ki, ulduzun parlaqlığı azaldıqca rəngi qızarır, bu da parlaqlığın dəyişməsində tozun mühüm rol oynadığını göstərir. Statistik Furye analiz göstərib ki, istər ayrı-ayrı illər ərzində alınan nəticələr üzrə, istərsə də bütün müşahidə massivi əsasında dəyişmələrin periodik komponenti aşkar edilmir.

Məruzədə ŞAR-ın MUAGS+Andor kompleksində alınmış spektral materialın işlənmə metodikası geniş şərh olunur. Kiçik ayırdetməli spektral müşahidələr əsasında hidrogenin Hα və Hβ xətlərində ensiz şüalanma komponenti aşkar edilib. Şüalanma komponentləri zamana görə dəyişmələr göstərir. Bundan başqa spektrdə HeI 4026, 4387, 4417, 4922, 6678 Å, ulduzlararası mühit xətləri, [NII] λ6548 və 6584 Å şüalanma xətləri aşkarlanıb. Çox ehtimal ki, [NII] xətləri ulduzun yerləşdiyi əksetdirici dumanlıqda formalaşır.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: