Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

31.03.2023 09:54
  • A-
  • A
  • A+

Tariximizin qaranlıq məqamlarına işıq salan ədib

Tariximizin qaranlıq məqamlarına işıq salan ədib

 

Məmməd Səid Ordubadinin "Qanlı sənələr" əsəri milli faciələrimizin mahiyyətini anlatmaq baxımından ciddi önəm dıyır

Müstəqillik dövründə erməni-azərbaycanlı münasibətləri, soyqırım və milli ideologiya mövzusunda yazılmış əsərlər, aparılan müqayisələr ideoloji mahiyyət daşımaqla yanaşı, həm də dövrün elmi-tədqiqat səviyyəsində obyektiv mənzərəsini yaratmağa yönəldi, baş verənlərin tarixi faktlara əsaslanan elmi yanaşma ilə daha dərindən araşdırılmasına başlandı. Məmməd Səid Ordubadinin "Qanlı sənələr" romanı da bu baxımdan milli ideyaya malik təsirli, qüvvətli əsərlər sırasındadır. Əsər, həmçinin, ümummilli ideallara xidmət edən mübarizə ruhlu ədəbiyyatın layiqli nümunələrindən biri kimi Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur.

XX əsrin əvvəllərinin dövri mətbuatında Məmməd Səid Ordubadinin az qala hər gün, hətta bəzən bir gündə bir neçə məqaləsi, şeiri, ədəbi-tənqidi məqalələri, felyetonu çap olunurdu. O, "Molla Nəsrəddin" ədəbi məktəbində mükəmməl bədii publisistika məşqləri keçdiyindən onun nəsr əsərlərindəki publisistika əlamətləri bədiiliklə qaynayıb qarışırdı. Və beləliklə də, Məmməd Səid Ordubadi nəsrdə publisistikadan və ya tərsinə, publisistikada bədiilikdən istifadə etməyin qiymətli örnəklərini göstərmişdi. Ədibin "Qanlı sənələr" əsəri (1911) publisistikanın "dili" vasitəsilə tarixi prosesləri roman təfəkkürü səviyyəsində əks etdirməyin nümunəsidir.

Qeyd edək ki, görkəmli yazıçı və ictimai xadim Məmməd Səid Ordubadi çoxəsrlik tarixi və davamlı ənənələri olan Azərbaycan ədəbiyyatının nəhəng ədəbi simalarından biridir.

Keçmiş Sovetlər İttifaqının dövründə M.S.Ordubadi və digər Azərbaycanın böyük ədibləri haqqında araşdırmalar aparılarkən ədəbi və milli meyarlardan daha çox ideoloji tələblər ön plana çəkilirdi. Həmin dövrdə araşdırmalar zamanı orijinal yaradıcılığa malik olan elm və ədəbiyyat xadimlərinin, yazıçı, yaxud alimin sənətinin və ya elminin böyüklüyü, qüdrəti deyil, onların əsasən Şekspir, Qoqol, Belinski kimi görkəmli Qərb, yaxud rus ədəbiyyatı nümayəndələrindən təsirlənməsi, faydalanması diqqətə çatdırılırdı. Bu isə öz növbəsində Azərbaycan yazıçıları və alimlərinin yaradıcılıq özünəməxsusluğunun, bənzərsiz sənət aləminin arxa plana keçirilməsi, bəzən hətta kölgədə saxlanılması ilə nəticələnirdi. Halbuki elm və sənət adamlarının bir-birlərindən öyrənmələri, birinin digərinə istinad etməsi, qarşılıqlı təsir məsələləri ədəbi mühitin təbii bir prosesi sayılmalı, müqayisələr obyektiv aparılmalı idi.

Akademik İsa Həbibbəyli M.S.Ordubadi yaradıcılığı ilə digər ölkələrin böyük ədibləri arasında müqayisələr apararkən onun əsərlərinin ədəbi meyarlardan daha çox ieoloji mahiyyətini diqqətə çatdırırdı. O, görkəmli Azərbaycan yazıçısı M.S.Ordubadini bəzi cəhətlərinə görə dahi rus ədibi Lev Nikolayeviç Tolstoyla müqayisə edirdi. Akademik qeydlərində bildirirdi ki, "Fikrimizcə, görkəmli  Azərbaycan yazıçısı Məmməd Səid Ordubadini bəzi cəhətlərinə görə dahi rus ədibi Lev Nikolayeviç Tolstoyla müqayisə etmək olar. Bizə görə, Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatının Tolstoyudur". Lakin akademik İsa Həbibbəyli Məmməd Səid Ordubadinin Lev Tolstoyla müqayisəsində istinad etmək, təsirlənmək motivlərinin nəzərə çarpmadığını vurğulayaraq, müqayisədə aşağıdakıları nəzərdə tutduğunu belə diqqətə çatdırırdı: Böyük Lev Tolstoy rus ədəbiyyatının tarixində malik olduğu səviyyə etibarilə hansı yeri tutursa, Məmməd Səid Ordubadi də Azərbaycan ədəbiyyatında həmin mövqeyə sahibdir.

Ötən əsrin əvvəllərində sovet strukturlarındakı yüksək rütbəli erməni lobbisi 1905-ci ildən etibarən artıq söz və saxta sənəd əməlindən real işə keçərək xalqımıza qarşı soyqırımı həyata keçirməyi qərara almışdılar. Cənubi Qafqaz torpaqlarını yerli müsəlman xalqlarından təmizləyərək yerində "Böyük Ermənistan" yaratmaq xülyalarını reallaşdırmaq yolunda erməni millətçilərinin atdıqları ilk ən böyük addım da məhz 1905-ci ildə baş verdi. İki il ərzində tarixi Azərbaycan torpaqlarını bürüyən od-alov minlərlə azərbaycanlı ailəsinin faciəsinə səbəb oldu. Bu qanlı-qadalı illərdə Azərbaycanın elə bir nöqtəsi olmamışdı ki, erməni qəsbkarlarının fitnə-fəsadları, hiyləgər siyasətləri nəticəsində orada qanlar tökülməmiş, ocaqlar sönməmiş olsun.

Həmin dövrdəki toqquşmalarla əlaqədar xeyli sənəd və material toplanmasına baxmayaraq, Məmməd Səid Ordubadinin hadisələrin izi ilə yaratdığı "Qanlı sənələr" ("Qanlı illər") əsəri və bunun kimi digər əsərlər Sovetlər dövründə həm tədqiqatdan, həm də geniş oxucu auditoriyasından, demək olar ki, kənarda qalmışdı. Bunun səbəbini isə "Xalqlar dostluğu" prinsipi əsasında yeni təfəkkürlü cəmiyyətin yaradılması, xalqlar arasında gərgin münasibətlərin aradan qaldırılmasına təkan kimi əsaslandırırdılar. Lakin kinli ermənilər gizli şəkildə öz məkrli siyasətini davam etdirmiş, Azərbaycan xalqı isə sidq ürəkdən əsl dostluq və mehriban qonşuluq münasibətlərinin davam edəcəyinə inanmışdı.

Həmin dövrdəki ictimai-siyasi mühitin dərk olunmuş gerçək mahiyyətini dərindən öyrənmək baxımından hadisələrlə bağlı son illərdə müxtəlif sənəd və materiallar, yazılı mənbələr üzə çıxarılıb arxivlər açılsa da, qüdrətli Azərbaycan publisisti və yazıçısı M.S.Ordubadinin (1872-1950) 1908-ci ildə protokol dəqiqliyi ilə qələmə aldığı və yalnız 1911-ci ildə nəşr etdirə bildiyi "Qanlı sənələr" adlı əsəri xüsusi çəkiyə malikdir.  Həmin qanlı illərin salnaməsi olan bu əsərdə biz o dövrün real mənzərəsini görür, yazıçının onlara verdiyi düzgün qiymətin və gəldiyi doğru nəticələrin şahidi oluruq.

"Qanlı sənələr" əsəri Azərbaycan ədəbiyyatında ilk və mükəmməl publisistik romandır və həmin əsər Məmməd Səid Ordubadi tərəfindən "1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi" kimi təqdim edilir.

"Qanlı sənələr" əsəri müəllif tərəfindən o dövrdə çap olunan "İrşad" və "Tazə həyat" qəzetləri vasitəsilə xalqa etdiyi müraciətlərdən sonra aldığı 245 məktub və erməni vəhşiliklərinin ideoloqlarından olan Daşnaksütun partiyasının mənfur əməlləri haqqında dörd yüzdən artıq yazılı məlumat əsasında artırıb azaltmadan, qərəzsiz qələmə alınmış və özünəməxsus salnamə yaradılmışdı.

Yazıçı sözügedən əsər vasitəsilə insanların ictimai təfəkkür sərxoşluğunu aradan qaldırmaq, onları ayıltmaq məqsədi üçün yazıldığını diqqətə çatdırır. Müəllif kitabın ilk sətirlərində bildirir: "Mən çox fəxr edirəm ki, hər cür fitnəkar məqsədlərdən uzaq, hər növ şəxsi qərəzdən kənar olan məktublar alıb bu məcmuədə dərc etdim (Allah hamısından razı olsun). Ümidvaram, bitərəfanə yazılmış bu sadə və mükəmməl tarixinə müsəlman və ermənilərin hörmətli yazıçıları islah nəzəri ilə yanaşıb, saf ürək, pak qəlb, salim vicdanı ilə qəbul edib, onu başıuca edəcəklər. Əslində, mən yazıçı deyiləm. Fəqət, zərrənin dünyanı işıqlandıran günəşə olan nisbəti qəbilindən möhtərəm yazıçıların arxasınca sürünürəm. Bunu da bütün Qafqaz millətləri bilməlidir: mənim bu əsəri yazmaqdan məqsədim millətimizi məsuliyyətdən qurtarmaq, insanpərvər kimi tanıtmaq, həmçinin, erməni qonşuları məsul tutmaq, vəhşi və insaniyyətdən uzaq bir varlıq kimi nişan vermək də deyil. Bəs nədir? Mənim məqsədim müsəlman və ermənilərin iki il ərzində törətdikləri səhv və xətalarını söyləməkdir... Bəlkə onların və bizim bu xətalardan ötrü təəssüfə layiq bir halda gələcək qarşısında xəcalət çəkəcəyimizi deyib durmaqdır". Və bu fikirlərlə də yazıçı özünün qərəzsiz məramına əsərin son cümləsinə qədər sadiq qalır.

Erməni-müsəlman hadisələrinin səbəbləri barədə Qafqaz, Rusiya, Avropa və Amerika mətbuatında bir-birinə zidd məqalələr dərc olunduğundan bəhs edən Ordubadi "Qanlı sənələr" romanının yazılmasının dörd əsas səbəbini oxucuların nəzərinə aşağıdakı kimi çatdırırdı:

1. Daşnaksütun partiyasının dinc azərbaycanlılara qarşı Gəncə, Naxçıvan, Şuşa, Bakı, Cəbrayıl, Cavanşir və Zəngəzur uyezdlərində törətdiyi vəhşiliklər barədə, dinc sakinlərin qətlə yetirilməsi, gülləbaran edilməsinə dair çoxlu dəlil-sübut gətirilir.

2. Məhəlli hökumət məmurlarının müharibə zamanlarında etinasızlığı, ermənilərin terrorları qorxusundan bir tərəfi əldə saxlayıb, digər tərəfə növbənöv vicdansızlıqlar etməsi ilə izah olunur. Böyük Rusiya inqilabına görə mərkəzi hökumətin başı özünə qarışdığından xırda məmurlar özbaşınalığa üz qoyub erməni-müsəlman iğtişalarının sakitləşməsi üçün bir tədbirdə bulunmadılar.

3. Ordubadi müsəlmanların elmsizliyi, siyasətdən baş açmamaları, silahsızlığı və müasir işlərdən xəbərsiz olmalarını ön plana çəkir, haqlı olaraq belə bir nəticəyə gəlir ki, o vaxt müsəlman camaatı hazırlıq görüb ayıq tərpənsəydilər, erməniləri bir tənbehə uğratsaydılar, Qafqaz faciələrinə büsbütün son qoyular, müsəlmanların da təbii şücaət və rəşadəti onlara məlum olardı.

4. Ermənilərin qanlı əməllərinin səbəbini həm də onların avtonomiya - idarə muxtariyyəti həvəsində olmalarında görürdü.

M.S.Ordubadi XIX əsrin ikinci yarısında Türkiyədə baş vermiş Sasun, Zeytun və Van faciələrinin davamının Qafqaza, xüsusilə Azərbaycana ayaq açması prosesini izləyirdi. Ermənilərin Türkiyədə "münəzzəm bir Daşnaksütun partiyası təşkil və tənzim etdiklərini", onların liderlərinin öz fitnələrini həyata keçirmək üçün Amerika və Avropadan olan himayədarlarının da bu işdə az rol oynamadığını xüsusi vurğulayırdı. O qeyd edirdi ki, bunların banisi və göstəriş verəni erməni yazıçısı Arsruni idi. "Bu cənab Türkiyə şəraitinə baxıb, işin çətinə düşdüyünü görüb erməniləri Qafqaza daşımağı məsləhət görmüşdü".

Hadisələrə bu cür yanaşma erməni qələm əhlinin tarixən ara vurmaqla, xalqlar arasına nifaq salmaqla məşğul olduğuna daha bir nümunədir.

Məmməd Səid Ordubadinin "Qanlı sənələr" əsəri vasitəsilə biz erməni millətçilərinin öz məkrli hərəkət xəttini ardıcıl davam etdirdiyinin, fürsət düşdükcə yeni qəsbkarlıq planlarına əl atdığının şahidi oluruq. Ordubadi qeyd edir ki, 1905-1906-cı illərdə onların məqsədi "erməni və müsəlmanı müharibə səbəbinə bir-birindən ayırmaq niyyəti ilə Bakı quberniyasını və Gəncə quberniyasının aran yerlərini müsəlmanlara verib, İrəvan quberniyasını, Gəncə quberniyasının yaylaq və dağbasar ölkələrini ermənilərə verib, bunları da Qars sancağı ilə birləşdirib erməni səltənəti təşkil etmək idi... Hər təşəbbüsdən sonra Bakı faciəsinə girişdilər ki, Arsruninin vəsiyyətinə əməl edib, müsəlmanları təzyiqlə baba yurdlarından qovub yerlərində səltənət qursunlar".

Akademik Teymur Kərimli də "Hansı ilimiz qansız olub ki?.." başlıqlı məqaləsində də "Qanlı sənələr" əsəri vasitəsilə erməni xislətini bütün dövrlərdə həyasızlıq adlandıraraq əsərin hər iki əsr boyunca aktuallıq kəsb etdiyini oxucuların diqqətinə çatdırır.

"Qanlı illər" əsəri vasitəsilə biz öyrənirik ki, "küçələrdə qan tökən ermənilər ələ keçən əlsiz-ayaqsız müsəlmanları qırıb kəsməkdə idilər. Erməni vəhşilərinin bu qədər cəlladlıqlarına baxmayaraq, müsəlmanlar yenə də, erməniləri mühafizə edərək üç minə qədər erməninin qana qaltan olmasının qarşısını almışlar. Daşnaksütun döyüşçülərinin isə ən son zamankı hərbi silahla silahlandığının, müsəlmanların tüfənglərinin əksəriyyətinin ovçu tüfəngi olub, onların Nuh babasından yadigar qalmış antikvar silah olduğunun şahidi oluruq. Müharibə başlanan kimi erməni əsgərləri tüfəngləri ilə kazarmadan qaçaraq müsəlmanlara qarşı vuruşan ermənilərə köməyə gəlmişlər. Rus qoşunu ilə ermənilər birgə qəfil hücum edərək müsəlmanların tərəfinə mərmi atmağa və şrapnel tökməyə başlamışlar".

Ordubadi "Qanlı sənələr" əsərini yazmaqda əsas məqsədinin məzlumların maddi və mənəvi təsiri, müxbirlərinin milli qeyrət hissləri və ən əsası vicdan əzabı olduğunu diqqətə çatdırırdı. O, hadisələrin şərhindən əvvəl "Məqsədin ərzi" və "Məramın ifadəsi" başlıqlı tezislərində əsər barəsində öz fikirlərini belə əks etdirmişdi: "...iki millət arasında baş verən faciələri yazmaqla vətən övladlarına keçmiş müsibətlərdən bir ibrət yadigarı kimi bir parça vətən fəryadnaməsi vücuda gətirdim", - deyən müəllif bütün hadisələri obyektivliklə qələmə almaq məqsədi güddüyünü və həmin məqsədə nail olmaq üçün əlindən gələni əsirgəmədiyini göstərirdi: "Bütün Qafqaz millətlərinə, istər erməni, istər müsəlman, məlum ola ki, bu tarix hər cür şəxsi və milli qərəzdən uzaq olub hər nöqtədə üz vermiş faciə və hadisələri olduğu kimi yazıb oxuculara tam ehtiramla təqdim edəcəkdir".

Əsərinin oxucular tərəfindən "saf ürək, pak qəlb, səlim vicdanla" qəbul ediləcəyinə ümid bəslədiyini bildirən publisist bütün Qafqaz millətlərinə üz tutub deyirdi ki, "məqsədim müsəlman və ermənilərin iki il ərzində törətdikləri səhv və xətaları söyləməkdir... Bəlkə onların və bizim bu xətalardan ötrü təəssüfə layiq bir halda gələcək qarşısında xəcalət çəkəcəyimizi deyib durmaqdır. Burasını da oxucular düşünməlidir ki, mənim ümdə məqsədim müsəlmanların elmsizlik və anlamamazlıq səbəbindən bu bəlalara düşdüyünü deyib, ermənilərin də bir para yazıçıların xam xəyallarına qurban olduqlarını onlara bildirməkdir".

Böyük sənətkarımız əsrin əvvəllərindəki faciələrin tarixçəsini yaradarkən hələ də sadəlövhcəsinə ümid bəsləyirdi ki, "hər iki millət öz səhv və xətalarını düşünmək üçün hörmətli erməni yazıçıları bu bitərəfanə olan əsəri rus, yainki erməni dilinə tərcümə edib vətən övladlarına bir intibah gül dəstəsi olaraq əmanət qoyacaqlar. Bu yol ilə əsrlərində belə cinayətlərə meydan verəcək bir para kimsələr olarsa qarşısını almağa çalışacaqlar".

Xalqımızın tarixində yaşanan faciəli dövrün yanğılı-acılı təsvirini və təhlilini verən "Qanlı sənələr" əsəri yazıldığı tarixdən üç il sonra, yəni 1911-ci ildə Bakı kapitalisti Murtuza Muxtarovun maddi dəstəyi ilə Haşım bəy Vəzirovun "Səda" mətbəəsində böyük çətinliklər hesabına çap olundu. Uzun illər arxivlərdə toxunulmazlıq qrifi altında saxlandıqdan sonra nəhayət ki, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov tərəfindən ilk dəfə olaraq 1988-ci ildə ərəb əlifbasından müasir əlifbaya çevrildi və sadələşdirilərək çapa hazırlandı. Əsər eyni çətinliklə, demək olar ki, üç ildən sonra - 1991-ci ildə yazıçı Sabir Rüstəmxanlının vasitəçiliyi ilə o dövrün Qarabağa Xalq Yardımı Komitəsi tərəfindən kütləvi tirajla nəşr olundu. Kitab həm ölkəmizdə, həm də xaricdə böyük maraq doğurdu və 1905-1906-cı il hadisələri ilə bağlı həm kütləvi, həm də elmi ədəbiyyatda ən çox istinad edilən mötəbər mənbələrdən biri oldu.

Tofiq Rüstəmov sözügedən əsər barəsində "Qanlı illərin salnaməsi" adlı məqaləsində qeyd edirdi ki, Respublika Əlyazmalar İnstitutunun fondunda, M.S.Ordubadinin arxivində "Qanlı sənələr" romanının 20-ci illərdə "partiya təmizlənməsindən" keçmiş nüsxəsindən istifadə etdiyimi yaxşı xatırlayıram. O vaxtacan müvafiq ədəbiyyatdan yalnız Kommunist Partiyası üzvlərinin süzgəcdən keçirildiyini, saf-çürük edildiyini bilirdim. Bu əsərin üzərindəki möhürdə "partiya təmizlənməsindən keçmişdir" sözlərini oxuyandan sonra anladım ki, şübhə doğuran əsərlər də belə "təmizlənməyə" məruz qalırmış.

Sovetlər dövründə "Qanlı sənələr" əsərinin kiril əlifbası ilə çap edilib oxuculara çatdırılması ilə böyük ədibi nəinki dünya miqyasına çıxarmaq, heç Azərbaycanda da layiq olduğu səviyyədə tanıtmaq mümkün deyildi. Azərbaycan müstəqilliyini elan etdikdən sonra, əsər 1991-ci il nəşri əsasında Azərbaycan dilindən başqa rus, ingilis, türk və fars dillərinə də tərcümə olunaraq çap edildi. Və bu da öz növbəsində mövcud soyqırım hadisələri haqqında təsəvvürlərin daha da geniş miqyas alması ilə nəticələndi.

Məmməd Səid Ordubadinin "Qanlı sənələr" romanı mübarizə ruhlu Azərbaycan xalqının çoxəsrlik tarixinin və keşməkeşli taleyinin ədəbiyyatı olaraq ümummilli mənafelərin ədəbi yaddaşda həkk olunması ilə yanaşı, həm də gələcəyə işıq salmaq missiyasına xidmətin ifadəsidir. Tarix təkrarlanır və bizim millət olaraq öz sərhədlərimiz daxilində digər xalqların nümayəndələrinə layiq olduqlarından artıq dəyər verməyimiz, tezunutqanlılığımız, başımıza bu kimi faciəvi hadisələrin gəlməsi millətimizin mənəvi ruhuna çox pis təsir edir və tarixi, siyasi əsərlərin yazılması labüdlüyünü ortaya qoydu.

İki il sürən erməni-müsəlman münaqişəsi ilə son dövrlər ermənilərin törətdikləri faciələri müqayisə edərkən bir tərəfdən eyni qəsbkarlıq strategiyasının, eyni cinayətkar metodların, eyni fitnəkar hərəkətlərin, hiyləgərliyin, ikiüzlülüyün, hərisliyin, digər tərəfdən isə xalqımızın, ordumuzun misilsiz qəhrəmanlıq nümunələrinin, yüksək insanpərvərliyin şahidi oluruq.

M.S.Ordubadinin "Qanlı sənələr" romanında da, faktlar əsasında qeyd edildiyi kimi, erməni-müsəlman davasının başlanğıcı 1905-ci il noyabr ayının 8-də daşnaksütunların müsəlmanları müharibəyə çağırmaq üçün Bəhmənli kənd sakinlərini təqsirsiz və günahsız öldürmələri səbəbilə yaranmışdı. Və beləliklə də, hələ XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman müharibəsi öz gərginliyini bütöv bir əsrə yaxın davam etdirmişdi. XX əsrin sonlarında işğal edilmiş torpaqlarımız 44 günlük hərbi əməliyyatlar nəticəsində şanlı Azərbaycan Ordusu tərəfindən düşmənlərdən azad edilərək, 2020-ci ilin məhz 8 noyabrı Zəfər Günü kimi Azərbaycanın unudulmaz tarixində əbədiyyən yaddaşlara həkk edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər günü kimi təntənəli şəkildə qeyd edilir.

Prezident İlham Əliyevin "Görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin anadan olmasının 140 illiyi haqqında" 10 aprel 2012-ci il tarixli Sərəncamı, həmçinin, 2022-ci ildə Ordubadinin 150 illik yubileyi münasibətilə respublikanın müxtəlif yerlərində silsilə tədbirlərin keçirilməsi şair, dramaturq, publisist və ictimai xadimin tariximizdəki mövqeyini daha da möhkəmləndirmək və onun yaradıcılığının daha geniş miqyasda təqdim etməyin bariz nümunəsidir.

Samirə KƏRİMOVA, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi

“525-ci qəzet”

  • Paylaş: