Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” kitabı işıq üzü görüb
31.03.2023 10:12
  • A-
  • A
  • A+

“Qarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” kitabı işıq üzü görüb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidinin rus dilində “Qarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” kitabı işıq üzü görüb.

Bu nəşr 1917-1920-ci illərdə baş vermiş qanlı hadisələrə həsr olunmuş “Azərbaycan hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” seriyasından növbəti sənədlər toplusudur və Azərbaycanın Qarabağ bölgəsində, Gəncə quberniyasının Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzasında törədilən qətliamları əhatə edir.

Topluya daxil edilən sənədlər 1918-ci ilin iyulunda Azərbaycan hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası tərəfindən Birinci Dünya müharibəsinin başlanğıcından bütün Zaqafqaziya ərazisində müsəlman əhaliyə və onların əmlakına qarşı həyata keçirilən zorakılıq, soyqırım və talan faktlarını araşdırmaq üçün toplanıb tərtib edilmişdir. Bu topluda Fövqəladə Təhqiqat Komissiyasının “Gəncə quberniyasının Cəbrayıl qəzasının müsəlman kəndlərinin dağıdılması və ermənilərin onların sakinlərinə qarşı zorakılıqları haqqında”, “Cavanşir qəzasının Kalaki kənd cəmiyyətinin 12 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılması haqqında”, “Şuşa qəzasının müsəlman kəndlərinin ermənilər tərəfindən dağıdılması haqqında” və “Gəncə quberniyasının Zəngəzur qəzasına silahlı hücum və kəndlərinin dağıdılması haqqında” kimi materialları yer alıb. Sənədlər 1918-1919-cu illərdə Gəncə quberniyasının göstərilən qəzalarında Andranikin rəhbərliyi altında erməni quldur dəstələrinin törətdiyi faciəli hadisələri nəzərdən keçirməyə imkan verir. Həmin hadisələrdə minlərlə dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib, yüzlərlə kənd, evlər, məscidlər, mülki obyektlər dağıdılıb, yandırılıb, azərbaycanlılara məxsus əmlak talan edilib. Toplunun dörd bölməsində yer alan sadalanan qəzaların sakinlərinin ifadələri müsəlman qırğınlarının xronologiyasını yaratmaq, zərərçəkənlərin dəqiq sayını, qətlə yetirilənlərin cinsini, yaşını, adlarını, dəymiş ziyanın həcmini, dağıdılmış və viran qalmış kəndlərin adlarını və s.-ni müəyyən etməyə imkan verir. Erməni birləşmələrinin cinayət əməllərini təfərrüatı ilə ifşa edən sənədlər sübut edir ki, Qarabağ və Zəngəzur hadisələri erməni millətçilərinin irihəcmli əməliyyatlarının və planlarının tərkib hissəsi olmaqla, bölgədə müsəlman əhalini azaltmaqla bu əraziləri Ermənistana birləşdirmək məqsədi güdürdü. Topluya həmçinin məsələnin tarixinə dair elmi oçerk, ətraflı yardımçı informasiya aparatı və fotoşəkillər daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: